Bakı Ağır Cinayətlər Məhkəməsində bir ailənin 5 üzvünün yaralanması ilə nəticələnən yol qəzası törədən Etibar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin martın 24-də axşam saatlarında Quba-Xaçmaz yolunun 5 km-də Xaçmaz rayonu ərazisində ağır yol qəzası baş verib. Xaçmaz rayon Ağyazı-Buduq kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədmövsüm Seyidağa oğlu Həbibov idarə etdiyi 10 GB 702 dövlət nömrə nişanlı, “VAZ 21 07” markalı avtomobillə, Xaçmaz rayon, Mollabürhan kənd sakini , 1976-cı il təvəllüdlü Etibar Qeybulla oğlu Abdullayevin idarə etdiyi 40 BK 187 dövlət nömrə nişanlı "Opel" markalı maşınla toqquşub.
Nəticədə hər iki sürücü və Etibar Qeybulla oğlu Abdullayevin idarə etdiyi avtomobildə olan sərnişinlər - Xaçmaz rayon Çuxuroba kənd sakinləri 1983-cü il təvəllüdlü Babayeva Güldanə Şəhbət qızı, 2008-ci il təvəllüdlü Babayeva Luminə Hakim qızı , 2014-cü il təvəllüdlü Babayeva Səma Hakim qızı, 2009-cu il təvəllüdlü Babayeva Aysel Hakim qızı və 1985-ci il təvəllüdlü Babayev Hakim Əhməd oğlu xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra, sürücü Etibar Abdullayev, sərnişinlərdən Luminə Babayeva , Aysel Babayeva və Hakim Babayev ambulator müalicəyə buraxılıb. İlkin məlumata görə, “VAZ 21 07” markalı avtomobilin sürücüsü Məmmədmövsüm Həbibov sərxoş vəziyyətdə olub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Etibar Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov