26 Dekabr 2022 16:58
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 12 il əvvəl qətl törətməkdə təqsirli bilinən Telman Məcidovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Telman Məcidova cəza təyin olunmayıb və o, azadlığa buraxılıb. Buna səbəb cinayət hadisəsinin törədilməsində 12 ildən çox vaxt keçməsi olub.

Telman Məcidovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Ittihama görə, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.

Bu iş üzrə həmin il istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını başa vurandan sonra noyabrın 18-də qisas almaq məqsədilə sonuncu ilə görüşüb, mübahisə zamanı dəmir çəliklə onun baş nahiyəsinə zərbə vurub. Xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Telman Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər