11 Mart 2015 20:21
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə şirkətin pulunu xərcləyən şəxsin cəzasını yüngülləşdirdi

Şirvan Apelyasiya Məhkəməsində mənimsəmə və israfçılıqda təqsirli bilinən şirkət əməkdaşı Şəhriyar Əsədullayevin məhkəmə prosesi başa çatıb.

İttihama görə, Şəhriyar Əsədullayev 2013-cü ilin may ayından həmin il dekabrın 2-dək olan müddətdə "Delta Qrup C.O." Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan bölgəsi üzrə satış təmsilçisi işləyib. O, həmin şirkətlə bağlanmış müqaviləyə əsasən ticarət obyektlərindən sifarişləri qəbul edib. Şirvan satış bölgəsinə MMC-nin verdiyi uyğun sifarişlər əsasında həmin şəhərdə yerləşən anbardan sürücü Elnur Hüseynovun vasitəsi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.

Ş.Əsədullayev malları satış üçün Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonları ərazilərində fəaliyyət göstərən ticarət obyektlərinə təhvil verib. O, səlahiyyətlərinə uyğun olaraq həmin obyektlərdən ərzaq məhsullarının satışından 85711 manat məbləğində pulu yığmalı olub. Pulun yarısını şirkətin xəzinəsinə təhvil verib, yerdə qalan 40396 manatı özündə saxlayıb.

Cinayət işində şirkətin digər əməkdaşı Elnur Hüseynovun da adı hallanıb, amma onun əməlində cinayət tərkibi müəyyən edilməyib.

Ş.Əsədullayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şəhriyar Əsədullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Apelyasiya prosesində Ş.Əsədullayev özünü qismən təqsirli bilib. Təqsirləndirilən şəxsin sözlərinə görə, ticarət obyektlərinin borc siyahısını operatordan götürərək hər ayın son günlərində malların pulunu müştərilərdən tələb edib: "Ticarət obyektləri malın pulunu heç bir sənədləşdirmə aparmadan verib. "Müştərilərdən aldığım malların pulunu qaimə əsasında bölgənin satış müdiri Azər Bəxşiyevə, o, işdən çıxandan sonra isə Şərif Salxayevə təhvil vermişəm. Həmin pulu təhvil verməyim barədə yalnız qaimə tərtib etmişəm. Qaimə ilə pulları təhvil verəndə özümün və pulu təhvil götürən bölgə müdirinin imzalarını icra etmişəm" - deyə, Ş.Əsədullayev bildirib.

Ş.Əsədullayev bildirib ki, 2013-cü ilin avqustunda şəxsi avtomaşını ilə yol-nəqliyyat hadisəsi törədib: "Vurduğum avtomaşını təmir elətdirmək üçün bölgə müdiri Azər Bəxşiyevin vasitəsi ilə baş ofisə müraciət etdim. Baş ofisdən avtomaşının təmiri ilə əlaqədar pul ayrılmadığını bildirdilər. Məcbur qalıb ticarət obyektlərindən yığdığım puldan 5000 manat götürdüm, "Mercedes" markalı avtomaşını təmir etdirdim. Lakin bu barədə heç kəsə məlumat vermədim. Aylıq benzin limiti çatmadığına görə ticarət obyektlərindən yığdığım puldan 700 manat da benzinə xərclədim".

Təqsirləndirilən qeyd edib ki, Sabirabad rayonunda "İlkin" marketə çatdırılmış malların pulundan 84, Rafiq Mikayılova məxsus marketə verilən malların pulundan 160, Mübariz Axtacıya məxsus marketə verilən malların pulundan 489, İmişli rayonunda Nazim Şükürova məxsus marketə verilən malların pulundan 217, "İsmet Kruq" adlı marketə verilən malların pulundan 485 manat həmin ticarət obyektləri bağlandıqları üçün ödəməyiblər. O, barəsində aparılan yoxlamaların nəticəsi ilə razılaşmadığını da bildirib: "11 dekabr 2013-cü il tarixli 14 saylı müstəqil auditor hesabatında göstərilənlərlə razı deyiləm. Hesabatda göstərilən ticarət obyektlərindən yığılmış pulların hamısını Şirvan satış bölgəsinin müdiri Azər Baxşıyevə və Şərif Salxayevə təhvil vermişəm. Yalnız "İnkişaf" topdansatış mağazasından götürdüyüm 15000 manat puldan 5000 manat pulu yol-nəqliyyat hadisəsi zamanı vurduğum avtomaşının təmirinə xərcləmişəm".

Ş.Əsədullayevin sözlərinə görə, ilkin araşdırma zamanı onu Şirvan rayon polis şöbəsində saxlayıblar: "Ticarət obyektlərindən topladığım təxminən 30 min manatdan çox pulu öz şəxsi ehtiyaclarım üçün xərclədiyim barədə izahatı məcburən vermişəm".

Təqsirləndirilən şəxsin vəkili Pənah Məmmədov bildirib ki, Ş.Əsədullayev barəsində təyin edilmiş cəza həddindən artıq ağırdır. Vəkilin sözlərinə görə, təyin edilmiş hökm dəyişdirilməlidir. O, müvəkkili haqda Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməyi xahiş edib: "Müdafiə etdiyim şəxs vurulmuş ziyanın 8900 manatını ödəyib. Ziyanın qalan hissəsini də ödəməyə çalışır. Lakin maddi vəziyyəti imkan vermədiyindən pulun həmin hissəsi ödənməyib. Onun əməlindən peşmançılıq çəkdiyi, ailə vəziyyətinin ağırlığı və xəstəliyi nəzərə alınmalıdır. Cinayət əməlini səmimi etiraf edib, əvvəllər məhkum olunmayıb, himayəsində arvadı və 3 azyaşlı uşağı var".

Prokuror Ədalət Əzimov isə bildirib ki, Ş.Əsədullayevə təyin edilmiş cəza ədalətlidir.

Prosesdə şirkətin nümayəndəsi Akif Abbasov deyib ki, təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib. Şirkətin şikayətçi olmadığını diqqətə çatdıran nümayəndə Ş.Əsədullayevə yüngül cəza verilməsini istəyib.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Şəhriyar Əsədullayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: