27 Sentyabr 19:27
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi zəfərimizin ilk addımının başlamasından dörd il ötdü. 44 günlük və 23 saatlıq əməliyyatlardan sonra Azərbaycan suverenliyini bərpa etdi. Bu tarixi zəfər sadəcə 1992-ci ildə başlayan erməni işğalının sona çatdırılması deyildi, məsələ daha böyükdü. Ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra Azərbaycan türklərinin İrəvandan, Naxçıvandan, Qarabağdan, Zəngəzurdan sürgün edilməsi prosesinin bitirilməsi idi. İki yüz ilə yaxın müddətdə buna müəyyən qədər nail oldular. Artıq tarixi İrəvan xanlığı ərazilərində, Qərbi Zəngəzurda türklər yaşamırlar. Eyni hal Qarabağda və civarında da olacaqdı. Nəhayət ki, bu proses tərsinə döndü, indi biz zamanla müharibələrlə, sürgünlərlə qovulduğumuz ana yurdlara geri qayıdırıq. Müzəffər ordumuzun sayəsində.

Bu gün bu yolda şəhid olanların anım günüdür. Geriyə baxanda görürsən ki, 1918-ci ildən başlayan erməni fitnəsi nəticəsində nə qədər gəncimiz Qarabağ uğrunda canlarını fəda ediblər. Cümhuriyyətin ilk qurulduğu illərdə başlayan bu hadisələri ozamankı Azərbaycan Ordusu da Əsgəran zəfəri ilə nəticələndirsə də, rus işğalı nəticəsində ölkəmizin tamamı istila edildi, Qarabağda erməni idarəçiliyi yaradıldı. 1992-ci ildə isə Ermənistan yaranan fürsətdən istifadə edib terror, qətliam, soyqırımı yolu ilə bölgəni ələ keçirdi.

Bu gün birinci və ikinci Qarabağ döyüşlərini yada salarkən 1918-1920-ci illərdə bu yolda canlarından keçən vətəndaşlarımızı da unutmamaq lazımdır. Hələ milli ordumuzun qurulmadığı bir dövrdə Şuşa cavanlarının yaratdığı özünümüdafiə dəstələri bugünkü şanlı silahlı qüvvələrimizin rüşeymləri idi. Qarabağdakı hadisələri dövrün “Azərbaycan” qəzetində əhatəli şəkildə qələmə alan mühərrirlərimizdən Xəlil İbrahim məqaləsində yazırdı ki, Şuşa gəncləri “sülh istəyirsənsə, hərbə hazır ol” məfhumuna əməl edərək müqavimət dəstələri yaratmışdılar: “Bu məqsədlə şəhərdə “Ənvəriyyə”, “Şövkətiyyə”, “Xəliliyyə” və tǝlǝbǝlǝrdǝn mütəşəkkil “Vəhbiyyə” dəstələri adı ilə dörd könüllü əsgər dəstəsi təşkil edirlər. Hər dəstədə zabiti əvəz edəcək bir neçə dəstəbaşı zabit təyin olunur. Şəhərdə silah götürə bilən hər bir şəxs (on beş yaşından altmış yaşınadək) tamamilə siyahı edilir. Cavanlar “hərəkət ordusu” adı ilə həmən dəstələrə daxil olurlar. Qırx yaşından yuxarı olanlar isə ehtiyat əsgəri hesab olunaraq fövqəladə hallarda işə cəlb olunacaqları xəbər verilir. Silahlanma işlərinə baxmaq üçün şəhərdə on dörd məhəllə komitəsi təsis edilir. Məzkur komitələrin vəzifəsi hər kəs öz məhəlləsində siyahı tərtib verərək, qüvvəsi çatan hər şəxsə gücü yetdiyi qǝdǝr silah aldırmaq və para toplayaraq maddətən zəif olanlar üçün camaat puluyla silah almaqdan ibarət idi. Bu surətlə şəhərdə dövlətli, fəqir hamı silahlanır və hər məhəllənin on minlərcə müştərək ehtiyat gülləsi və yüzlərcə tüfəngi olur...”
Şuşadan qurulan bu dəstələrə Osmanlı paşalarının adları verilmişdi. Çünki onların qəhrəmanlıqları Qafqazda da bilinirdi, ortaq tarixi keçmiş vardı. Nəticədə “Ənvəriyyə”lərlə başlayan bu hərəkat Azərbaycan milli ordusunun qurulması ilə başa çatdı. 1920-ci ildə Qarabağda baş verən erməni üsyanı milli ordumuz sayəsində darmadağın edildi.

1918-ci ilin 15 sentyabrında Bakı işğaldan azad edildikdən qısa bir müddət sonra Nəsib bəy Yusifbəylinin Azərbaycan gənclərinə müraciəti dərc olunmuşdu. O müraciətdə deyilirdi: “Şimdi sizǝ, ey Azǝrbaycan dǝliqanlıları, sizǝ müraciǝt edirǝm. Üzǝrinizdǝ nǝ qǝdǝr böyük vǝ ağır vǝzifǝ olduğunu bilirmisiniz? Artıq meydanda heç bir bǝhanǝ qalmadı. Vǝtǝniniz düşmǝndǝn xilas oldu vǝ olur. Silah istǝyirsiniz, qardaşlarınız sizin üçün tǝdarük edir. Top istǝyirsiniz, hazır. Digǝr lǝvazimat istǝyirsiniz, hazır. Hǝrbi mǝktǝb istǝyirsiniz, hazır. Müǝllimlǝr vǝ zabitlǝr istǝyirsiniz, o da hazır. Para, iaşǝ, ǝlbisǝ, fişǝng zavodları, daha sǝnǝ nǝ lazım isǝ hǝpsi hazır. O halda, artıq nǝ düşünürsünüz?”.

Eynilə bugünkü kimi. İşğalın bitirilməsindən sonra keçən müddətdə Azərbaycan Ordusu daha da güclənib. Bir tərəfdən gənclərin qoruduğu Azərbaycan sərhədləri var, digər tərəfdə gənclərin oxuduğu Qarabağ Universiteti. Xankəndinin azadlığının birinci ilində artıq oranı təhsil ocağına çevirə bildik...

Necə böyük bir zəfərdir!


Müəllif: Dilqəm Əhməd