25 Dekabr 2022 09:49
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda 1990-cı il təvəllüdlü Pərvin münaqişə zamanı tanışı Elvara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2 avqust 2021-ci ildə saat 19 radələrində Bərdə rayonu Böyük Göyüşlü kəndində baş verib.

Elvara məxsus xırda buynuzlu heyvanların saxlandığı fermada Pərvinlə Elvarın aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Elvar Pərvinə yüngül xəsarət yetirib.

Pərvin mətbəx bıçağı ilə Elvarın qarınının sol yan nahiyəsindən bir dəfə vuraraq ona ağır dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Göygöl rayonu Çaykənd kəndindəndir, müvəqqəti olaraq işilə əlaqədar Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır: “2021-ci ilin mayından Cahangirin fermasında çoban işləmişəm. İşə başlayandan sonra həmin fermada Elvar zootexnik qismində işləməyə başladı. O, həmçinin fermanın sahibi Cahangirlə şərik oldu. Mənim Elvarla heç bir düşmənçiliyim və ya ədavətim olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 22-də, günorta saatlarında fermada çoban işləyən dayısı Babəklə nahar edərkən araq içiblər: “Sonra fermada öz işimin başına qayıtdım. Saat 19 radələrində Elvarla qoyunları saydım. Qoyunlara ot verəndə tövləyə qapıdan Elvar mənə ot preslərini necə qoymaq lazım olduğunu bildird. Ona gündəlik işimi mənə öyrətməməyi dedim. Bu zaman Elvar mənə ”başını sal aşağı, işini gör” dedi. Mən də Elvarın üstünə gedərək danışığına fikir verməsini dedim. Elvar ünvanma nalayiq ifadələr işlətdi. Ona yaxınlaşanda sağ əlilə sifət nahiyəmdən vurdu”.

Pərvin bildirib ki, bundan sonra Elvar onu söyərək baş nahiyəsindən vurub: “Orada olanlar bizi aralamağa başladılar. Elvarın məni söyüb döyməsinə əsəbləşdim. Fermanın anbarından uzun dəmir parçası və bıçaq götürdüm, yenidən tövləyə gəldim. Əvvəlcə dəmir parçası ilə Elvarı vurmaq istədim, amma vura bilmədim.

Elvar əlləri ilə belimdən tutdu və məni dəmir hasara sıxdı. Dəmir parçası əlimdən yerə düşdü. Dalaşmağa başladıq. Orada olan bacanağım Xalid və dayım Vahid bizi aralamağa çalışdılar. Dalaşanda bıçaqla Elvarın qarın nahiyəsindən vurdum. Elvar qarın nahiyəsini tutaraq tövlədən çıxdı. Mən isə tövlədə bıçağı kənara atdım və onun arxası ilə getdim. Elvar mənə nalayiq ifadələr işlətdi”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, himayəsində 5 azyaşlı uşaq olduğunu deyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Pərvinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov