Bakının Qaradağ rayonunda 1985-ci il təvəllüdlü Eldar cinsi azlıq nümayəndəsi, 1994-cü il təvəllüdlü Xəyalı (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Eldar 2021-ci ilin iyul ayının ortalarında, istintaqa dəqiq məlum olmayan gündə, gecə saat 2 radələrində idarə etdiyi “Lexus İS 300” markalı avtomobillə Yasamal rayonu, Moskva prospekti ilə "20 Yanvar" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış “Kia Rio” markal avtomobilə yaxınlaşıb. Həmin avtomobilin sükanı arxasında əyləşmiş “Luma” ləqəbli qadın libasında olan cinsi azlıq nümayəndəsi Xəyalla 100 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıb. Onu öz maşınına dəvət edib.
Onlar birlikdə "Gənclik" metrosunun yanında yerləşən “McDonald’s” adlı restoran istiqamətində gediblər.
Bu zaman Xəyal avtomobildə ikisinin birlikdə videogörüntüsünü mobil telefonu ilə qeydə alıb. Bakı şəhəri ərazisində birlikdə vaxt keçirdikdən sonra Eldar Xəyala 100 manat ödəyib və onu tanış olduqları ərazidə düşürüb.
Eldar cinsi azlıq nümayəndəsində özünün videogörüntüsünün olmasından narahatlıq keçirməyə başlayıb. O, həmin videogörüntünü silib-silməməsi ilə maraqlanmaq məqsədilə 13 avqust 2021-ci ildə "20 Yanvar" metrostansiyasının yaxınlığında yenidən görüşüb, Xəyaldan mobil nömrəsini alıb.
Sinəböyütmə əməliyyatını boynyna götürüb
Daha sonra Eldar Xəyalla 13 avqust 2021-ci ildən 18 avqust 2021-ci ildək vatsapla mütəmadi əlaqə saxlayıb. Onunla müxtəlif ünvanlarda görüşüb, videogörüntünün silinib-silinməməsinə əmin olmaq üçün Xəyalı özünə inandırmaq, aralarında etibarlı münasibət qurmaq məqsədilə onun kart hesabına, hər görüşlərində birbaşa olmaqla müxtəlif məbləğlərdə pullar verib.
Daha sonar Eldar Xəyalın cinsi azlıq nümayəndəsi kimi planlaşdırdığı sinə böyütmə əməliyyatının xərclərini də öz üzərinə götürüb. Avqustun 16-da idarə etdiyi həmin avtomobillə Xəyalı Gəncə şəhərinə aparıb. Amma yenə də videonu sildirə bilməyib.
Avqustun 17-də Eldar istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçağı avtomobildə gizlədib. Həmin gün saat 22 radələrində idarə etdiyi “Lexus İS 300” markalı avtomobillə Xəyalı kirayə yaşadığı Xırdalan şəhərində, yolun kənarından götürüb, istirahət gəzintisi adı ilə Xaçmaz şəhəri istiqamətində aparıb.
Yarımçıq tikilidə qətl
Lakin həmin yolda törətmək istədiyi cinayətə uyğun şəraitin olmadığı qənaətinə gəlib. Avqustun 18-ə keçən gecə Xaçmaz şəhərindən bəhanə gətirib və Bakı şəhəri istiqamətində geri dönüş edib. Səhər saat 05-06 radələrində Qaradağ rayonu, Müşviqabad qəsəbəsinin ərazisindən keçib və maşını Puta qəsəbəsi ərazisində Lökbatan-Qızıldaş avtomobil yolununun Lökbatan istiqamətində sağ kənarında yaşayış olmayan yarımçıq tikilinin həyətinə sürüb.
Eldar avtomobilində olan bıçağı paltarları arasında gizlədib və Xəyalla birlikdə avtomobildən düşüb. Yenidən həmin videogörüntünü silib-silməməsi ilə bağlı mübahisə edib.
Eldar Xəyalın çantasından mobil telefonunu götürməyə çalışıb. Bununla əlaqədar aralarında yaranmış qarşılıqlı dartışma zamanı Xəyal mobil telefonu ona verməyib. Münaqişə zamanı Eldar Xəyala 9 bıçaq zərbəsi vurub. Xəyal aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“100 manata görüşdüklərini dedi”
Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ilin iyulun ortalarında Bakı şəhərində olarkən "20 Yanvar" dairəsinin ətrafında “Kia Rio” markalı avtomobildə iki nəfər qızın oturduğunu görüb:
“Həmin vaxt xanım zənn etdiyim şəxslərə yaxınlaşdım və tanış olmaq istədiyimi bildirdim. İdarə etdiyim “Lexus” markalı avtomobilimdən düşmədim. Maşını sonradan ləqəbinin “Luma” oludğunu bildiyim şəxsin idarə etdiyi avtomobilin yanında saxladım. Luma qara saçlı, yanındakı qız isə sarı saçlı idi.
Mənimlə ilkin olaraq sarı saçlı qız söhbət edirdi. O mənə tanış ola biləcəklərini, amma 100 manat müqabilində görüşdüklərini dedi”.
“Fikir söyləmədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra xanım zənn etdiyi şəxslərə xəbər edəcəyini bildirib: “Avtomobilimi bir az qarşıya verdim. Əvvəldən tanıdığım başqa qızlara zəng etdim. Təxminən gecə saat 2 radələri idi.
Başqa qızla görüşə bilmədiyim üçün yenidən həmin “Kia Rio” markalı avtomobilə işarə etdim. Xanım zənn etdiyim qara saçlı ilə görüşmək istədiyimi bildirdim. Sarı saçlı qız başqa avtomobilə tərəf getdi. Qaraç saçı mənim avtomobilimdə oturdu. Yemək almaq istədiyim üçün maşını "Gənclik" metrosu yaxınlığında yerləşən “McDonald’s” restoranı istiqamətinə sürdüm. Yolda avtomobilimdə olan şəxsin adının Luma olduğunu bildim. Özümü Eldar olaraq təqdim etdim.
Luma mənə adımın uzun olduğunu, telefonuna adımın baş hərifini qeyd edəcəyini bildirdi. Mən isə cavabda hər hansı fikir söyləmədim”.
“Videogörüntümü yayacağını bildirdi”
Eldarın ifadəsinə görə, yolda olarkən avtomobilində xarici musiqi qoşub, Luma maşında musiqinin səsini artıraraq əlində telefon mahnıya uyğun hərəkətlər edib: “Bu zaman video və şəkil çəkməyə başladı. Videonu çəkərkən məni də kadrlara daxil etdi. Ona evli oludğuğumu dedim və video çəkməməyi tapşırdım. O da mənimlə razılaşaraq daha video çəkmədi.
Restorana çatdıqda maşından düşdüm. Lumadan nə yemək istədiyini soruşdum, bu zaman kişi səsi ilə cavab verdikdə onun cinsi azlıq nümayəndəsi olduğunu başa düşdüm. Lumadan maşından düşüb getməyi xahiş etdim. O isə etiraz etməyə başladı, polisə şikayət edəcəyini, videogörüntümü yayacağını bildirdi”.
“Videogörüntümün yayılmasından narahat oldum”
Təqsirləndirilən şəxs deyib ki, Luma ona 100 manatı verməli və "20 Yanvar" dairəsi yaxınlığında onu düşürməli olduğunu söyləyib: “Problem yaranmaması üçün Lumanı dediyi yerdə düşürdüm. Həmçinin ona 100 manat pul verdim.
Bundan sonra qaldığım mehmanxanaya qayıtdım. Orada fikirləşdim və videomun yayılmasından narahat oldum. Rusiya Federasiyasında kriminal aləmdə hörmətimin olmasından, eləcə də bir cinsi azlıq nümayəndəsi ilə videogörüntümün yayılmasından təşviş keçirdim.
İnternetdə Luma haqqında axtarış apardım. Həmin vaxt təzəlikcə Lumanın internetdə gəlinlik paltarında videogörüntüsü yayılmışdı. Qeyd olunan videogörüntüdəki şərhlərə baxdıqda Lumanın Ağdam rayonundan olduğunu öyrəndim.
Bundan sonra isə bütün tanıdığım şəxslərə "Luma” adlı cinsi azlıq nümayəndəsini axtardığımı bildirdim. Özüm də onu axtarmağa davam etdim”.
Eldar qeyd edib ki, 12 avqust 2021-ci ildə arvadı ilə övladını Türkiyə Cumhuriyyətinə yola salaraq Bakı şəhərində tək qalıb: “Avqustun 13-ə keçən gecə saat təxminən 2 radələrində Lumanı tapmaq üçün "20 Yanvar" dairəsinə getdim.
Həmin tarixə qədər də 2-3 dəfə "20 Yanvar" dairəsində onu axtarmışdım, amma tapmamışdım. Həmin gecə Lumanı avtomobilində gördüm. Yaxınlaşaraq ondan əlaqə nömrəsini istədim. Luma mənə vatsapda istifadə etdiyi mobil telefon nömrəsini verdi”.
“Məndən pul istəməyə başladı”
Təqsirləndirilən şəxs bildirib ki, avqustun 13-dən 18-dək olan müddət ərzində Luma ilə vatsap vasitəsilə mütəmadi əlaqə saxlayıb: “Onu öldürmək niyyətim yox idi. Lumaya videogörüntümü silməyini bildirdim. Luma isə videogörüntümü silmədiyini dedi və məndən pul istəməyə başladı.
Lumanın məndən istədiyi 300 manat məbləğində pulu onun bank hesabına köçürdüm. Buna baxmayaraq videogörüntümü silmədi. Luma ilə 2-3 gün bu formada danışdım. Yenə məni şantaj etməyə davam etdi. Problem yaranmaması üçün onunla mülayim danışırdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Luma ondan ayrı-ayrı günlərdə 200 və 100 manat pul istəyib: “Həmin məbləğləri Lumanın kart hesabına göndərdim. Luma mənə plastik sinə böyütmə əməliyyatı etdirmək istədiyini bildirdi. Pulları da həmin məqsədlə aldığını dedi”.
“Arxa oturacaqda yatdım”
Eldarın ifadəsinə görə, avqustun 16-da axşam saatlarında Luma ilə görüşüb və Gəncə şəhəri istiqamətində gedib: “Gəncədə oturmağa yer tapmadıq. Yolda olarkən avtomobilimi özüm idarə edirdim. Göygöl rayonunda birlikdə 1-2 saat gəzdik. Bundan sonra Bakı şəhərinə qayıtdıq.
Qayıdanda yorğun olduğumdan avtomobili idarə etmək üçün Lumaya verdim. Özüm avtomobilin arxa oturacaqlarında uzanaraq yatdım. Bakı şəhərində Lumaya əlbəəl 400 manat məbləğində pul verdim. Lakin o, yenə videogörüntümü silmədi”.
“Cinsini dəyişmək istədiyini bildirdi”
Eldar qeyd edib ki, avqustun 17-də, saat təxminən 21-22 radələrində yenə Luma ilə danışıb: “Görüşərək Xaçmaz rayonuna getdik. Həmin görüşdən əvvəl Luma gözümün qabağında videogörüntünü siləcəyinə vəd verdi. Bu səbəbdən onu Xırdalan şəhərindən götürdüm və Xaçmaz rayonuna getdik. Orada bir-iki nəfər yadımda qalmayan şəxslə maşın almaq üçün görüşdüm. Lakin razılaşma əldə olunmadı. Görüş zamanıLuma maşında oturmuşdu.
Bundan sonra birlikdə Bakı şəhəri istiqamətində geri qayıtdıq. Yolda Lumadan videogörüntünü silməyi xahiş etdim. O, yenə məndən pul istədi. Luma həkimlə danışdığını və 1-2 gün içində sinəböyütmə əməliyyatı etdirəcəyini dedi. Həmin vaxt cibimdə 2000 manat pul vardı.
Luma videogörüntünü silsəydi, həmin pulu ona verəcəkdim. Luma cinsini də dəyişmək istədiyini, bu səbəbdən əlavə 10.000 manat pul lazım olduğunu bildirdi. Artıq bundan əsəbiləşdim, videogörüntünü sildirə bilməyəcəyimi başa düşdüm”.
“Fikirləşməyə başladım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Qobu qəsəbəsi istiqamətində olarkən yol kənarında yarımtikili olduğunu görüb: “Avtomobili həmin istiqamətə sürdüm. Avtomobilindən düşdüm və daşın üzərində oturaraq fikirləşməyə başladım. Luma da ardımca avtomobildən düşdü və yanıma gəldi. Ona yenə 2000 manat pul verə biləcəyimi dedim.
Luma mənə 2000 manat məbləğində puldan sonra 10000 manat da verəcəyim təqdirdə videogörüntünü yaymayacağını söylədi. Bu zaman aramızda mübahisə yarandı”.
“Bel və kürək nahiyələrinə zərbələr vurdum”
Eldarın ifadəsinə görə, avqustun 18-də saat 6 radələrində aralarında mübahisə başlayıb və Luma söyüşlə danışıb: “Mübahisə zəminində Lumanın videogörüntünü silməyəcəyini, məni şantaj edərək pul istəməyə davam edəcəyini artıq başa düşdüyümdən onu öldürmək qərarına gəldim.
Bu vaxt Luma üstümə gəldi, üzümə şillə vurdu. Hətta üzümdə nazik cızıq da yarandı. Onun aşağı nahiyəsinə təpik vurdum. Luma məndən boyca hündür idi. Zərbədən ikiqat əyildi. Lumanın telefonunu ələ keçirmək üçün çantasını götürmək istədim. Bu zaman bel nahiyəmə təpik zərbəsi vurdu. Zərbədən yerə yıxıldım.
Həmin vaxt Luma aşağı nahiyəsindən dəymiş zərbəyə görə çökmüş vəziyyətdə idi. Bu vəziyyətdə də üzərində olan çantadan bıçaq çıxardı. Təkrar hücum edəndə artıq bıçaq açıq vəziyyətdə idi. Lumanın əlini burdum və bıçağı əlindən aldım. Luma dartdığından təkrar yerə yıxıldı. Ələ keçirdiyim bıçaqla Lumanın bel və kürək nahiyələrinə dayanmadan çox sayda zərbələr vurdum. Sonda Luma tam yerə yıxıldığını gördüm və hərəkətlərimi dayandırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra hadisə yerindən uzaqlaşıb: “Hadisə yerinə qayıdıb Lumanın əşyaları yandırdım. Mobil telefonunu isə dənizə atdım. Özüm də mehmanxanaya qayıtdım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Eldar apellyasiya şikayəti verib. O, şikayətində barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməklə, cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.