14 Avqust 15:19
8 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim "Qarabağ" və Qurbanın qələbələri haqda həmişə bir dəyişməz fikrim olub. Deyəcəm. Bir sirrimi açım, sonra.

Kimi tanımaq, şeyxlər demiş, bilmək istəmişəmsə, ondan müsahibə götürməyə getmişəm.

Aktiv jurnalistikayla məşğul olanlar bilirlər, müsahibə 3 hissədən ibarət olur: diktafonu qoşmazdan əvvəl, diktafonla, diktafonu söndürəndən sonra. Bunun yalnız biri - sadaladığımın ikincisi yazılır, əlbəttə, ixtisar və redaktələrlə.

Bütün bu ritualın adı SÖHBƏTDİ. Mən canlı söhbətdən böyük ritual, canlı söhbətdən zəngin informasiya mənbəyi tanımıram.

Qurban Qurbanovdan 2011-ci ildə uzun müsahibə götürmüşəm dostumuz Coşqun Eldaroğlunun vasitəçiliyilə; onda Coşqundan xahiş elədim ki, Qurbanla görüşmək istəyirəm, o da sağ olsun, müsahibəni təşkil elədi.

Sonra Qurban Teleqrafın məşhur "Brifinq" layihəsinin qonağı kimi ofisə gəldi, axırda hamıyla - o cümlədən mənimlə - qoşa şəkil çəkdirdi.

Mən Qurbanın və "Qarbağ"ın uğurlarının sirrini dürüstlükdə görürəm. Bu mənim ölkəm üçün prinsipial məsələdi! Bu mənim ölkəmin insanları üçün əvəzsiz örnəkdi, onkologiyamızın dərmanı, çarəsi, türkəçarəsidi.

"Qarabağ" adına ilk qələbə sevinclərini bizə o bəxş eləmişdi. Yadımızdadı!

Çox istərdim axıracan belə qalsın. Çətindi, amma qalsın. Sapmasın. Komandanı qalibiyyətə aparıb, özü məğlub olmasın.

Qurban olursa, qoy dürüstlüyə Qurban olsun.


Müəllif: Qurban Yaquboğlu