23 Mart 2015 17:59
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qisas məqsədilə bir nəfəri öldürən və birini yaralayan Kamil Fərəcovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluq apelyasiya protesti verib.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Teleqraf.com xəbər verir ki, 2014-cü il martın 24-də Kamil Fərəcov Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 20 yaşlı Yaqub Musayevi və onun bibisi oğlu, 23 yaşlı Pərvin Mehdiyevi güllələyib. Yaqub Musayev aldığı güllə yaralarından yerində keçinib. Pərvin Mehdiyev ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisə baş verən əraziyə dərhal polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yeri müayinə olunduqdan sonra cinayətdə istifadə olunan ov tüfəngi sübut kimi istintaqa təqdim edilib. Kamil Fərəcov isə qətli törətdikdən sonra ata-baba yurdu olan Kürdəmir rayonuna gedərək rayon Polis Şöbəsinə təslim olub. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları onu təqsirləndirilən şəxs qismində aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna təqdim ediblər. Prokurorluqda Kamil Fərərcov barəsində cinayət işi başlanıb.

Beləliklə, o, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim qarşısında ifadə verib. O, bildirib ki, 2012-ci ilin yanvarın 6-da Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən ərzaq mağazasında Rafael və Kamil Fərəcov qardaşları ilə mağaza sahibi Rabil Musayev arasında mübahisə düşüb. Mağaza sahibi mübahisə zamanı bıçağı Rafael Fərəcovun boğazına soxub. Kamilə isə bir neçə bıçaq xəsarəti yetirib. Rafael Fərəcov aldığı xəsarətdən yerindəcə keçinib, yaralı isə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə pul üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli miqdarda pul borcları olub.

Hadisə baş verən günü Rabil Fərəcov qardaşlarından mağazaya olan borcu qaytarmağı tələb edib. Buna görə də tərəflər arasında mübahisə yaranıb və bu qanlı cinayət hadisəsi baş verib. Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən Kamil Fərəcov qətlə yetirdiyi Yaqub Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə Rabil Musayev Kamil Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. Kamil Fərəcov da qisas almaq məqsədi ilə Rabil Musayevin oğlunu qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Fərəcov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Kamil Fərəcovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin Kamil Fərəcov da apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hər iki şikayət hakim İlqar Murquzovun icraatına verilib və məhkəmə baxışı martın 29-na təyin edilib.

Hacı Zeynalov


Müəllif: