18 Sentyabr 17:19
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Üzeyir bəyin doğum günü olan 18 sentyabr tarixi ölkəmizdə Musiqi Günü kimi qeyd edilir. Ömrü üç fərqli mühitdə - çar Rusiyasında, Azərbaycan Cümhuriyyətində və Sovet Azərbaycanında keçən Üzeyir bəy hər dönəmdə öz orijinallığı ilə seçilib. Birinci dövrdə “Leyli və Məcnun”la ilk operanı, ikinci dövrdə himnimizi, üçüncü dövrdə isə “Koroğlu” operası kimi mühüm əsəri yaradıb.

Üzeyir bəyin irsinə mühacirətdə yaşayan azərbaycanlılar da biganə qalmayıblar. Qardaşı Ceyhun bəy Parisdə onun əsərini səhnələşdirib, M. Rəsulzadə haqqında məqalə qələmə alıb. Eləcə də bir çox mühacirin yazısında onunla bağlı məlumatlar verilib.

Üzeyir bəy barədə mühacirətdə ən çox məqalə qələmə alan isə həmyerlisi Mustafa Haqqı Türkəqul olub.

Mustafa Haqqı bəy Şuşada doğulub. Azərbaycandakı həyatı ilə bağlı əlimizdə geniş məlumat yoxdur. İkinci Dünya müharibəsində almanlara əsir düşüb, bir müddət İtaliyada qaçqın düşərgəsində yaşayıb. Daha sonra Misirə, ardınca Türkiyəyə gedib.

Türkiyədə yaşadığı müddətdə o, Hüseyn Cavid haqqında kitab yazıb, “Azerbaycan”, “Kafkasya”, “Dergi”, “Mücahit”, “Komünizmle Mücadele” jurnallarında məqalələri işıq üzü görüb. Türkəqul 1962-ci ildə Amerikaya köçüb, 1974-cü ildə orada da vəfat edib.

M. H. Türkəqul Üzeyir bəy Hacıbəyli və musiqi tariximizlə bağlı yazdığı əsərləri ilə məşhurdur. Görünür, şuşalı olduğu üçün Türkəqul musiqi tarixinə çox həssas yanaşıb. 18 may 1952-ci ildə o, Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə Ankara Xalq Evində “Azərbaycan musiqisi” mövzusunda mühazirə oxuyub. Bu mühazirəsində əldə etdiyi Azərbaycan musiqisinin yazıldığı valları iştirakçılara dinlədib. O, çıxışında Azərbaycan musiqisini klassik, xalq və modern musiqi olaraq üç qismə ayırıb, muğamlar haqqında məlumat verib.

Türkəqulun oxuduğu mühazirənin mətni “Azərbaycan” dərgisində çap edilib. Bu dərgidə Türkəqulun ““Koroğlu” ilk dəfə necə təmsil edildi”, “Azərbaycan musiqisinin beşiyi Qarabağ”, “Azərbaycanın istiqlalı və musiqisi” kimi yazıları da dərc olunub. Eləcə də “Mücahit” jurnalında “Arşın mal alan və başına gələnlər”, “Üzeyir Hacıbəyli və əsərləri”, “Kafkasya” jurnalında “Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli” adlı maraqlı məqalələri çıxıb.

Mustafa bəy yazılarında Üzeyir bəyin həyatındakı ən məsud günlərin milli Azərbaycan Cümhuriyyəti dövründə olduğunu yazıb. Onun “Azərbaycan” qəzetindəki məqalələrini xatırlatıb, sağlığında sənətinin ən yüksək zirvəsinə çatmış şəxs kimi dəyərləndirib.

“Arşın mal alan” haqqındakı məqaləsində Türkəqul ermənilərin Amerikada bu əsəri öz adlarına çıxmalarından, nəticədə ifşa olunmalarından bəhs edib, eləcə də əsərin tarixi haqqında önəmli bilgilər verib. O, Qarabağın musiqi mərkəzinə çevrilməsinin səbəbini şaman inancına bağlayıb, Elxanlılar dövründə buraya yerləşən türk şeyxlərin səma məclisləri təşkil etdiyini yazıb.

İstanbulda yaşayan yaşlı şuşalılardan aldığı bilgilərə əsaslanan Türkəqul Üzeyir bəyin atasının da tar çaldığını, hətta qaratoyuqlara mahnı öyrətdiyini qeyd edib.

Türkəqul “Koroğlu” operası ilə bağlı yazdığı məqaləsində bu əsərin ilk dəfə səhnəyə qoyulduğu salonda iştirak etdiyini yazıb. O, həmin günü həyatının bəxtiyar anı olaraq adlandırıb.

30 aprel 1937-ci ildə bu əsəri böyük qələbəlikdə izləyən Türkəqul illər sonra Ankarada Xalq Evində Azərbaycan musiqisi haqqında mühazirə oxuyacağını, bu opera haqqında mühacirət mətbuatında məqalə yazacağını təsəvvür də etməzdi.

Mustafa Haqqı bəyin musiqimiz və Üzeyir bəy haqqında yazdıqları tərəfimizdən nəşrə hazırlanmaqdadır. Onun yazdıqlarına həm də şuşalının şuşalıya vəfa borcu kimi baxmaq gərəkdir.


Müəllif: Dilqəm Əhməd