Mərhum xalq artisti Yaşar Nurinin kiçik qızı Ülkər Nuriyeva Teleqraf.com-a müsahibə verib.
- Ülkər xanım, restoranda PR menecer kimi fəaliyyətə başladığınızı eşitdik…
- Bəli, 10 gündür ki, “Daş dövrü” restoranında PR menecer kimi fəaliyyətə başlamışam. Bu işi mənə dostlarım təklif etdilər. Məkanımıza müğənni dostlarım da gəlirlər. İnşallah, sentyabrın 5-də restoranın təntənəli açılışı olacaq. Bununla yanaşı sentyabrın 3-də də atamın 65 illik yubileyi olacaq. Gecəni bu restoranda keçirməyi düşünürəm. Yubileyə Firəngiz Mütəllimova başda olmaqla atamı çox sevən insanları dəvət edəcəyik. Atamı 60 illiyində prezident İlham Əliyev şöhrət ordeni ilə təltif etdi. Bu, onun ən böyük arzusu idi ki, o da həyata keçib. Atam onda çox ağır xəstə idi. Ona rəğmən teatrda tədbirdə iştirak etdi. Açığı, biz də şokda idik. Elə bir vəziyətdə dörd saat oturdu. Həkimlər səhnə arxasında idilər. Biz isə teatrın lojasında həyəcan keçirirdik ki, hər an nəsə baş verə bilər.
Mən İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakültəsini bitirmişəm. Əsl işim prodüser və PR menecer kimi fəaliyyət göstərməkdir. Klip və seriallardan dəvət almışam, amma qəbul etməmişəm.
- Yaşar Nuri icazə verməyib?
- Bəli, atam icazə vermirdi.
- Necə oldu ki, restoranda fəaliyyətə başlamağa qərar verdiniz? Özünüzü gələcəkdə biznes-ledi kimi görmək istəyirsiniz?
- Bu işə hobbi olaraq başladım. İncəsənətə meyilli insanam. Murad Sadığın klipinə çəkilmişəm. O, mənim yaxın dostumdur, yaxşı insandır. Bu iş də mənim üçün başqa bir təcrübədir.
- Bir az öncə qeyd etdiniz ki, Yaşar müəllim sizin incəsənət sahəsində fəaliyyət göstərməyinizə icazə verməyib. Ümumiyyətlə, sizə bir ata kimi başqa hansı kriteriyalar qoyurdu?
- Düşünürəm ki, atam bu işdə fəaliyyət göstərməyimə razılıq verərdi. Çinki atam sağlığında dostlarımı, ətrafımdakı insanları yaxşı tanıyıb. Bu gün isə halal zəhmətimlə nə isə etmək istəyirəm. Mənim başqa sənətim də var. Bir müddət vizajist kimi də fəaliyyət göstərmişəm. Sadəcə, onu hələlik dayandırmışam. Amma 2006-cı ildə Moskvada stilistik, vizajistlik dərsləri almışam. Mən heç vaxt atamın sözündən çıxmamışam.
- İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakültəsinin bitirmisiniz. Gələcəkdə prodüser kimi fəaliyyət göstərməyi düşünürsünüzmü?
- Prodüser, PR menecer kimi fəaliyyət göstərə bilərəm. Eləcə də serial və filmlərdə də çəkilmək istəyərəm. Onu da deyim ki, bir-iki serialdan təklif almışam, amma qərar verməmişəm. Tarixi filmlərə çəkilmək və tarixi obraz canlandırmaq istəyərdim. Atam çox ciddi insan olub. Bu gün onun razı olduğu işi görmək istəyirəm. Atam üç ildir ki, aramızda yoxdur. Hər gün onu düşünürəm. Çətin anlarımda deyirəm ki, atam olsaydı, ağsaqqal məsləhəti verərdi. Dostlarım deyir ki, Ülkər, atam olsaydı sözünü unut, artıq atan yoxdur, sən özün ayağın üzərində durmağı bacarmalısan. Böyük bacım daha güclüdür, mən evin balacası, ərköyünü olmuşam. Bacımı çox sıxıblar, məni yox. Oğlan kimi olmuşam. Dünən səhərdən atam beynimdə fırlanır, qəhər məni boğur. O, rəhmətə gedəndə də ailədə göz yaşlarımızı bir-birimizdən saxlayırıq. Öz atağımda gizlincə ağlayırdım. Anam da mətbəxdə peraşki bişirdi. Gördüm ki, anam da ağlayır. Hər ikimiz eyni vaxtda gizli ağlayırıq. Sonra qəbir üstünə getdim. Harasa gedəndə Yaşar Nurinin qızı olduğumu biləndə hər kəs hörmətlə qarşılayır, çoxlu suallar verirlər. Atam çox sadə, qürurlu insan olub. Öz qızlarına da qürurlu, sadə olmağı öyrədib. Atamın dünyadan köçməsi bizə çox pis təsir etdi.
