21 Mart 14:25
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

104 il öncə - 21 mart 1920-ci ildə Malta adasında əsir yaşayan bir azərbaycanlı xanımına növbəti məktubunu göndərir. Ölkəni tanıtmaq üçün təşkil edilən heyətin bir üzvü kimi İstanbula yollanan bu şəxsi ingilislər həbs etmişdi. Bir müddət bu şəhərdə saxlanılmış, ardınca Türkiyənin görkəmli ictimai-siyasi xadimləri ilə birgə adaya aparılmışdı.

Geniş ailəsi vardı: üç qızı, iki oğlu, xanımı və əmisi qızı. Ağır məşəqqətlərdən keçmişdilər. 1909-cu ildə ölkəni tərk etdikdən sonra Türkiyədə yaşamış, təhsil müfəttişi, millət vəkili olmuşdu. 1918-ci ildə Nuru paşa ilə birgə Vətəninə qayıtmış, doğulduğu Qarabağdan Azərbaycan Parlamentinə göndərilmişdi. Gənc dövlətin qurucuları ilə münaqişə etsə də, nəticədə reallığı qəbul etmiş, Versal sarayına ölkənin müstəqilliyini tanıtmaq üçün gedən heyətdə o ölkənin dilini bilən şəxs kimi yer almışdı. Amma o, Osmanlı Parlamentinin üzvü, İttihad və Tərəqqi hökumətinin dəstəkçilərindən olduğu üçün işğalçı ingilislər onu da həbs etmişdilər.

Şübhəsiz ki, rus əsirliyi ilə müqayisədə ingilis əsirliyindəki şərtlər daha yaxşı idi. Bolşeviklər də qısa müddət sonra həbs etdikləri istiqlalçıları adaya apardılar. Nargin adasına. Amma güllələyib dənizə atmaq üçün. Malta ilə Nargin adası arasında böyük bir mədəniyyət fərqi vardı...

İnsan təkbaşına qalanda keçmiş gözündə canlanır. Yazımızın qəhrəmanı Əhməd bəy Ağaoğlu da Malta adasında tez-tez doğulduğu Şuşadakı günlərini yada salırdı. Bəzən bir stəkan çay içdiyi zaman Cıdır düzünə, Qalaya, Daşaltına xəyali səfər edərdi, bu “səyahət”i barədə ailəsinə məktubla xəbər verərdi. Bu xəbərlərdən birini də 21 mart 1920-ci ildə yazılmışdı. Məktubunun əvvəlində vaxtilə Qarabağda keçirdikləri Novruz günləri yada düşmüşdü.

Həmin vaxt Vətənində Azərbaycan ordusu sonuncu hərbi paradını keçirirdi. İnsanlar şanlı ordularının vüqarlı yürüşünü izləyirdilər. O isə ailəsindən, Vətənindən, İstanbulundan ayrı bir şəkildə adada növbəti məktubunu qələmə alaraq yazırdı:

“Əzizim Sitarə və Humay! Bu gün ilk baharın ilk günü olan Novruzdur. Xatirinizdədir. Bu günü məmləkətdə necə qarşılayardıq. İstanbula gəldikdən sonra onu bir az unutduq. Amma bu dəfə niyəsə xatırladım. Uşaqlığımı düşündüm. Həmin gün axşam keçirdiyimiz şənlikləri, qonşulara gedib taleyimizi necə dinlədiyimizi düşündüm və məhzun oldum!”

Novruz adəti idi. Uşaqlar, gənclər qonşuların qapısını dinləyərdilər. Yaxşı söz eşitdiklərində niyyətlərinin qəbul olacağına inanırdılar. Kim bilir, bəlkə də, Əhməd bəy uşaq ikən Şuşada bir qapını dinləyəndə ev əhlindən birinin digərinə “səni görüm, ömrün qürbətdə keçsin” sözünü eşitmişdi...

Ömrünün böyük hissəsi yenə də İstanbulda, Ankarada keçəcəkdi Əhməd bəyin. Ömrünün, elminin böyük qismini Türkiyəyə bəxş etmişdi. Amma ən yalnız vaxtlarında, özü ilə baş-başa qaldığı zamanlarda yurdu, adətləri yadına düşmüşdü. Görünür, kənarda yaşayan hər insan doğulduğu yerə görünməz bağlarla bağlı olduğunu etiraf etməsə də, ürəyinin dərinliyində başa düşür. Qürbətdə yaşayanlar vətəndə ölmək istəyirlər. Heç olmasa nəşlərinin ölkəyə göndərilməsini vəsiyyət edirlər. Həyatın min bir üzünü görən Əhməd bəyin yadına Şuşanın, Novruzun düşməsi kimi. 67 yaşında yazdığı xatirələrində də ən çox uşaqlıq xatirələrinə yer verməsi də buna görədir...

Hər insanın həyatında bir Ergenekon dönəmi olur. Əhməd bəyin də Ergenekonu Malta idi. Onu oradan qurtaran bozqurd isə bütün Türkiyənin xilaskarı Mustafa Kamal Atatürk oldu...


Müəllif: Dilqəm Əhməd