10 Aprel 19:09
4 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının önəmli simalarından Mirzə Ələkbər Sabirin Türkiyədə tanınmasında mühacirət mətbuatımızın, eləcə də bu ölkədəki millətçi jurnalların mühüm rolu olub. Bir çox jurnalda onun həyatı haqqında məlumat verilib, şeirlərindən nümunələr təqdim edilib.

Məhəmmədəmin Rəsulzadənin İstanbulda çıxardığı “Odlu yurd” jurnalının 1929-cu ilin iyulunda çıxan 5-ci sayında azərbaycanlı mühacir Məhəmmədşərif Əfəndizadənin “Sabirə aid bir xatirə” adlı geniş yazısı işıq üzü görüb. Mirzə Ələkbər Sabirlə həmyerli və qonşu olan Əfəndizadənin bu maraqlı yazısını növbəti günlərdə təqdim edəcəyik.

Mühacir Əhməd Cəfəroğlunun İstanbulda çap etdiyi “Azərbaycan yurd bilgisi” dərgisinin 1934-cü ildə çıxan 33-34-cü qoşasayında Cümhuriyyət Parlamentinin üzvü olmuş Məhəmmədəli Rəsulzadənin “Azəri ədəbiyyatında Sabir” adlı məqaləsi dərc olunub. Sabirin həyat və yaradıcılığı ilə bağlı geniş bilgi verən müəllif onun haqqında maraqlı təhlillər aparıb: “Həqiqətən də, Sabir məzacına sadiq qalaraq ancaq bir dəfə mədhiyyə söyləmişdir. O da Məhəmmədəli şahın istibdadına qarşı üsyan etmiş İran Azərbaycanı əhrarları başçısı Səttarxan haqqında söyləmişdir. Vaxtilə rəhbərlik etdiyi mücahidlərlə birgə dövlət qüvvətinə qarşı mücadilə aparan Səttar xan ayağından yaralanmış və qanqren nəticəsində ölmüşdür. Bundan xəbərdar olan Sabir “ömrümdə bircə adama mədhiyyə söylədim, onun da başına bu fəlakətlər gəldi” demişdir... Sabir bizə görə xüsusi mənada bənzərsiz bir şair və tənqidçidir. O, təkcə Azərbaycan, Qafqaz türk və müsəlmanlarının dərd və ehtiyaclarından bəhs etməklə yetinməmiş, Türkiyə, İran, Türküstan, Şimal türklərinin və digər İslam aləminin hamısının ehtiyac və nöqsanlarını görmüş, mənimsəmiş, bunların hamısından imkan daxilində bəhs etmişdir”.

Dərginin 1934-cü ildə çıxan 35-36-cı qoşasayında Məhəmmədəli Rəsulzadənin məqaləsinin ikinci hissəsi çıxıb. Məqalənin bu qismində Sabirin şeirlərindən nümunələr verilib, şeirin yazılma səbəbi, təhlili təqdim olunub.

Mühacirlərdən Səlim Rəfiq Rəfioğlunun Antalyada çap edilmiş “Çağlayan” dərgisinin 1936-cı ilin yanvarında çıxan 12-ci sayında “Sabir” adlı məqaləsi işıq üzü görüb. Sabirin vəfatının 25-ci ildönümü münasibətilə qələmə alınan yazıda müəllif şairi bu şəkildə xarakterizə edib: “... Sabirin bir vəsfi də mücadiləçi olmasıdır. Şeirlərində köhnə həyat və müəssisələrlə, keçmiş çürük zehniyyətlə, fatalizm və xalq üçün müzir olan hər cür etiqadlarla mübarizə apardı... O, sadəcə mücadilə etmədi, vurucu tənqidləri ilə məğlub etməsini də bacardı. Ona inqilabçı deyənlər yanılmadılar. Zira feodal müəssisələri yıxma işində qələmini qılınc kimi istifadə etdi. Daha çox xalqın dili ilə yazan, şeirlərində oynaq bir üslub istifadə edən, düşündürücü, istehzalı, bəzən də güldürücü bir tövr alan Sabir satira və həcv vadisində sərf etdiyi kəskin zəkası ilə xalqı uzun zaman həm güldürdü, həm də düşündürdü”.

Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadə 1936-cı ildə Berlində çap etdiyi “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı kitabında Sabiri Füzulidən sonra Azərbaycanın ikinci ümumi şairi adlandırıb: “Onun “Hop-hopnamə” adı ilə şeirlərinin toplandığı kitabı çox keçmədən təkcə şəhərlərdə deyil, kəndlərdə dəxi oxumaq bilən hər azərbaycanlının evinə girmişdi”.

Mühacirlərdən Əhməd Cəfəroğlunun İstanbulda çap etdiyi “Türk amacı” dərgisinin 1942-ci ilin avqustunda çıxan 2-ci sayının qapağında Sabirin təsviri yer alıb. Jurnalın bu sayında mühacir Əli Gəncəlinin “Şirvanlı Sabir Tahirzadə və “Hop hop”” adlı məqaləsi dərc olunub. Sabirin həyatı, çevrəsi, dostları ilə bağlı mühüm bilgilər verən müəllif şairin ədəbi qiymətini bu şəkildə təqdim edib: “... Sabir az bir zaman içində keçmiş divan ədəbiyyatı üsulu ilə yazılan ədəbiyyat və mədhiyyələr arasında böyük bir uçurum yaradaraq Azərbaycan türk ədəbiyyatını çox irəliyə aparmışdır. Sabir xalqla çox məşğul olmuş, ictimai və siyasi mövzular üzərində çalışmışdır. Hər təbəqədə olan xalqın dili ilə yazmışdır. Məsələn, Sultan Həmid və İran şahı Məhəmmədəli şahın ağzından yazdığı şeirlər əda və tərkib etibarilə, həqiqətən də, “şah sözü”dür. Eyni zamanda kəndli qadının ağzı ilə yazdığı şeirlər də tam bir kəndli ağzı ilə yazılmışdır”.

“Türk amacı” dərgisinin 1 sentyabr 1942-ci ildə çıxan 3-cü sayında Əli Gəncəlinin yazısının ikinci hissəsi dərc olunub. Yazının bu qismində Sabirin bir neçə şeiri izahları ilə birgə təqdim edilib.

İstanbulda çıxmış “Çınaraltı” dərgisinin 3 yanvar 1942-ci il tarixli 22-ci sayında Sabirin “Amalımız nədir?” şeiri dərc olunub. Şeirin təqdim edildiyi “Sabirdən” adlı yazının girişində jurnalın yazı heyəti şair haqqında bu fikirlərə yer verib: “Son əsrdə yetişmiş ən böyük türk şairlərindən, “Türk Şahnaməsi” sayılacaq məşhur “Hophopnamə”nin sahibi Sabirin (Tahirzadə Əli Əkbər Sabir, 1862-1911) Azərbaycan və bütün Qafqaz türklərini oyandırmaq üçün Namiq Kamalın tanınmış bir parçasına yazdığı bir nəzirəsini Namiq Kamalın Türkiyə xaricindəki türklər arasındakı təsirini göstərən yaxşı bir örnək olduğundan təqdim edirik”.

1947-ci ildə çıxan “Türkeli” jurnalının fevral 1947-ci il tarixli 2-ci sayında Güney Azərbaycandan olan Nizaməddin Təbrizlinin “Sabir” adlı məqaləsi işıq üzü görüb. Müəllifə görə Sabir öz millətinin sosial dərdlərini öz dərdi, onun məsələlərini öz məsələsi saymışdır: “... Sabir bütün qüsurlarımızın səbəblərini cəhalətdə görərək bir tərəfdən elmin qiymət və fəzilətini anlatmış, eyni zamanda xəsis mənfəətləri və iyrənc təəssübləri uğrunda milləti qəflət və cəhalətə sürükləyən saxta din xocalarının iç üzlərini açaraq xalqın onlara qapılmasının qarşısını almağa çalışmışdır”.

