Teleqraf.com Anar Aminin şeirlərini təqdim edir:
O illərin poemaları - “Gədəbəy dəftəri”ndən (2002-2003)
BAĞBAN
(Lirik-fəlsəfi poema)
Yatıb Adəm oğlu, ayıla bilmir,
Dövlət yuxusundan, var yuxusundan.
Kasıb adamlara, nə olar, Allah,
Varlı adamların ver yuxusundan!
Varlı adamlara verdiyin o var,
Gözlərin kor edib, qulaqların kar.
Kasıblar yuxuda buğda alarlar,
Varlılar nar dənlər, nar, yuxusunda.
...Gördüyün o şiv bu narın nəvəsi,
Baxdıqca, adamın gəlir həvəsi.
Torpağı isidir yazın nəfəsi,
Gün çıxıb, oyanır Yer, yuxusundan.
Bəlkə də özünü Yer göydən atıb...
Göy yerin dadına son anda çatıb.
Quzeydə kölgədi, hələ qar yatıb,
Güneydə ayılıb qar, yuxusundan.
Bağban, becərdiyin bu günəvər bağ,
Baxmasan, çevrilib dağ olacaq, dağ.
Ana təbiətin qaydasına bax;
Yetişib ayılır bar, yuxusundan.
Sərçələr korlayar yetişən barı,
Qazan danqıldadar, deyinər qarı.
Bu il gülləməyən bu gilənarı
Gələn il... qorxudub vur, yuxusundan.
Gör səni gözləyən neçə qonşu var,
Hələ kəsməyiblər, dur, arxda su var.
Dur, bağban, növbəndi, dur, bağı suvar,
Dur, bağban özgənin dur, yuxusundan.
Vaxtında dursaydıq nələr elərdik,
Dünən ağlamazdıq, bu gün gülərdik...
Su dilin bilmirik, bilsək, bilərdik
Araza nə deyir Kür, yuxusundan.
Dəniz sahilində yuxulu ölkə...
Şərqində Gün doğur, qərbində kölgə,
...Gördüyü yuxu çin olmadı bəlkə,
Aləmə car çəkir, car, yuxusundan.
Bağban, o adamdan çalış, uzaq dur,
Nə arzu eləyib, nə də xəyal qur,
Onun dedikləri olmur ki, olmur,
Min ildi danışır bir yuxusundan.
Danışır... bax, bir də gördün ad aldı,
Ağlı dənizlərin fikri adandı...
O adam nə qədər üzlü adamdı,
Utanıb ar etmir, ar, yuxusundan.
O adam dəmirdi, o adam daşdı,
Hayanda aş varsa, o yanda başdı,
Nə olsun gözləri çəpdi, ya çaşdı,
Hər şeyi düz görür, çer yuxusunda.
Onun ağzı bağlı, bunun ağzı dır,
Ağzı dır olandan ümidini qır,
Hərkəs yuxusundan bir şey danışır,
Nə danışsın bu lal-kar, yuxusundan?!
Günah nə səndədir, nə də ki, məndə,
Günahkar Odur, O, laldısa bəndə.
Gözləri açılır yuxu görəndə,
Görmədiyin görür kor, yuxusunda.
Yetişir arzuya, qovuşur kama,
Tutduğu niyyətə, əkdiyi şama,
Hər yuxu görəndə o kor adama
Kor olmaq zor gəlir, zor, yuxusunda.
Dilinin əzbəri hu olarsa, hu,
Gözləri açılar, Onu görər bu,
Ayılıb hər şeyi görmək arzusu
Hər dəfə xar olmaz, xar yuxusunda...
Kar karı qınayar, kor koru danlar,
O, bunu dərk edər, bu, onu anlar.
Dilini dişiylə qadağlayanlar
Heç kimə sirr açmaz, sirr yuxusundan.
Sirlər dünyasında nələr var, nələr,
Tanrı nə sirr açar, nə də sirr bələr.
Gələr uzaqlardan qonağı, gələr,
Hər kim dor görərsə, dor, yuxusunda.
Uzaqlardan gələn o qonaq ki, var,
Bəlkə gəlib bizə yar olacaq, yar?!
Bir şair göydələn tikər, ucaldar,
Bir şair qır yaxar, qır, yuxusunda.
Girər yuxusuna uçulan təndir,
Təndiri uçurub dağıdan... şəndir...
