19 Aprel 2016 18:19
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən, 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mərhum Füzuli İsgəndərovun kiçik qızı Əmanə İsgəndərova şahid qismində ifadə verib.

2014-cü ilin avqustun 29-da böyük bacısı Bülbülün toy məclisindən danışan Əmanə İsgəndərova bildirib ki, avqustun 31-də anası və xalaları ilə birlikdə bacısıgilə qonaq gediblər. Onun sözlərinə görə, nənəsi xəstə olduğu üçün qonaqlıqdan sonra onlara getməli idilər: “Ayaqqabım ayağımı sıxdığı üçün evə gəldik. Bibim Cəmilənin əri Mahir də bizdə idi. Mahir maşını qaraja salandan sonra həyət darvazasının açarının birini özündə saxladı. Sonra biz nənəmin yaşadığı Xırdalan şəhərində olan evinə getdik.

Orada olanda anam atama zəng vurdu. Atam toyda olduğunu, toydan sonra bizi də götürəcəyini bildirdi. Axşam atam nənəmgilə gəldi. Anam dedin ki, burada qalaq, amma atam yorğun olduğu üçün evə getməyimizi istədi. Buna görə evə gəldik. Təxminən həmin gün saat 23.05 radələrində evə çatdıq”.

“Bıçağı boğazıma dirədi”

Əmanə İsgəndərovanın sözlərinə görə, axşam atası evin ikinci mərtəbəsində yatıb, o, anası ilə Bülbülün xınayaxdı mərasiminin çəkiliş videosuna baxıblar: “Yorğun olduğumuz üçün anam da, mən də evin birinci mərtəbəsində yatdıq. Səhər yuxudan anamın səsinə oyandım. Anam dedi ki, işim var, gedirəm, atana səhər yeməyi hazırla. Mən yerimdən qalxmadım. Bir qədər sonra qarajdan səs eşitdim. Atamın dəfələrlə “köpək oğlu” söyüşü söydüyünü eşitdim. Buna görə qorxuya düşdüm.


Tələsik qaraja tərəf gedəndə atamın maşınların arasında ağzı üstə yerə yıxıldığını, üstündən də qan axdığını gördüm. Atama yaxınlaşmaq istəyəndə bir nəfər arxadan bıçağı boğazıma dirədi”.

“Qatil onu maşınla həyətdən çıxarmağımı istədi”

Əmanə İsgəndərova qeyd edib ki, bu zaman anası Xalidə də ora gəlib: “Anam həmin şəxsə dedi ki, bunu niyə vurdun? O da bildirdi ki, pul aparmağa gəlmişdim, vermədi, mən də vurdum. Əli bıçaqlı adam avqustun 29-da toy etdiyimizi, yığılan pulu ona verməyimizi tələb etdi. Anam pulumuzun olmadığını, toy etmədiyimizi, həmçinin evdə kirayə yaşadığımızı bildirdi.

Amma bıçaqlı şəxs ona buranı ünvan verildiyini, evdə çoxlu pul olduğunu söylədi. Sonra bıçağı boğazıma dirəyərək anamla məni idman otağı tərəfə apardı. Orada yenə pul tələb etdi. Anam qızıllarını verdi, həmin şəxs kifayətlənmədi, yenə pul istədi. Anam da 50 manatı olduğunu bildirdi. Sonra həmin şəxs məndən maşını sürməyimi, onu həyətdən çıxarmağımı istədi. Ona maşın sürə bilmədiyimi dedim. O, evi özü tərk etdi”.

Şahid ifadəsində göstərib ki, öz telefona ilə bacısı Bülbülə zəng etmək istəyib, amma konturu bitdiyi üçün zəng edə bilməyib: “Sonra anamın mobil telefonu ilə əvvəlcə bacım Bülbülə, sonra isə bibim oğlu Orxana zəng etdim, atamın bıçaqlandığını xəbər verdim. 102 xidmətinə zəng etsəm də, zəngimə cavab verən olmadı. Daha sonra 103 xidmətinə zəng edərək təcili yardım çağırdım. Atamı xəstəxanada müayinə edəndən sonra 15-20 dəqiqə əvvəl vəfat etdiyini bildirdilər”.

“Anam cinayəti etiraf edib”

Əmanə İsgəndərova qeyd edib ki, 2015-ci ilin aprelin 9-da Müşfiq adlı müstəntiq anası Xalidəni prokurorluğa çağırıb: “Müstəntiq anama dedi ki, Mahirlə üzləşmə olacaq. Ertəsi gün anamla birlikdə prokurorluğa getdik. Orada müstəntiq anamı içəri saldı, mən isə otağın qarşısında qaldım. İçəridən səs-küy gəldiyini eşitdim. Müstəntiq anama qışqırırdı ki, cinayəti sən törədibsən, anam da belə bir cinayət törətmədiyini deyirdi.

Özümü pis hiss etdiyim üçün ayaqyoluna getdim. Geri qayıdanda müstəntiqin qapısı açıq idi, anamsa yox idi. Müstəntiq məni içəri çağırdı və bildirdi ki, anam cinayəti etiraf edib, hər şey sübut olunub. Müstəntiq mənim də, bacımın da, dayımın da bu cinayətdə iştirak etdiyini bildirdi. Mənə dedi ki, ifadəmi dəyişsəm, anamı ruhi xəstə kimi azadlığa çıxaracaq.

Mən də müstəntiqə inandım və ifadəmi müstəntiqin dediyi kimi yazdım. Anama görə kim nə desə, ona da imza etdim. Məqsədim anamı içəridən çıxarmaq olub. Çünki anam günahsızdır”.

“Babam dedi ki, oğlumun qatilisən”

Əmanə İsgəndərova daha sonra ifadəsində 2015-ci il mayın 6-da atasına məxsus obyektdə babası Xalıqverdi ilə rastlaşmasından danışıb: “Həmin gün bacım Bülbüllə birlikdə Qara Qarayev prospektində atama məxsus obyektə getdik. Orada babamla rastlaşdım. Babam dedi ki, oğlumun qatilisən. Ona cinayəti nə mənim, nə də anamın törətmədiyini bildirdim. Bu zaman babam üzümə tüpürdü, məni təhqir etdi”.

Daha sonra Əmanə İsgəndərova dövlət ittihamçısı Fərid Nağıyevin çoxsaylı suallarını cavablandırıb.
Suallara cavabda şahid qeyd edib ki, atası ilə anası arasında heç bir vaxt dava-dalaş olmayıb. Onun sözlərinə görə, 2014-cü ilin mayından bibisi Cəmilənin əri Mahir Süleymanovla atasının problemləri yaşanıb: “Atamla Mahirin arasında münasibətlər korlanmışdı. Buna görə də onun bizə gedib-gəlməsi azalmışdı. Atam həmişə bacısı Cəmilədən qorxduğunu deyirdi”.

Əmanə İsgəndərova qeyd edib ki, Mahirin onlara gedib-gəlməsi olmasa da, onun oğlu Orxan ilə münasibətləri yaxşı olub. Orxan onlara gəlib-gedib.

Məhkəmə iclası mayın 5-də Əminə İsgəndərovanın sualları cavablandırması ilə davanm edəcək.
Qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.

Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.

Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub.

Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər