11 Fevral 15:54
9 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

O günlərdi. Sübh azanına qədər dağıntılar altında qalmış insanları qurtarmağa çalışan xilasedicilərin ölümü ötməyə çalışdığını izləyirdik. Bəzən xoş təsadüf, bəzən yaşamaq eşqi, bəzən də vəfalı itlərin xəbərdarlığı insanları ölümə gecikdirirdi.

Açığı çox qorxurduq. Bölgədəki ağır zəlzələnin İstanbulda da baş verəcəyini düşünmüş, zəruri ərzaqlar və paltarları çantaya doldurub yatağımızın yanına qoymuşduq. Ömrü boyu dinləmədiyimiz zəlzələşünaslar gözümüzə peyğəmbər kimi görünür, ağızlarından çıxacaq bir xoş sözə ehtiyac duyurduq.

Zəlzələ daha çox gecə gəlir düşüncəsi ilə sabaha qədər yatmırdıq. Hər gün ölüm sayı artır, şəhərlərin yox olmuş görüntülərinə ümidsizcəsinə baxırdıq. Ölənlərin canlarını qurtardıqlarını düşünürdük, bir tərəfdən xoşbəxtdilər. Ya hər gün xilas edilmə ümidi ilə daşların arasında hər saatı bir ilə bərabər vaxt keçirənlər? Saniyə-saniyə ölən ümidlər, hissə-hissə funksiyasını itirən bədənlər... Ekrandan bir həftə sonra qurtarılanların görüntülərinə sevinərkən, əslində, onların daha sonra öldüklərini bilmirdik...

Ağır günlərdi. Zəlzələnin baş verməsindən cəmi bir-iki gün öncə Ankaradan tanıdığım bir şəxs zəng elədi. Malatyadakı Sancaktar məzarlığında kimsəsiz bir neçə məzarın aşkar edildiyini, onlardan birinin mühacir şair Almas İldırıma aid ola biləcəyini bildirdi. Xatırladaq ki, həmin məzarlıqda baş verən sürüşmə, yol salınması kimi bəzi hadisələr nəticəsində şairin də məzarı qeyb olmuşdu. Hər hansı bir ipucu yox idi. Həm ailə, həm də Azərbaycan dövləti axtarış etmiş, bir nəticə hasil olmamışdı. Bu dəfə bir ümid işığı vardı. Amma bunun üçün məzardakı ilə ailə üzvlərindən müvafiq testlər aparılmalı idi. Bunu şairin oğluna söyləmək gərəkdi. Bu çətin təklifi üzərimizə götürdük. Sabah Azər Almasa zəng edib uyğun dillə bu məlumatı verəcəyimi planlaşdırdım. Sabah oyandığımızda Malatya şəhəri dağılmış, 1200-dən çox insan ölmüşdü. Demək ki, didərginlik də qədərmiş...

***
Bu günlərdə bir filmin təqdimat gecəsində iştirak etdim. “Apatiya”da daha çox uşaqlığımızda gördüyümüz köhnə “gecəqondular”da yaşayan bir ailənin taleyindən bəhs olunurdu. Şübhəsiz ki, bu ailələr, onların yaşantıları, gələcəyi indidən məhv olmuş insanlar hələ də vardır. Hikmət Rəhimovun çəkdiyi filmdəki hər şey bizə bəlli olsa da, bu reallıqla qarşılaşmaq ağrılı idi. Film bizə güzgü oldu, amma qapıdan çıxandan sonra artıq unutmuşduq...

Bu günlərdə seçkilərdə də iştirak etdik. Qarabağın azadlığından sonra dövlət başçısının ən yüksək səsi toplayacağı bəlli idi. Elə də oldu. İnşallah qarşıdakı bu illərdə sülh müqaviləsi imzalanar, torpaqlarımızdan bir daha top səsi eşidilməz.

Bu günlərdə dörd gün davam edən “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı konfransda da iştirak etdik. Azərbaycan, Türkiyə, Polşa, Fransa, Almaniya, İrandan olan alimlərin çıxışları tərtəzə idi. Rəsulzadəşünaslıqda olduqca yeni faktlar ortaya qoyuldu. 860 səhifəlik möhtəşəm bir qaynaq yarandı. Tədbirin əsas təşkilatçıları "Rəsulzadə Ev-muzeyi İctimai Qrupu", Xəzər Universiteti, VMF şirkəti, Milli Azərbaycan Tarixi Muzeyi idi. Konfransın sonuncu günü M. Rəsulzadənin 1949-cu ildə Ankarada qurduğu Azərbaycan Kültür Dərnəyinin 75 illiyi də qeyd olundu. Varşava Universitetinin və Polşa səfirliyinin konfransa diqqəti, xüsusi hazırlaşması bizi çox duyğulandırdı. İlin sonuna doğru orada da yaxşı bir tədbir olacağını bəyan etdilər.

Ümid edək ki, qarşıdakı günlərdə belə sanballı tədbirlər çox olsun...


Müəllif: Dilqəm Əhməd