Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə edərək çıxış ediblər. Vəkillər bildiriblər ki, Rasim Əliyevin ölümü birbaşa həkim səhlənkarlığından olub.
Daha sonra məhkəmə təqsirləndirilən şəxslərə son söz verib. Onlar çıxış üçün vaxt istəyiblər.
Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Ötən il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülərək vəfat edib. Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.
Həmin cinayət işinin materiallarından futbolçu Cavid Hüseynovun cinayət işi ayrıca icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib. Cavid Hüseynovun cinayət işi üzrə istintaq tamamlanıb və cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hacı Zeynalov