27 Avqust 2016 10:16
5 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Frida Kahlo haqqında son illər çox yazılar yazılıb, film çəkilib, amma zənnimcə, azdır... Bu qadın rəssamdan daha bir neçə film çəkmək, kitablar, məqalələr yazmaq olar. Onun həyatı o qədər məşəqqətli, eyni zamanda rəngli və parlaq keçib ki, bu cəlbedici təzaddan yan keçmək mümkün deyil.

Cəmi 47 il ömür sürmüş Frida Kahlo (16 iyul 1907 – 13 iyul 1954) məşhur Meksika rəssamıdır. O, ölümündən az əvvəl tanınmağa başlamışdı, elə ölümündən az sonra da yaddaşlardan silindi. 2002-ci ildə rejissor Culi Teymor Frida haqda eyni adlı film çəkdi. Ekran əsəri uğurlu alındı və böyük maraqla qarşılandı. Məhz bu filmdən sonra rəssam yenidən kəşf edildi, tanınmağa başladı və əsərləri hərraclarda baha qiymətə satıldı.

Bu qəribə rəssamın yaradıcılığı demək olar ki, yalnız avtoportretlərdən ibarətdir. O, portretlərində öz fiziki və mənəvi ağrılarını əks etdirirdi. Ömrünün son 10 ilində gündəlik yazırdı, amma məncə, onun avtoportretlərinin özü əvəzedilməz bir gündəlik idi. Sənətkarın fırçası sözlərdən və cümlələrdən daha güclü idi. Bu rəsmlərə baxıb rəssamın əzab dolu daxili dünyasını görmək daha asandır.

Frida uşaqkən keçirdiyi xəstəliyin nəticəsində axsamağa başlayır və biri o birindən qısa olan ayaqlarını həmişə uzun ətəklər altında gizlədir. 15 yaşında o, Meksikanın ən yaxşı tibb məktəblərindən birinə daxil olur.

18 yaşında avtobus qəzasına düşür və bu, onun bütün həyatını alt-üst edir. Çox ciddi qəza idi, həkimlər onun yaşamaq şansının az olduğunu deyirdilər. Gənc qızın belində, ayaqlarında, çiynində çoxsaylı sınıqlar vardı. Qəza nəticəsində qadınlıq orqanları da zədələnmişdi, buna görə də sonralar çox istəsə də, ana ola bilmədi.

Frida bir-birinin ardınca bir neçə dəfə əməliyyat olundu, aylarla çarpayıdan qalxa bilmədi. Bitmək bilməyən bu uzun günlərin birində o, rəsm çəkmək istəyinə düşür, qələm və kağız istəyir. Onun üçün ayaqları olan xüsusi çərçivə düzəldirlər, Frida güzgüyə baxaraq öz portretini çəkir, bununla da qeyri-adi yaradıçılığının qapılarını açmış olur.

Keçırdıyi ağır qəza sanki onun içində gizlənmiş həssas və çılğın rəssam ruhunu üzə çıxarmışdı... Sonralar deyərdi: "Mən öz portretimi daha çox çəkirəm, çünki bu mövzu mənə daha yaxındır".

Frida bütün həyatı boyu fiziki ağrılardan əzab çəkirdi, amma o yaşamağı sevirdi, məğlub olmaq istəmirdi. Bu temperamentli qadın kənardan çox xoşbəxt görünürdü – içki içməyi sevirdi, dayanmadan papiros çəkirdi, ucadan mahnı oxuyurdu, qəhqəhə çəkib gülür və bəzən hətta söyüş də söyürdü.

Yalnız rəsm çəkərkən o, reallığın qaçılmaz olduğunu anlayırdı. Onun əsərləri ilə özü, həyat tərzi təzad təşkil edirdi. Avtoportretlərin hamısında ana tərəfdən hindəsilli Fridanın üzündə, gözlərində dərin bir kədər var. Real həyatdakı şaqraq qadından fərqli olaraq rəsmlərdəki Frida həmişə hüznlüdür.

22 yaşında Frida özündən xeyli böyük – 43 yaşlı rəssam Diyeqo Rivera ilə evlənir. Bu şışman və kobud insana vurulur və həyatını onunla birləşdirməyə qərar verir. Onları bir-birinə yalnız incəsənət deyi, həm də siyasi baxışları cəlb edirdi – hər ikisi kommunist idi. Diyeqo arvadını sevsə də tez-tez ona xəyanət edirdi. Frida da ona xəyanət edirdi; bu iki dəlisov rəssam bir-birlərini sanki qəsdən incidirdilər. Bir dəfə Frida demişdi: “Mənim həyatında iki qəza baş verib – birinci avtobus, ikincisi Diyeqodur”.

Bu iki qəzadan yaranan sarsıntılar onu yaratmağa, yeni rəsmlər çəkməyə vadar edirdi. Beləcə maraqlı, bəzən də seyr edilməsi asan olmayan avtoportretlər kətan üzərinə çıxırdı. Frida hər şeyi – fiziki və mənəvi acılarını, baş tutmayan analıq sevdasını, ərinin xəyanətlərini, sevgi romanlarını əsərlərinə köçürürdü.

Frida geyimlərini, saç düzümünü, bəzək əşyalarını milli meksika üslubunda seçirdi və bu ona çox yaraşırdı. Zədələnmiş ayaqlarını örtmək üçün geyindiyi uzun paltarlar isə bu tərzi tamamlayır və bunlar hamısı bir yerdə özünəməxsus bir üslub yaradırdı.

O, sanki keçirdiyi saysız əməliyyatları, kəskin ağrılarını saçlarına düzdüyü çiçəklərlə, əlvan geyimlərlə və bu kimi qadına məxsus xırda sevinclərlə unutmaq istəyirdi. Frida fırçası ilə əslində iztirablı həyatını da boyamağa çalışırdı.

Kahlo vətənpərvər rəssam idi, öz millətinin tarixini, adətlərini, etnoqrafiyasını yaxşı bilirdi və sevirdi, bu onun əsərlərində də nəzərə çarpır.

1939-cu ildə Frida Kahlonu ilk dəfə Avropada tanıdılar. Parisdə Meksika mədəniyyəti sərgisində onun bir neçə əsəri nümayiş olundu, hətta Luvr muzeyindən onun bir əsərinə təklif də gəldi. Meksikalı rəssamın yaradıcılığı Avropalıları heyrətə gətirmişdi.

Zaman keçdikcə Fridanın səhhəti daha da kəskinləşiridi, o, dəhşətli ağrılarını narkotiklərlə ovundurmağa məcbur olurdu. 1952-ci ildə Fridanın sağ ayağı qanqrena olur, dizdən aşağı kəsilir və o, artıq yataqdan qalxa bilmir.

1953-cü ildə rəssamın ilk sərgisi açıldı, onu sərgiyə xərəkdə gətirdilər və xüsusi hazırlanmış çarpayıya yerləşdirdilər. Bu sərgidən bir neçə ay sonra Fridanın əzablarının sonu çatdı, o, ağciyərlərinin soyuqdəyməsindən vəfat etdi.

Frida Kahlonun yaradıcılığına və həyat tərzinə münasibət heç vaxt birmənalı olmayıb, onu sevənlər kimi, sevməyənlər, hətta ondan ikrah hissi duyanlar da tapılıb. Bütün bunlara baxmayaraq, bu qəribə rəssamı dahi adlandırmaq olar. Yalnız qeyri-adi rəsmlərinə görə yox, həm də əzablarla dolu həyatından mümkün qədər zövq almağı bacaran güclü bir qadın olduğuna görə...

2003-cü ildə Frida Kahlonun Moskvada rəsmlərindən və fotolarından ibarət sərgisi keçirildi. 2005-ci ildə Londondakı sərgi həmin qalereya üçün tamaşaçı sayına görə ən uğurlu sərgilərdən biri idi, tədbirə 370 min insan qatılmışdı.

Sərgilərdə onun rəsmləri ilə yanaşı fotoşəkilləri də nümayiş olunur. İnsanlar bu fotolardakı saçında iri güllər, boynunda mirvarilər olan qadının – Frida Kahlonun uğursuzluqdan doğan uğurlu yaradıcılığına tamaşa etmək üçün sərgilərə axışırlar...

Təranə Qurbanlı


Müəllif:

Oxşar xəbərlər