Təbrizli Sabiri millətinin aşiqi, İslamın heyranı, hürriyyətin məftunu olaraq təsvir edib: “50 il öncə türkçülük cərəyanının qısır olduğu bir dövrdə türklüyün şərəfinə inanmış, ona imanla bağlanmış bu idealist türk farscanın, ruscanın və ərəbcənin türklər tərəfindən də tərcih edildiyi bir dövrdə, bu lisanları bildiyi halda türkcə yazmaqdan şərəf duymuş, gözəl və zəki üslubu ilə ədəbiyyatımıza qiymətli şeirlər qazandırmışdır... Ölümündən sonra Bakıda heykəli qoyulan, adına məktəb və kitabxana təsis edilən Sabirin “Hop-hopnamə” adlı şeirlər məcmuəsi 1912, 1914, 1922 və 1930-cu illərdə Şimali Azərbaycanda, 1941-ci ildə də Təbrizdə çap edilmişdir”.

Təbrizliyə görə Sabir qiymətli şair, əzmli inqilabçı, böyük mütəfəkkir, polad iradəli bir fədai idi: “O, haqqı söyləmək və həqiqəti anlatmaq üçün qat-qat müsibətlərə məruz qaldı. Döyüldü, söyüldü, evi yandırıldı, fəqət o qayəsi uğruna bütün bu təhqir və təzyiqlərə qarşı pərvasızca güldü”.
Nizaməddin bəy məqaləsinin sonunda Sabirin məşhur “Nə işim var?” şeirini də təqdim edib.

Azərbaycanlı mühacirlərin mütəmadi gündəmə gətirdikləri Sabir haqqında türkiyəli müəlliflər də məqalələr qələmə alıblar. “Hisar” dərgisinin 1952-ci ildə çıxan 27-ci sayında Hikmət Dizdaroğlu adlı müəllifin “Azəri şairi Sabir” adlı yazısı çıxıb. Eləcə də “Türk yurdu” jurnalının 1956-cı ildə çıxan 260-cı sayında Ənvər Behnan Şapolyonun “Şirvanlı Sabir” məqaləsi dərc olunub. 1961-ci ildə məşhur dilçi, ədəbiyyatçı Agah Sırrı Levendin Ankarada çıxan “Azərbaycan” jurnalında “Doğumunun 100-cü ildönümündə azəri şairi Ələkbər Sabir” adlı yazısı işıq üzü görüb.
1963-cü ildə “Türk kültürü” jurnalının 3-cü sayında mühacir Əhməd Cəfəroğlunun “Azərbaycanın mizah şairi Ələkbər Sabir” adlı məqaləsi çıxıb. Sabirin doğumunun yüzüncü ildönümünə həsr edilən yazıda şairin həyat hekayəsi, şeirlərindən nümunələr verilib. Milli mətbuatın yaranmasının şairin şöhrət qazanmasına vəsilə olduğunu yazan Cəfəroğlu Sabirdəki gizli qabiliyyətin “Molla Nəsrəddin” dərgisinin üzə çıxartdığını bildirib.
1970-ci ildə II Dünya savaşından sonra Türkiyəyə gəlmiş azərbaycanlı Ağamirzə Mirzəlinin “Azərbaycan” dərgisinin 202-ci sayında “Böyük türk satirik şairi” adlı məqaləsi dərc olunub.

Beləliklə, azərbaycanlı mühacirlər ölkələrindəki aydınlanma çağının şairlərindən Mirzə Ələkbər Sabirin unudulmamasına, onun irsinin Türkiyə ictimaiyyətinə tanıdılmasında önəmli məqalələr qələmə alıblar.


Müəllif: Dilqəm Əhməd