17 Noyabr 2016 17:55
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış dilçi-alim İsmayıl Məmmədlinin 70 illik yubileyi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə alimin ailə üzvləri, dostları, həmkarları iştirak edib. Onlar yubilyarla bağlı təbriklərini çatdırıb və həyat yoluna nəzər salıblar. 70 yaşını tamamlayan İsmayıl Məmmədli doğum günü təəssüratlarını bölüşüb, dilçilik sənətinə gəlişindən söz açıb:

“Adam orta məktəbdən özü üçün bir istiqamət seçir. Atam xalq aşığı olub, həmişə ailədə dilə, sözə, sənətə hörmət görmüşəm. Həyatım boyu ədəbiyyat və dillə maraqlanmışam. Tale elə gətirdi ki, Azərbaycan Dillər Universitetində alman və Azərbaycan dili öyrəndim. 70 ildə nə qədər iş görsəm də, yenə görəcəyim işlər qalıb. Müdafiə etdiyim dissertasiyalar da sözlə bağlı olub. Mətbuat dili ilə bağlı mövzu müdafiə etmişəm. Ümumilikdə KİV həmişə diqqətimdə olub. 1980-ci ildən təxminən 10 ilə yaxın Azərbaycan dili verilişi aparmışam”.

Lüğətçiliyin də həyatında önəmli yeri olduğunu qeyd edən yubilyar bu yaxınlarda yeni söz və mənalar lüğəti tərtib etdiyini bildirib: “Həyatım eyni zamanda lüğətçiliklə bağlı olub. 3 cildlik Azərbaycan dilinin izahlı lüğətinin tərtibçilərindən olmuşam. Səməd Vurğunun bədii dilinin izahlı lüğətini hazırlamışıq. Heç vaxt bədii dildən, şifahi söz sənətindən ayrı düşməmişəm. Təzəlikcə yeni sözlər və mənalar lüğəti tərtib etmişik. Eyni zamanda hüquq terminləri lüğəti hazırlamışıq. Bəzən aktyorlara baxıram ki, mətni əllərindəki vərəqdən oxuyur, atam rəhmətlik isə sinədəftər idi. Məndə aşıq sənətinə maraq olsa da, söz sənətini seçdim. Söz ovsununa düşmüşəm. Azərbaycan dilinin 7-8 cildlik izahlı lüğətini yaradırıq. Həmişə xalq dilini öyrənməyə çalışmışam. Anam 87 yaş ömür sürdü, 65 yaşımda olanda da anamdan yeni sözlər öyrənirdim. Anam heyrətlənirdi ki, bu yaşda da öyrənirsən, qeydlər aparırsan. Xalqımızın dili zəngindir, xalqdan yenə öyrənirəm”.

Nərgiz

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər