20 Sentyabr 21:00
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bilgisayarımın ekranında Qarabağ Universitetinin tələbələrinin sevincli görüntülərini, çıxışlarını izləyərkən bu yaxınlarda ötən əsrin birinci rübündə çıxan “Azərbaycan” qəzetindən oxuduğum bir məqalə yadıma düşdü. Bu məqalə Cümhuriyyət gənclərindən şair Əli Yusifin “Pəncərə önündə yarım saat” adlı yazısıdır.

Tarix 28 may 1919-cu il. Bakı şəhəri Cümhuriyyətin bir yaşını qeyd edirdi. Qız qalasından Atəşgaha, Təzəpirdən parlament binasına qədər hər tərəf Azərbaycan bayrağına bürünmüşdü. Avtomobillər, faytonlar, dükanlar da ay-ulduzla süslənmişdi. Balkonların birindən xanəndə Cabbar Qaryağdıoğlu tarın müşayiətilə muğam oxuyur, Hacıbəyli qardaşları teatr truppasının aktyorları tarixi hökmdarların – Nadir şahın, Teymurun, Çingizin, Şah Abbasın obrazında xalqın önündən ötürdülər. Ordunun hərbi paradı keçirilirdi, Baş nazir Nəsib bəy Yusifbəyli xalqa müraciət edirdi. Parlamentdə tarixi yığıncaq keçirilirdi, Milli Şura sədri Məhəmmədəmin Rəsulzadə nitq söyləyirdi...

Bütün bunlar baş verərkən gənc Əli Yusif parlamentin binasındakı otaqların birindən bu qələbəliyi seyr edərək qəzetə yazdığı məqalənin mövzusunu beynindən keçirirdi.

Budur, “Azərbaycan” qəzetinin bayramdan sonrakı sayında çıxan həmin yazıda oxuyuruq: “Parlaman idarəsi şöbələrinin birisinin pəncərəsindən bu axın-axın gələn insanları, fǝrǝhli, sevincli lövhələri iki arxadaşımla seyr edirdik. Hər kəs sevinc, şǝn, ümidli və haqlı bir vüqara qǝrq olmuş idi. Bu aralıq otuz nəfərə qədər 10 yaşından 7 yaşına çocuqlar, bir çoxu başıaçıq, ayaqyalın, əllərində taxtadan kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlarla kamali-ciddiyyətlə keçdilər. Bir çınqıraq sədası qədər lətif səslərlə marş oxuyurlardı. Mən yalnız “Şanlı Vətən” dediklərini anlaya bildim... Gələcəkdə cümhuriyyətimizin ən qiymətdar, ən namuslu vətəndaşları da bu çocuqlar olacağına heç şübhə yoxdur”.
Əli Yusifin keçirdiyi hissləri bugünlərdə bizlər də ekran qarşısında Xankəndidə Qarabağ Universitetində baş verənləri izləyərkən yaşadıq. Bir il öncə düşmən işğalından qurtulan bu şəhərdə gənc tələbələrin axın-axın universitetə doğru sevinclə getmələri qələbəmizin böyüklüyünü bir daha bizə xatırladırdı...

Etiraf edək ki, hətta Şuşanın azadlığından sonra belə bir addımlıqda olan Xankəndidə bunların yaşanacağını gözləmirdik. “Azərbaycan müəllimi” qəzetində Qarabağ Universitetinin ilk tələbələrinin təəssüratlarını oxuduqca Əli Yusifin yaşadığı hissləri bir daha dərk edə bildim. Azərbaycanın, Qarabağın gələcəyi bu nəsildən asılı olacaq.

Bu ayın əvvəli xaricdə yaşayan azərbaycanlı müəllimlərin Bakıda keçirilən forumunda iştirak etdim. Forumun üçüncü günü bizi Xankəndi şəhərinə apardılar. Ağdamın, Xocalının, Əsgəranın yollarından keçib bu şəhərə çatdıq. O yollar ki, bir qərinə müddətində terrorçu tapdağı altında idi, indi isə elm karvanı əsgərlərimizin təmizlədiyi yolla irəliləyirdi. Daha sonra Şuşaya getdik, orada universitetin rektoru Şahin Bayramovun çıxışını dinlədik.

Qəribə bir ortam idi. İlk dəfə idi ki rektorundan dekanına, müəllimindən tələbəsinədək hamı həyəcanlı idi. Çünki hamısı üçün bir ilk idi. Hamı məsuliyyətini dərk edirdi. Başlanğıc necə qoyulsa, davamının o şəkildə olacağının fərqində idilər.
Qarabağ Universitetinin ilk müəllimləri arasında tanıdığımız insanlar da vardı. Neçə gün öncədən artıq şəhərə yerləşdiklərini, gecə-gündüz hazırlıq gördüklərini dedilər. Çünki tarixi açılışa az qalmışdı.

Universitetin açılışı ilə yanaşı yeni bir tarixi günümüz də oldu: Dövlət Suverenliyi Günü. 44 günün və 23 saatın nəticəsi olaraq təsis edilən bu günü qeyd etmək böyük xoşbəxtlikdir.

Bu yekun zəfəri bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuza təşəkkür edir, Tanrıdan millətimizi qorumasını diləyirik. Şəhidlərimizi rəhmətlə anır, qazilərimizə uzun ömür, sağlamlıq arzulayırıq.

Dövlət Suverenliyi Günümüz mübarək olsun.


Müəllif: Dilqəm Əhməd