Sumqayıt Apelyasiya Məhkəməsində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1954-cü il təvəllüdlü Vasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vasif Ağayev idarə etdiyi “VAZ-21074” markal avtomobillə Şamaxı rayonunun Dağ Göylər kəndində əks istiqamətdən gələn “VAZ-2103” markalı avtomobillə toqquşub.
Nəticədə Vasif Ağayevin idarə etdiyi avtomobildə olan sərnişin Səbirə Məmmədova xəsarət alıb. Ona xəstəxanada tibbi yardım göstərilib. İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Vasif Ağayev təqsirli bilinir.
Vasif Ağayev Cinayət Məcəlləsinin 263-1.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilib və Şamaxı Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alıb.
Məhkəmənin hökmündən narazı qalan Vasif Ağayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Vasif Ağayevin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Vasif Ağayev Şamaxı rayonu, Məlikçobanı Kənd Tam Orta Məktəbində müəllim işləyib.
Hacı Zeynalov