Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Novruzov sevdiyi qıza işgəncə verməkdə və onu zorlamaqda təqsirli bilinib.
Teleqraf.com xəbər verir ki, Rövşən Novruzov 28 fevral 2012-ci il tarixdə Samirə Mehdiyeva (ad və soyad şərti verilib) ilə ailə qurmaq məqsədi ilə onu Lənkəran rayonunun Aşağı Nüvədi kəndindəki atası evinə gətirib.
Rövşən Novruzov Samirə ilə bir müddət həmin evdə yaşayıb. Onlar 2012-ci ilin aprel ayından 8 oktyabr 2012-ci il tarixədək Lənkəran şəhəri, Koroğlu küçəsi, 54 saylı evdə və Lənkəran şəhəri, Vidadi küçəsi, 45 saylı evdə kirayədə yaşayıblar.
Qadının bədəninə öz adını yazdı
Bu müddət ərzində Rövşən Samirə Mehdiyevanın başqa şəxslərlə cinsi əlaqədə olmasını bəhanə gətirib. O, mütəmadi olaraq Samirəyə işgəncə verməklə döyüb, ona qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirməklə əzab verib.
Rövşən Novruzov iyulun 30-da, saat 20 radələrində yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi, 54 saylı evdə olarkən qısqançlıq zəminində Samirə Mehdiyevaya ağır işgəncə verib. O, qadına işgəncə vermək üçün tikiş iynəsi ilə Samirənin döş qəfəsinin sol ön səthinə “Rövşən” adını yazdırıb.
Qadının sinəsini dağladı
Bundan sonra, Rövşən Novruzov Samirənin bədəninə yazdırdığı “Rövşən” adını silmək məqsədi ilə həmin evdə avqustun 2-də, saat 21 radələrində qızdırılmış mətbəx bıçağı ilə yazı olan yerə damğa vurub. Bu hərəkəti ilə o, qadının sağlamlığın qısa müddət pozulmasına səbəb olan yanıq xəsarəti yetirib.
Rövşən Novruzov yaşadığı qadına növbəti dəfə həmin ilin oktyabrın 5-də işgəncə verib. Həmin gün saat 21 radələrində Rövşən Novruzov yaşadığı evdə olarkən Samirənin ona xəyanət etməsini bəhanə gətirib. O, qadının bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.
İşgəncə və seksual xarakterli hərəkət
Rövşən Novruzov bundan sonra da cinayət əməlini davam etdirib. O, oktyabrın 6-da, saat 22 radələrində yaşadığı evə gəlib. Kirayədə yaşadıqları evin yataq otağında Samirə Mehdiyevanı yumruqla, təpiklə və dəri kəmərlə döyüb.
Bu hərəkəti ilə Rövşən Novruzov qadına yenə də xəsarətlər yetirib. Rövşən bu hərəkəti ilə yanaşı, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Rövşən Novruzov yaşadığı qadına növbəti dəfə oktyabrın 7-də işgəncə verib. O, həmin gün saat 13 radələrində yaşadığı evin yataq otağında alışqanla Samirə Mehdiyevanın hər iki döş vəzilərini yandırıb.
Qadının saçlarını kəsdi və zorladı
Rövşən daha sonra həmin gün saat 14 radələrində Samirə Mehdiyevanı yataq otağından çıxarıb və həyətdə olan yardımçı otağa aparıb. Orada Rövşən Samirə Mehdiyevanın qayçı ilə saçını kəsib, sonra yenidən qadını yataq otağına gətirib.
Rövşən Novruzov yataq otağında Samirə Mehdiyevaya zor tətbiq edib və onu itələyərək çarpayıya yıxıb. Rövşən Samirə Mehdiyevanı öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələyib. O, qadının müqavimətini sındırıb və zorla onunla cinsi əlaqədə olub.
3 maddəli cinayət işi
Rövşən Novruzov Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib.
8 il cəza
Rövşən Novruzovun barəsində toplanmış cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rövşən Novruzov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rövşən Novruzov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Rövşən Novruzovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim kollegiyası onun şikayətini əsassız hesab edib və təmin etməyib.
Rövşən Novruzov cəzasının ləğv edilməsi üçün kasasiya şikayəti də verib. Ali Məhkəmədə şikayətə baxan hakim heyəti sonda qərar elan edib. Qərara görə, Rövşən Novruzovun kasasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov