21 İyun 2021 22:56
5 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

1969-cu il noyabr ayının 17-də Sovet Azərbaycanının professoru Abbas Zamanov mühacirətdəki azərbaycanlı professor Əhməd Cəfəroğluna məktub ünvanlayır.

Məktubun mövzusu ənənəvi olaraq qarşılıqlı kitab tədarükü üzərinə idi. Amma bu dəfə Zamanov Bakıda heç bir yerdə tapa bilmədiyi bir kitabı həmkarından xahiş edir:

“Ərk edib bir əziyyət vermək istəyirəm. Əgər Rəsulzadanin “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyasını tapıb şəxsən mənə göndərsəniz, son dərəcə şad olaram. Mən başa düşürəm ki, kitab 1948-ci ildə çıxmışdır. Ola bilər ki, indi kitab mağazalarında yoxdur. Lakin sizin, yaxud başqa bir dostun şəxsi kitablığında olmaya bilmaz. Əgər satışda tapmasanız, öz nüsxənizi mənə göndərməyi rica edirəm. Gələcəkdə sizə lazım olarsa, kitabxanalardan da alıb istifadə edə bilərsiniz. Burada isə bu kitabın bir nüsxəsi belə yoxdur. Mən onu Moskvanın kitabxanasında görmüşəm”.

Abbas müəllim kitabın çıxma tarixində yanlışlığa yol versə də, kitabın Bakıda bir nüsxəsinin də olmaması məsələsi təbii idi. Şübhəsiz ki, alimin özü də bunun fərqində idi. Bu kitabın Moskvaya gedib çıxması da təbii idi. Yumşalma dövründə Türkiyə ilə Rusiya arasındakı gediş-gəlişlər zamanı kitabların aparılması və ya xüsusi məqsədlərlə imperiyanın mərkəzinə göndərilməsi mümkündü.

Zamanovun məktubuna cavabında Cəfəroğlu kitabı göndərəcəyini bildirib:
“İstədiyiniz “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyasını mütləq tapıb göndərəcəyəm. Tapa bilmədikdə, müəllifin imzası ilə olan öz nüsxəmi gecikmədən sizə göndərəcəyimə əmin ola bilərsiniz. Məndə müəllifin şəxsən hədiyyə etdiyi nüsxəsi vardır. Vaxtilə Rəsul Rza bəyə də bir nüsxəsini tapıb vermişdik. Sizin üçün də tapıb göndərmək bizə böyük şərəf olacaqdır”.

Amma nədənsə kitab Sovet Azərbaycanı professoruna gəlib çıxmırdı. Buna görə də bir ay sonra 23 dekabr tarixli məktubunda Zamanov yazırdı:

“Sizi zəhmətə saldığım üçün xəcalət çəkir və dönə-dönə üzr istəyirəm. Buna baxmayaraq yenə də üzlülük edib “Nizami” monoqrafiyasını həsrətlə gözlədiyimi xatırlatmağa cəsarət edirəm. Güman edirəm, məni bağışlarsınız. Nəzərə alarsınız ki, ərkim çatdığı üçün sizə əziyyət verirəm”.

1970-ci il fevral ayının 12-də yazdığı məktubunda Əhməd bəy monoqrafiyanı göndərdiyini qeyd edib: “Şair Məmməd Rahim bəyi gözlədim. Onunla sizə “Nizami”ni göndərməyi planlaşdırmışdım. Gəlmədi, gecikdi. Mən də səbirsizlik edib, təəhhüdlü olaraq “Nizami”ni və Abayın pyesini poçtla göndərdim. Gözünüz aydın olsun. Kitab Türkiyyat adı ilə ev ünvanınıza göndərilmişdir. İstədiyinizi yerinə yetirdiyimə görə özümü xoşbəxt sayıram”.
Amma kitab yenə də gəlmirdi.

1970-ci ilin aprelində göndərdiyi məktubunda Abbas müəllim yazırdı: “Böyük Azari şairi Nizami” monoqrafiyasından bir nüsxə tapıb muzeyimizə göndərsəniz, çox faydalı iş görmüş olarsınız”.

23 aprel 1970-ci il tarixli məktubunda Əhməd bəy kitabı göndərdiyini qeyd edir: “Sizə daha əvvəl istədiyiniz Nizami Gəncəvini hazırlayıb göndərdim. Bu günə kimi alındığına aid bir xəbər almamışam. Hər halda bu günlərdə sizə çatmış olar”.

Kitablar çatmışdırmı?

Zamanov 30 aprel 1970 tarixli məktubunda Əhməd bəyə yazırdı: “Göndərmək lütfündə bulunduğunuz kitabları aldım. Bunlar mənim üçün son dərəcə qiymətli hədiyyədir. Buna görə sizə dönə-dönə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm”.

Məktubda konkret olaraq “Nizami” kitabının adı çəkilməsə də, böyük ehtimalla Zamanov, nəhayət ki, arzusuna çatıb.
Zamanov məktublarında mühacir rəssam İbrahim Safi, mühacir dramaturq-şairlər Hüseyn bəy Mirzəcamalbəyov və Abay Dağlı haqqında məlumatlar istəyib. Eləcə də məktublardan aydın olur ki, Zamanov Parisdə olarkən Əlimərdan bəy Topçubaşının oğlu Ələkbər bəylə, Əli bəy Hüseynzadənin oğlu Səlim Turanla və Cümhuriyyətin Paris Sülh Heyətinin həyatda olan son üzvü Məhəmməd Məhərrəmovla görüşüb. Əhməd Cəfəroğlunun Zamanova göndərdiyi kitablar arasında Səməd Ağaoğlunun “Atamdan xatirələr” kitabı da olub.

Professor Vilayət Quliyev sosial mediada Zamanovla Məhərrəmovun görüşməsi ilə bağlı maraqlı bilgi verib: “Abbas müəllim 1970-ci illərdə Fransada olarkən Azərbaycan Cümhuriyyətinin Ə.Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına göndərdiyi nümayəndə heyətinin həyatda qalan sonuncu üzvü Məhəmməd Məhərrəmovla görüşmüşdü. Yenə Abbas müəllimin özünün dediyinə görə, bibliofil kimi tanınan M.Məhərrəmov həmvətəni vasitəsi ilə Moskvadakı Lenin adına kitabxanaya nadir nəşrlər –A.İ.Gertsenlə N.P.Oqaryovun Londonda nəşr etdikləri “Kolokol” qəzetinin komplektini və Gertsenin İsveçrədə çap olunmuş külliyyatını bağışlamış və buna görə də Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin medalına layiq görülmüşdü”.

Mərhum Zamanovun Azərbaycan mühacirəti ilə aktiv şəkildə maraqlanması, məktublaşması, məlumat toplaması dövrün mülayimləşmə ab-havası çərçivəsində olsa da, şübhəsiz ki, bu məktublaşmalar, bilgilər təkcə iki şəxs arasında hər hansı bir şəkildə qalmaya da bilərdi...

Qeyd: Məktublardan sitatlar 2019-cu ildə Mirzə Ənsərli (Ləmbəli) tərəfindən hazırlanan “Məktublarda yaşayan tarix” kitabından götürülüb.


Müəllif: Dilqəm Əhməd