30 Avqust 17:33
3 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsiman bəyin ölüm xəbərini oxuyunca mühacirətdə çıxan jurnallardakı nekroloqlar yadıma düşdü. Həmin jurnalların ən ağrılı səhifələri ölüm xəbərlərinin dərc olunduğu yerlərdi. Hələ vəfat edən 28 may 1918-ci ildə istiqlalın elan edilməsində rolu olan kəslərdisə, yazılarda faciənin ağırlığı daha aydın hiss edilirdi. Çünki sayları mühacirətdə çox olmayan bu şəxslərin ölümü azərbaycanlıları istiqlal günündən bir məsafə də ayırmış olurdu.

Nəsiman bəyin vəfatı ilə Cümhuriyyət tariximizin tədqiqi binasından daha bir sütunumuz azalmış oldu. O sütunlar ki illərdir artmaq əvəzinə daha da azalmaqdadır. Çox yox, elə beş il öncəni düşünəndə necə xoşbəxt olduğumuzu indi anlayırıq. Şirməmməd Hüseynov vardı, Ramiz Abutalıbov vardı, Aydın Balayev vardı, Nəsiman Yaqublu vardı...

Faciəni hiss edirsinizmi? Bu dörd şəxsiyyətin yerini doldura biləcəyikmi? Açığı, mənim heç bir ümidim yoxdur...
Bir çoxunuz kimi mən də Nəsiman bəyi uzaq 1990-cı ildə “Azərbaycanın görkəmli adamları” seriyasından çıxan “Məmməd Əmin Rəsulzadə” kitabı ilə tanımışam. Sonra başqa kitablarını oxudum, öyrəndim və bir gün tanış olmaq da qismət oldu.

Açığı Nəsiman bəyi ilk dəfə nə zaman gördüyümü xatırlamıram. Çünki sosial media insanları o qədər doğmalaşdırır ki, gerçək həyatda bəzi tarixlər yaddan çıxır. Sanki ta əzəldən tanış idik və bu münasibət heç bir zaman bitməyəcəkdi.

Nəsiman bəy bütün vəsflərindən öncə müəllim idi. Tələbələrinin yazdıqlarını oxuyanda əmin olursan ki, yaxşı müəllim idi...

Nəsiman bəy jurnalist idi. 1990-cı illərin mətbuatının yarısını nəzərdən keçirmiş biri kimi əminliklə deyirəm ki, yaxşı yazıları vardı...

Nəsiman bəy tədqiqatçı idi. Rəsulzadə ilə bağlı ilk monoqrafiyanı o yazmışdı, elmi işi də Rəsulzadə ilə bağlı idi. Bir dəfə görüşümüzdə doktorluq müdafiəsində başına gətirilən oyunlardan bəhs etmişdi. O işi görənlər bu gün elə yerlərdə söz sahibidirlər ki...

Son illərdə daha aktiv çalışırdı. Bir neçə layihə qazanmışdı, onları uğurla yerinə yetirmişdi. Şuşalı və irəvanlı ziyalılarla bağlı kitabları, milli azadlıq hərəkatının ensiklopediyasını hazırlaması, “Cümhuriyyət qurucuları” kitabı, Rəsulzadənin 140 illik yubileyi ilə bağlı yazdığı əsərləri çox önəmliydi. Azərbaycanla Polşa arasındakı münasibətlərin tarixi ilə bağlı yazdığı kitablar onu həmin ölkədə də tanıtmışdı. Polşa səfirinin məzarı başında etdiyi çıxış da buna nümunədir.
Nəsiman bəy hər şeydən öncə milli adamdı. Xocalı soyqırımı, Qafqaz İslam Ordusu ilə bağlı ən sanballı əsərləri yazmışdı...

***

Bu ilin mart ayında Nəsiman bəy Rəsulzadənin 140 illiyi münasibətilə sədri olduğu mərkəzin adından Məhəmmədəmin bəyin irsini yaşadan şəxslərə fəxri diplomlar təqdim etmişdi. İstanbulda olduğum üçün həmin mərasimdə iştirak edə bilməmişdim. Səhhətimlə bağlı Bakıya qayıdarkən iyun ayının 21-də Müsavat Partiyasının qərargahındakı iş otağında görüşdük. Bu balaca otaqda vəzndə ağır geniş bir arxiv qorunurdu. Nəsiman bəyin Almaniyadan, Türkiyədən, Polşadan topladığı materiallar burada mühafizə olunurdu. Otaq hər tədqiqatçı otağı kimi bir az dağınıq idi, əslində, rahat çalışmaq üçün yetərli imkanlar yoxdu. Amma Nəsiman bəy üçün o otaq cənnətin bir köşəsi kimi idi. Hər şeyi elə həvəslə göstərirdi ki... Vaxtilə özünün baş redaktoru olduğu bir neçə jurnalı, yeni kitablarını hədiyyə etdi, fəxri fərmanı verdi, son şəklimizi çəkdirdik...

Nəsiman bəylə son şəklimiz Rəsulzadənin təsviri önündə oldu.

Həmin ərəfələrdə ondan bir xahişim olmuşdu: 1992-ci ildə “Əski Müsavatçılar Nəsli” Beynəlxalq Cəmiyyətini qurmuş həmkarı Fuad Zeynallı haqqında hazırladığım kitaba ön söz və onunla bağlı xatirə yazısı yazmaq. İyul ayının 9-da Nəsiman bəy hər iki yazını poçt qutumu göndərdi. Avqustun 21-də isə kitabımız işıq üzü gördü. Ölümündən 4 gün əvvəl. Təəssüf ki, yazısının olduğu həmin kitabı ona təqdim edə bilmədim...

Nəsiman bəy ən məhsuldar vaxtında aramızdan ayrıldı. Rəsulzadənin mühacirətdə çıxan yazılarından ibarət 10 cildlik kitab hazırlayırdı. Hələ ki iki cildini və “Azərbaycan şairi Nizami” əsərini çap edə bilmişdi. Şübhəsiz ki, bu işi davam etdirənlər olacaq. Cümhuriyyət bayrağı kimi cümhuriyyət irsinin mənəvi bayrağı da heç zaman enməyəcəkdir.

Hələ neçə nəsil Nəsiman bəyin, Şirməmməd müəllimin, Aydın bəyin, Ramiz müəllimin kitablarından faydalanacaq. Bu kitablar, əsərlər onları Azərbaycan var olduqca yaşadacaqdır.

Gələcəkdə Cümhuriyyət tarixinin tədqiqindəki vəziyyət necə olacaq bilmirəm. Amma keçmişə baxınca bir daha anlayırsan ki, nə xoşbəxt imişik ki, Aydın bəy vardı, Nəsiman bəy vardı, Şirməmməd müəllim vardı, Ramiz müəllim vardı...

Allah həyatda olan, yazıb-yaradan ustadlarımıza can sağlığı versin.

Nəsiman bəyin və digərlərinin ruhları şad olsun.


Müəllif: Dilqəm Əhməd