- Təbii ki, Yaşar müəllimin yoxluğu sizə təsir edəcək. Siz tanınmış bir sənətkarın övladlarısınız…
- Söhbət mənəvi çətinlikdən gedir. Atam xəstə olanda da biz onun boşluğunu hiss etməmişik. Aylarla komada olub, amma bilmişik ki, atamız yaşayır. Elə hal olub, həkimlər deyib ki, aparatı söndürək, bu insanı incitməyək. Razı olmamışıq ki, o yaşamalıdır.
Maraqlı bir xatirəni danışım. Ölümünə üç gün qalmış Gömrük Hospitalında idi. Anam dedi ki, ay Yaşar, sən heç vaxt mənə səni sevirəm deməmisən. Heç olmasa, bir dəfə deyəcəksən? Atamın səsi çox zəif idi. Anamın qulağına dedi ki, mən səni sevirəm. O, hisslərini büruzə verən insan olmayıb.
- Rəhimə xanım deyirdi ki, Yaşar Nuri ona son vaxtlar daha çox bağlanıb...
- Bəli, anama çox bağlı olub. Son vaxtlar anama daha çox öyrəşmişdi. Anam ona mənəvi stimul idi. Atam çox qısanc insan olub.
- Yaşar müəllimin çox qısqanc insan olduğunu qeyd etdiniz. Bəs Rəhimə xanım Yaşar müəllimi qısqanırdımı?
- Heç vaxt ailəmizdə qısqanclığa görə mübahisə yaşanmayıb. Anamı hər zaman dözümlü qadın kimi görməmişəm. Bir insanda bu qədər dözüm, səbr görməmişəm. Düşünürəm ki, həyat yoldaşımın atam kimi xarakteri olsaydı, ona dözə bilməzdim. Çox ağır xasiyyəti olub. Balaca vaxtı bir məclisə getmişdik, onda dodağıma boya vurmuşdum. Anam mənə dedi ki, atan deyir dodağındakı boyanı silsin. Atam ciddi, qısqanc olub, amma heç vaxt bizim üzümüzə heç nə deməyib. Sözünü anamın vasitəsilə deyib.
- Atanızın sözünü ananız vasitəsilə dediyini vurğuladınız. Sizə hansısa səhvinizə görə əl də qaldırmayıb?
- Xeyr, heç vaxt bizə əl qaldırmayıb. Onun bir baxışı bizə bəs idi. Atam evdə olanda şəhər telefonunu götürmək olmazdı. Anam nə atamın cibinə girib, nə də telefonuna baxıb. Bir dəfə cibinə baxmadan atamın şalvarını yuyub. Səhər atam deyib ki, Rəhimə cibimdə filan qədər pul var idi, haradadır? Mama deyir bilmirəm, mənə deməmisən ki, cibimə baxma. Mən də baxmıram. Pulları şalvarın cibində yuyulmuşdu. Anam atamın qayğısına çox qalırdı. Atam evə gələnə qədər yatmırdı.
- Yaşar müəllimin tərəf müqabilləri çox idi. Ailənizdə hansısa aktrisaya görə qısqanclıq yaşanırdımı?
- Xeyr, heç vaxt valideylərimin mübahisə etdiyini eşitməmişəm. Əlbəttə ailədə hər şey ola bilər. Anam başqa cür qadındır. Onun kimi olmağı çox istərdim. Bəlkə də mübahisələri olub, amma biz eşitməmişik. Atam deyirdi ki, təzə evlənəndə balaca bir evdə yaşayırdıq. Orada hərəkət edəndə parket səs çıxarırdı. Anan təbaşirlə həmin yeri işarələmişdi ki, uşaqlar orada hərəkət etməsinlər, Yaşar oyanar. Mənim anam elə qadın olub.
Atam Firəngiz xanımı dəhşətli dərəcədə çox sevirdi. Firəngiz xanım da dost kimi onu çox sevirdi.
- Bəs Yaşar Nurinin Firəngiz xanımı sevməsini siz necə qarşılayırdınız?
- Normal. Bir hadisəni danışım. Nənəmgilin həyətində bir xala var idi. Mənə deyirdi ki, ay qız, o gün televiziyaya baxdınız? Firəngizlə Yaşar yenə televizora çıxmışdılar. Məni qısqandırırdı. Balaca idim. Deyirdim ki, xala, bəsdi, məni niyə qısqandırırsınız?
