Ötən əsrin əvvəllərində İrəvandan Türkiyənin Qars şəhərinə köçən ailələr arasından önəmli ictimai-siyasi xadimlər, elm adamları, sənətkarlar yetişiblər. Hətta Türkiyə Böyük Millət Məclisində İrəvanda doğulmuş millət vəkilləri də vardır. Onlardan biri Abbasəli Çetin bəy idi.
Abbasəli bəy köhnə təqvimlə 1330-cu ildə (miladi 1914) İrəvanda doğulub. Anasının adı Gözəl, atasının adı Əbdüləli olub. Qarsa köçdükdən sonra Iğdır ilçəsində yaşayıblar. Daha sonra şəhər mərkəzinə köçüblər, Qarsın Ortaqapı məhəlləsində məskunlaşıblar.
Abbasəli bəy Ankara Universitetinin Hüquq Fakültəsini bitirib, vəkil kimi fəaliyyət göstərib.
1940-cı ilin mayında Sivasın Yıldızeli ilçəsində hakim köməkçisi olaraq çalışıb. 1941-1942-ci illərdə isə Qarsın Kağızman ilçəsində eyni vəzifədə işləyib. 1942-1943-cü ildə Qarsın Çıldır ilçəsində hakim, 1943-1945-ci illərdə Qarsda cəza hakimi, 1945-1947-ci illərdə Malatyanın Pütürgə ilçəsində hakim, 1947-1948-ci illərdə Ərzincanda cümhuriyyət sülh hakimi, 1948-1949-cu illərdə Yozqatda sülh hakimi olub. 1949-cu ildən etibarən Qarsda vəkil kimi çalışıb.
O, Türkiyə Dəmiryollarında hüquq müşaviri kimi də çalışıb.
16 avqust 1949-cu ildə Cümhuriyyət Xalq Partiyasına üzv olub, firqənin Qars idarə heyətində mühasib üzv kimi fəaliyyət göstərib.
Abbasəli Çetin 27 mart 1950-ci ildə partiyaya yazdığı ərizəsində Qarsdan millət vəkilliyinə namizəd olmasını xahiş edib. Nəticədə 14 may 1950-ci il seçkilərində Qarsın millət vəkili seçilib.
10 oktyabr 1965 seçkilərində isə Ədalət Partiyasından Qarsın deputatı olub.
1969-cu ilədək məclisdə təmsil olunub.
Prezident Cəlal Bayarın sərəncamı ilə Abbasəli Çetin 10 sentyabr 1957-ci ildə Türkiyə Cümhuriyyəti Əməkli Sandığı İdarə Məclisinin sədri təyin edilib. 1960-cı ilə qədər bu vəzifəsində çalışıb.
Abbasəli bəy 26 avqust 1975-ci ildə infarkt nəticəsində vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub.
Çetin Azərbaycan istiqlal mücadiləsinin Türkiyədəki əsas qalası olan Azərbaycan Kültür Dərnəyinin 1949-cu ilin fevral ayında baş tutan ilk qurultayında iştirak edib, dərnəyin danışma məclisi üzvü olaraq vəfatına qədər bu vəzifədə çalışıb.
Xədicə xanımla evliliyindən üç qızı, üç oğlu olub...