12 Fevral 11:57
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmədə çıxış edən Ruzan Cabbarova deyib ki, bu ailə öz imkanlarından yararlanıb, onu məhv etməyə çalışır. Cəzasını ağırlaşdırmaqdan ötrü, ümumiyyətlə, mövcud olmayan, oğurlamadığı qızıl-bəzək əşyalarını da onun boynuna qoyurlar.

Ruzan Cabbarova Qədimbəylilərin evindən oğurluq elədiyini təsdiqləsə də, oğurlanan əşyaların sayca çox şişirdildiyini söyləyib: “Şeytana uydum, nəfsimə hakim ola bilmədim, o evdən bir neçə dəfə telefon, xırda zinət əşyası saat götürdüm. Götürdüklərimin hamısını qaytarmışam. Ancaq imkanlı bir ailə qisas məqsədi ilə məni məhv edir, götürmədiyim qızılları da mənim boynuma qoyur. Məqsəd ziyanın məbləğini çox göstərib, daha ağır maddə ilə məni uzun müddət həbsdə saxlamaqdır”.

Ruzan Cabbarova vurğulayıb ki, öncə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ona ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. İstintaqın sonunda ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsinə tövsif olunub. Bu maddədə isə cəza müddəti 10 ildən 14 ilədəkdir.

Ziyanın məbləği 500 min manatdan çox olanda xüsusilə külli miqdar sayılır.

“Həmin ailənin əlində oyuncağa çevrilən müstəntiq göstərilən təzyiqilə mənim ittihamımı ağırlaşdırdı. Onların yazdığı qızılları götürsəydim, daha artıq həbsdə qalmamaq üçün qaytarardım. Mənim 4 övladım var, ən kiçiyi 11 yaşındadır. Məsələ burasındadır ki, o qızılları mən götürməmişəm. O qızıllar oğurlanıb satılsaydı, ya da başqa yerdə saxlansaydı, istintaq onu tapardı”, - Ruzan Cabbarova son sözündə deyib.

Ruzan Cabbarova Orxan Qədimbəylinin evində xadimə işləyib.

İttihama görə, cinayət hadisəsi də həmin dövrdə baş verib. Təqsirləndirilən şəxs bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar da oğurlanıb.

Məhkəmədə Ruzan Cabbarova özünü qismən təqsirli bilib. O deyib ki, oğurladıqlarını geri qaytarıb.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqislri bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.


Müəllif: Hacı Zeynalov