- Daxilinizdə Firəngiz xanıma qarşı kin olmurdu? Qızlar atalarını daha çox sevirlər...
- Mən qısqanc olmuşam, amma həyatdır da. Bəlkə sabah mən sənətdə məşğul olan bir insanla ailə quracam. Yaxud da hansısa iş adamı ilə. Aşırı dərəcədə qısqanclıq insanı insandan uzaqlaşdırır. Qısqanclıq özünə güvənsizlikdən əmələ gəlir.
- Yaşar müəllimin Firəngiz xanımı sevdiyini bilirik. Firəngiz xanım isə atanızı dost kimi sevirdi. Maraqlıdır ki, uzun illər onların dostluğu necə davam etdi?
- "Səni axtarıram" televiziya tamaşasında Elçin və Gülnar obrazı hər şeyi deyir. Firəngiz xanım deyir ki, səhnədə “Gülnar, sən yaxşı qızsan” deyərək əlini başıma çəkən zaman ağlamalı idim. Amma ağlaya bilmirdim. Yaşar əlini başıma çəkəndə gördüm ki, ağlayır. Mən də ağlamağa başladım. Yəni insan nə isə hiss etməlidir.
- Maraqlıdır ki, Firəngiz xanım Yaşar Nurini niyə sevməyib?
- Firəngiz xanım atamı dost kimi çox sevib. Atam rəhmətə gedəndə dəhşət çox ağladı. Bu gün atamın boşluğunu hiss edirəm. Daxilimdə sanki bir boşluq var. Allah anamın canını sağ etsin, onu qorusun! Allah ailə qurduqdan sonra mənə oğlan qismət etsə, adını Yaşar qoyacam. O zaman atam üçün nə isə etdiyimi düşünərəm. Atam nəvəsinin olmasını çox istəyirdi. Atamın qırxından sonra bacımın səhhəti tez-tez dəyişirdi. Xəstəxanaya getdi və ana olacağını bildik. Bacım deyir ki, Gülnar Allahın və atamın mənə hədiyyəsidir. Ondan sonra atamı dəfələrlə yuxuda görürdük.
- Yaşar Nuri Firəngiz xanımı sevibsə, belə çıxır ki, ananızı sevməyib, hörmət edib...
- Atam hisslərini büruzə verən insan deyildi. Yəqin ki, Rəhimə xanımı çox istəyib. Sevgi başqa, öyrəşmək başqadır. Anam da etiraf edir ki, atam Firəngizi sevib. Mənim anam onu normal qarşılayırdı. Anam başqa cür xanımdır. O Firəngiz Mütəllimova ilə rəfiqə idi.
- Bəs, indi münasibətləri necədir?
- İndi də yaxşıdır.
- Bir az da özünüz haqqında məlumat verin…
- Subay xanımam, anamla yaşayıram.
- Ailə qurmağı düşünürsünüzmü?
- Ailə həyatı qurmaq məsuliyyətdir. Elə bir insanla ailə qurmalısan ki, məsuliyyəti hiss eləsin. Heç zaman madiyyata qaçmamışam. Çünki hər şeyim olub.
- Ailə qurduqdan sonra da ananızla yaşayacaqsınız?
- Evdən çıxan kimi anam zəng edir. Deyirəm ki, indi evdən çıxmışam. Mənsiz darıxdığını deyir. Deyirəm bəlkə sabah ailə qurdum, neynəyəcəksən? Cavab verir ki, onda biləcəm ailə qurmusan.
- Müğənni Rüfət Axundov və aktyor Nicat Rəhimov bibin oğlanlarıdır. Onlarla münasibət necədir?
- Münasibətimiz normaldır. Onlar bilirlər ki, Yaşar Nurinin üzərlərində əziyyəti çox olub. Nicat çox istedadlı oğlandır. Həmişə bizdə qalırdı. Yeganə insan idi ki, atamı güldürürdü. Onlar mənim qardaşlarımdır. Mən onları sevirəm, amma onların bizim ailəmizə daha çox gedib-gəlməsini və dayılarının ailəsini yad etmələrini istəyirəm.
- Belə çıxır ki, sizə gəlmirlər...
- Xeyr, gəlirlər. Gələndə gəlirlər, gəlməyəndə gəlmirlər.
- Küsülüsünüz?
- Xeyr küsülü deyilik. Mən onlardan küsə bilmirəm. Rüfət də hisslərini büruzə verməyən insandır. Neçə dəfə olub ki, atamın qəbir üstünə gedəndə kənardan görmüşəm ki, Rüfət ağlayır. O, məni görməyib. Onların uğuruna ancaq sevinirəm. Hər ikisinin müəllimi atam olub.
Rəqsanə