Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə zərərçəkmiş Maliyyə Nazirliyinin nümayəndəsi də iştirak edib.
Hakim nümayəndəyə deyib ki, tərkibdə olan hakimlərdən biri Məhəmməd Əkbərov təqaüdə yollanıb, bu səbəbdən yeni tərkib formalaşdırılıb. O, bildirib ki, nümayəndə yeni hakim tərkibi formalaşdırılandan sonra ilk dəfədir prosesdə iştirak edir. Maliyyə Nazirliyinin nümayəndəsi yeni tərkibə etiraz etməyib.
Nümayəndə vurulan ziyanın ödənilməsi ilə bağlı məbləğlə maraqlanıb. Hakim bildirib ki, mənimsəmə faktı ilə bağlı Səlim Müslümov 4 milyon manat ziyanı könüllü ödəyib.
Daha sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərin fikirləri ilə maraqlanıb.
Səlim Müslümovun vəkillərindın biri prosesdə iştirak etmir. Buna görə də prosesdə çıxış edən vəkil prosesin təxirə salınmasını istəyib, müdafiəçiləri ilə birlikdə məsləhətləşmələr aparacaqlarını deyib.
Növbəti proses oktyabrın 18-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.