Hər gecə boynuna keçən o kəndir
Boynuna dar gələr, dar, yuxusunda.
...Nə bir yağmur yağar, nə şimşək çaxar,
Başının üstündən bir ulduz... axar...
Baxar boynundakı kəndirə, baxar,
Şairi hırr tutar, hırr, yuxusunda.
Qalar dar ağacı, qalar, yadınada,
Dinməz, susar onu doğan qadın da...
Asılan şairə İsa adında
Peyğəmbər yar olar, yar, yuxusunda.
Şair ilhamlıdı, peyğəmbər vəhli,
Biri təsbehlidi, biri qədəhli...
Elimli, xoşrəftar ibadət əhli
Əyninə nur geyər, nur, yuxusunda...
İşığın əvvəli, zülmətin sonu,
Gün doğar dünyanın açılar donu.
Kimsə “gəl-gəl” deyər, səsləyər onu,
Çıxmaz peyğəmbərin Tur, yuxusundan.
Həra dağı isti, Tur dağı sərin,
Musa xeyir bildi Fironun şərin,
Qiyamət haqqında düşünənlərin,
İsrafil Sur çalar, Sur, yuxusunda.
Allahın verdiyi bəndənin bəsi,
İmtahan eləyər sevdiyi kəsi.
İsrafil çaldığı o Surun səsi
Hər kəsi oyadar gor yuxusundan.
...Səslər İsrafili ölülər, səslər,
Dirilər o səsə bir ümid bəslər.
Əlləri harama uzanan kəslər
Zər atar, zər tutar zər, yuxusunda.
Dipdiri gördüyün bu ölü canlar
Nə günah dərk edər, nə savab anlar.
Özgənin gözündə çöp axtaranlar
Gözündə tir tapar, tir, yuxusunda.
Neçə dərə keçər, neçə dağ aşar,
Arzuynan dolanar, ümidnən yaşar,
Bulaqlar qaynayar, çeşmələr daşar,
Sular şırr eləyər şırr, yuxusunda.
Gözləri Arazda, ürəyi Kürdə,
Ömür sürə bilmir bu sürhasürdə.
Kim necə adamdı, elə o cür də
Özünə cur tapar, cur, yuxusunda.
Tanrı nə veribsə, bəsindi, bəsin,
Gedib dərgahına çatırsa səsin...
Məqamdan məqama ucalan kəsin
Qurbağa qurr elər, qurr, yuxusunda.
O məqam sahibi olan əkələr
Onu qamarlayar, bunu bəkələr.
Pilənər, pilənər, şişər, yekələr,
Partlasa, ayılar şar, yuxusundan...
Dünya şar kimidi, o şardan əl çək,
Bəlkə planetlər pilənib tək-tək?!
Röyalar haqqında gör nə deyəcək,
Bir azdan duracaq mir yuxusundan.
Mirimiz deyir ki “yuxuda ləyən...
Vaxt ötür, yaş keçir, birini bəyən”.
Yalvarıb, ocaqdan nəsə istəyən
Ayılmaq istəmir pir yuxusundan.
O adam xəstədi, təbibə apar,
Dəvasın pirdə yox, dərmanda tapar,
Çapar muradının dalınca, çapar,
Atı hey çər olar, çər, yuxusunda.
Xışı dərin basar öküzü holar,
O öküz yeriməz... o öküz “mo”lar,
Dolar yatağına balıqlar, dolar,
Tor açar, tor yığar, tor, yuxusunda.
Kimsə ver “borcumu, burcumu” deyər,
Satar şıq paltarın, cır-cındır geyər,
Cır alça duzlayar, cır alça yeyər,
Cırlaşıb cır olar, cır, yuxusunda.
Xarallar boşaldar, çuvallar sərər,
Gah alaq eləyər, gah da xır dərər,
Pamıq tarlasında pambıq becərər,
Pambığı çor tutar, çor, yuxusunda.
Uçar kirəmitdən qurulan körpü,
Yonar, kərəntini yonduqca törpü,
Çor tutub quruyan pambığın çöpü
Qırılıb çör olar, çör, yuxusunda.
O, gah bir qadının qoynunda azar,
Gah da sol əliynən məktublar yazar,
Süxur tədqiq edər, quyular qazar,
Palçıq burub tökər bur yuxusunda
...Verib odun, suyun, torpağın, yelin,
İnsanın ruzisin, heyvanın yemin,
O adam neyləsin, tərlanın yerin
Gəlib sar tutursa, sar, yuxusunda?!
Ocaq yanmağında, adam işində,
Manqal qarşısında, kabab şişində...
Ön dişdən arxada, sivri dişində
Həkim bor işlədər, bor, yuxusunda.
Bəlkə də o adam elə bilir ki,
Bildirki adamdı, elə bildirki.
Danışa bilmədi nəsə bir-iki
Hor söhbət elədi, hor, yuxusundan.
...Bağban, yorulmusan, otur, nəfəs dər,
Tutlar cərgə-cərgə, tənəklər vər-vər,
O kəhər saqqodur, bu kürən də çər,
Boz at sərtövlədə, sər, yuxusunda.
...Bir at muraddısa, nədir qaçan nər?
Çuvallarda buğda, dəyirmanda pər?
Gah “Rast”dan adlayıb “Segah”a keçər,
Gah da “Şur” oxuyar, “Şur”, yuxusunda.
Bağban, istədiyin əgər “Şur”dusa,
Giriş oxumağa səsin gurdusa.
Tarizan mizrabı necə vurdusa
Diskinib oyandı tar, yuxusundan.
Nələrə qadirmiş o mizrab, bu sim...
“Şur”u sənin kimi kim oxuyar, kim?!
Nə yaxşı səsini eşidə bildim,
Nə yaxşı ayıldın xor, yuxusundan.
Xorda zülüm çəkib, soloda zillət,
Azadlıq dəvadı, məhkumluq illət,
Min ildi şir kimi yatan bu millət,
Şir kimi oyanar şir yuxusundan.
Şir kimi yuxudan oyanan hanı?!..
...Qarıyla tanış ol, bir onu tanı.
Nehrə çalxalayar, sonra ayranı
Çürüdüb şor edər şor, yuxusunda.
Bəlkə də ayranla paklansa bəşər,
Tanımaz qapısın nə böhtan, nə şər.
Elə ər düşünər, ər fikirləşər,
Yerinə qor dolar, qor, yuxusunda.
Arzusu dövləti, istəyi varı,
Tənhalıq aşıqi, yalqızlıq yarı,
Qazan danqıldadan o qoca qarı
Hər gecə ər görər, ər, yuxusunda.
Bir anlıq kiriyər, təntiyər, çaşar,
Keçər, həddi keçər, hududu aşar,
Xəyallar qurduğu o anı yaşar,
Canından sellənər tər, yuxusunda.
Arzular Şah imiş, adamlar nökər,
Kimi təzim edər, kimi diz çökər.
...Quyudan su çəkib qazana tökər,
Ocağı gur qalar, gur, yuxusunda.
Görməz xoşbəxtliyi, keçər yanından,
Qəfil bir canavar çıxar kanından,
O kişi su tökər, qarı canından
Eşər, kir çıxardar, kir, yuxusunda.
Qırışıb üz-gözü, tökülüb dişi,
Getməyə yeri yox, görməyə işi,
Bəlkə də yuxuda gördüyü kişi
Ah çəkib zar edər, zar, yuxusunda.
O kişi qarıya qoyun göstərər,
Buğum-buğum olan boyun göstərər,
Lətifə danışar, oyun göstərər,
Sərçələr pırr elər, pırr, yuxusunda.
Kişinin bir sözü ağlına batar,
Çatar əlağacı dadına, çatar,
Qarı sərçələrə bir kirtdək atar
Qoluna gir gələr, gir, yuxusunda.
Qəlbində təpər, var dizində hey var,
Əlində təsbeh var, alnında zey var,
Hər adam düşünsə, nəsə bir şey var
Befər yuxusunda, fər yuxusunda.
Adəmi, Həvvanı şeytan tovladı,
Onları O, hardan hara qovladı?
Rahat ömür sürər bəşər övladı,
Nəticə çıxartsa hər yuxusundan.
Haqlısa, haqsıznan əyişə bilər,
Doğrusa, yalannan döyüşə bilər,
Dünyanı Xeyirnən dəyişə bilər,
Bəşər ayılarsa Şər yuxusundan!!!
Gədəbəy, Saratovka,
3-4 may 2002-ci il