22 Noyabr 2016 10:51
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Biz rəngbərəng dovşanlar taparıq, Corc.

- Əlbəttə, qırmızı, yaşıl, mavi.

(Con Styenbek, “Siçanlar və adamlar”)

Kitabla tanışlığımdan bəri ilk dəfə bir yazıçı bu qədər susdurmuşdu məni. Sanki yazıçı özü də susurdu bu əsərində, amma biz necəsə onunla dil tapıb demək istədiklərini duyurduq. Susmaq da bir dildir, yəqin ki. Hərdən heç kimin bilmədiyi, ayaq basmadığı yerlərə getmək istəyirsən ha, o yerlərin dili...

Hər susmağın da öz havası, öz ahəngi, öz musiqisi, öz səsi, öz notu, öz qamması var. Məsələn minor səsində susmaq. Mənimki eləydi. Minor hüznlü səs boyaları ilə səciyyələnir və akkord əmələ gətirən musiqi ladıdır. Bu yazdıqlarım da bir akkorddu bəlkə. Dinləyin, xahiş edirəm, dinləyin...

Görün əsərdəki bu iki dostun necə gözəl arzuları var, görün onlar bir-birini necə sevirlər. Biri huşu kəsərək, biri huşu kəsməyərək... Yazıq Corc, yazıq Lenni.

***

“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.

Əsər Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki insanın – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah, mərhəmət anlayışlarından bəhs edir. O, bir müddət kənd təsərrüfatı ilə məşğul olan Con Styenbekin şəxsi təcrübəsinə əsasən yazılıb. Povestin adı isə Robert Börnsün şeirindən götürülüb: "Kotanımdan yuvası xaraba qalmış siçana..."

Müəllif əsərdə insanın öz arzusunu həyata keçirmək çırpınışlarını göstərir. Corcla Lenninin arzularının puç olması isə minlərlə sadə insan qəlbinə təsir göstərir. Sizcə, niyə? Çünki o minlərlə insanın da arzuları puç olmuşdu. Amma Corcla Lenninin ki arzuları o qədər əlçatmaz deyildi. Onlar nə istəyirdi ki?

Məsələn, Lenni deyirdi ki, mən paxlanı sousnan xoşlayıram, Corc.

Corc hislənirdi, deyinirdi:

– Sousumuz yoxdur da. Həmişə olmayan şeyi istəyirsən.

Deyirdi, tək olsam nə var ey, başımı aşağı salıb işləyər, pulumu qazanar, kefimi çəkərdim. Amma indi mənim nəyim var? Təkcə sənsən! Səndən də nə fayda, sənə görə səfil-sərgərdanam. Hər dəfə sənə görə işim-gücüm əlimdən çıxır.

Hər dəfə, hər dəfə belə olurdu. Amma o, bu ruhi xəstə dostunu buraxmırdı. Corc ona gününü qara elədiyini deyəndə Lenni hərdən küsürdü də. Deyirdi, istəyirsən çıxım gedim. Dağlara gedim. Özümə bir mağara tapıb tək-tənha yaşayım. Souslu yemək də nəyimə lazım? Amma dostu yenə də onu çox istədiyini, onunla qalmaq istədiyini deyirdi. Yenə beləcə yaşayırdılar. Corc öz arzularının dalınca qaçanda Lennini aparırdı, Lenni də onu...

– Bizim balaca külək dəyirmanımız olacaq, Həmçinin, meyvə bağımız, üzümümüz, almamız, armudumuz olacaq.

– Bizim özümüz üçün evimiz olacaq. Gündə on bir saat işləməyəcəyik, beş-altı saat işləyərik, vəssalam.

– Bizim balaca yerimiz olacaq, evimiz, bağımız, dovşanlarımız üçün otağımız olacaq, mən də həmişə otlaqdan dovşanlar üçün ot gətirəcəyəm.

– Mən xoşuma gələn şeyləri tumarlamaq istəyirəm. Bir dəfə uzun tükü olan dovşanları görmüşəm, onlar çox gözəl idilər. Mən tumarlamağa bir şey tapa bilməyəndə siçanları belə tumarlayıram.

Özlərinə ev almaq, az işləmək, özləri özlərinin ağası olması, toyuq-cücələri, dovşanları olması üçün gecə-gündüz işlədikləri fermada onların arzularına, onların – “balaca diribaş və yekəpər maymağın” bir yerdə gəzməsinə gülürdülər. Deyirdilər ki, burda bu boyda adam var, amma onlar tək gəzirlər, buranı tərk edəndə də tək gedirlər. Başa düşmürdülər ki, onları bir-birinə bağlayan nədir.

***

– Biz özgə cürəyik. İndi özümüzdən danış, Corc.

– Hə, biz tamam başqayıq.

– Çünki...

– Çünki... Mənimçün sən varsan.

– Sən də mənimçün. Həmişə bir yerdəyik. Bir-birimizin qayğısına qalırıq.

İki dostun son söhbəti idi bu. Son dəfə arzularından danışmışdılar onda da. Balaca rançolarının, evlərinin, inəklərinin, dovşanlarının olacağından... Corc vurmuşdu Lennini. Çünki Lenninin tumarlamaq eşqi başına bəla olmuş, ferma sahibinin oğlunun arvadının saçını oxşayaraq öldürmüşdü. Corc da bədbəxt dostunu işgəncəylə öldürməsinlər deyə özü vurmuşdu onu. Lenni onda da hər şeydən xəbərsiz idi, sevinc içində gülürdü...

Hətta Lenni öləndən sonra da fikirləşirdilər ki, görəsən, bu ikisini bir-birinə çəkən nədir. Heç nə başa düşmürdülər...

Mənsə onda içimdə deyirdim: “Axmaq Lenni, məhv elədin hər şeyi. Niyə siçanları, niyə yumşaq şeyləri oxşamağı o qədər çox sevirdin axı? Gedib daşı, torpağı oxşayaydın, ölməyən şeyləri... Bu sevgin öldürdü səni. Ax, Lenni, axmaq Lenni...”

Amma Lennidə də günah yox idi, o çalışmışdı, çox çalışmışdı. Həmişə. Sadəcə belə olmalıydı. Minlərlə insanın arzuları puç olduğu kimi...

Arzuların puç olması məni heç vaxt incitməyib. Amma Corcla Lenninin taleyi gərək belə olmayaydı. Siçanlar elədi, siçanlar...


Müəllif: Sevinc Fədai