22 İyul 11:03
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

1923-cü ildə “Yeni Kafkasya” jurnalı ilə başlayan və “Azerbaycan” məcmuəsi ilə zirvə nöqtəsinə çatan Azərbaycan (şimali) mühacirət mətbuatı zəngin mövzuları, qiymətli yazıları ilə hələ də göz qamaşdırır. “Azeri Türk”, “Odlu Yurt”, “Bildiriş”, “İstiklal”, “Kurtuluş” və digər çıxardıqları mətbu orqanlarda siyasi mühacirlərimiz Azərbaycan istiqlal mübarizəsinin yaşadılmasına çalışıblar. Özlərinin çıxardıqları qəzet və jurnallarla yanaşı mühacirlərin bəziləri həm dolanışıq, həm də səslərinin daha geniş kütləyə çatdırılması baxımından dövrün məşhur türk qəzetləri ilə də əməkdaşlıq ediblər. Bu yazımızda onlar barədə söz açacağıq.

Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin yazıları özünün və silahdaşlarının çıxardığı mətbu orqanların xaricində “Prometey” (Paris), “Wschod” (Varşava), “Roçnik Tatarski” (Polşa), “Qafqaz dağlıları” (Varşava), “Şimali Kafkasya” (Varşava), “Türk yurdu” (İstanbul), “Kafkasya” (Münxen) və sair bu kimi müsəlman və Qafqaz xalqlarının nəşr etdikləri qəzet və məcmuələrdə işıq üzü görüb. Amma bunlar da bir növ Rusiya ilə mübarizə aparan və ya yerli xalqların mətbu orqanlar idilər.

“The Iraq Times” qəzetinin 18 fevral 1950-ci il tarixli sayında Rəsulzadənin ingilis dilində “Turkish Culture Put To The Sword” (Türk kültürü qılıncdan keçirildi) adlı məqaləsi də çıxıb. Bu məqalə ixtisarla “Yeni İstanbul” qəzetində dərc olunub.

Rəsulzadə 1947-ci ildə Türkiyəyə gəldikdən sonra iki əsas türk qəzetində məqalələri nəşr olunub: “Ulus” və “Dünya” qəzeti.

Cümhuriyyət Xalq Partiyasının dəstəkçisi olmuş “Ulus” qəzetində Rəsulzadə M.E. Yalvaçoğlu imzası ilə üç yazı qələmə alıb. Bu imza ilə onun “Azərbaycan şairi Nizami və dünyanın bugünkü vəziyyəti” (No. 9955, 23 mart 1949), “Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli” (No. 9996, 3 may 1949), “Bir məhvə dair: Sovet türkçülüyü” (No. 10243 , 6 Ocak 1950) adlı məqalələri dərc edilib. Bolşeviklər bu imzanın ona məxsus olduğunu bildikləri üçün Üzeyir bəy haqqındakı yazısına cavab olaraq yazıçı Mirzə İbrahimova “Ulus böhtançılarına” adlı məqalə yazdırıblar.

Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” adlı əsəri Türkiyənin məşhur jurnalisti, publisisti Falih Rıfkı Atayın baş yazarı olduğu “Dünya” qəzetində işıq üzü görüb. Qəzetin 1 may 1954-cü il tarixli 782-ci sayında xatirələrin ilk elanı verilib. Sonrakı nömrələrdə də müxtəlif formada xatirələrdə nələrdən bəhs ediləcəyinə dair bir neçə elan təqdim olunub. Qəzetin 21 may 1954-cü il tarixli sayında ““Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”nin yazarı Məhəmmədəmin Rəsulzadə kimdir?” başlıqlı məqalə dərc edilib, Rəsulzadənin Ankaraya gəlişinədək olan ictimai-siyasi fəaliyyəti barədə məlumat verilib. 22 may 1954-cü il tarixli sayda isə xatirələrin ilk təfriqəsi işıq üzü görüb. 21 iyun 1954-cü il tarixli sayda sonuncu – 28-ci təfriqə dərc olunub.

Türk mətbuatında ən çox yazıları işıq üzü görənlər mühacirlər isə Mirzəbala Məhəmmədzadə və Məhəmmədsadıq Aran olub.

Azərbaycan mühacirət mətbuatında aktiv fəaliyyəti ilə seçilən M. Məhəmmədzadənin Türkiyənin məşhur “Cumhuriyet” və “Milliyet” qəzetlərində 1939-1954-cü illərdə yüzə yaxın tarixi, siyasi, ədəbi yazıları dərc olunub. Onun həmçinin “Tanin”, “Tasvir”, “Kommunizmlə mücadilə” kimi mətbu orqanlarda da məqalələri işıq üzü görüb. “Tasvir” qəzetindəki 4 yazısı ilk dəfə olaraq tərəfimizdən aşkar edilibdir. Onun məşhur “Türk yurdu” jurnalında da Həsən bəy Zərdabi ilə bağlı iki hissəli geniş məqaləsi vardır.

Mühacir Məhəmmədsadıq Aranın Türkiyədəki millətçi məcmuələrdə saysız-hesabsız məqalə və şeirləri dərc edilsə də, o da rəsmi şəkildə böyük qəzetlərdə çalışıb. Onun “Ulus”, “Cumhuriyet”, “Milliyet”, “Yeni İstanbul”, “Tasvir” kimi böyük qəzetlərdə məqalələri dərc olunub. O, “Ulus” qəzetinin rəsmi şəkildə İran müxbiri vəzifəsində çalışıb.

Mühacirlədən Almas İldırım bir çox türkçü mətbu orqanlarda şeirlərini dərc etdirib. Amma ömrünün axırlarında o, Malatyada çıxan “Demokrat Malatya” qəzetinin baş yazarı olub, 20-dən çox siyasi məqalə qələmə alıb.

Mühacir sənətkarlarımızdan Zeynəl Əlizadənin “Cumhuriyet”, “Türk Sanatı”, “Şadırvan”, “Ülkü”, “Fotomagazin” və sair kimi qəzet və məcmuələrdə onlarla sənət üzərinə məqalələri işıq üzü görüb. Bu yazıların əksəriyyəti tərəfimizdın toplanılıb.

Şübhəsiz ki, biz bu siyahıya Əhməd bəy Ağaoğlunun publisistikasını aid etmirik. Çünki ömrünün əsas hissəsini Türkiyəyə həsr edən Ağaoğlunun türk mətbuatındakı yazıları onlarla cild təşkil etməkdədir...


Müəllif: Dilqəm Əhməd