7 Fevral 2017 12:50
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və Balet Teatrından uzaqlaşdırılan gənc opera ifaçısı Gülşən İbadova Teleqraf.com-a müsahibəsində teatrın onunla bağlı yaydığı bəyanata cavab verib.

Müsahibəni təqdim edirik:

- Gülşən xanım, Opera və Balet Teatrının bəyanatı haqqında nə deyə bilərsiniz?

- Direktor Akif Məlikov haqqımda yalan sözlər yazıb. Guya onlar məni teatra dəvət etməyiblər, özüm müraciət etmişəm. Truppa müdiri Toma Eyvazovanın ilk vaxtlar mənimlə gözəl münasibəti var idi. Özü səsimi bəyənmişdi. Teatrda işləmək fikrim yox idi, müsabiqəyə hazırlaşırdım. Mənə pianoçu lazım idi. Toma xanımdan xahiş elədim ki, kömək etmək istəyirsinizsə, pianoçu təşkil edin. O da sağ olsun, təşkil elədi.
İlk vaxtlar Toma xanımla münasibətlərimiz çox gözəl idi. Opera və Balet Teatrında məşq eləməyə başladıq. İki həftə sonra Toma xanım zəng edib dedi ki, Gülşən, teatra gəl, direktor səsinə qulaq asmaq istəyir. Cakomo Puççininin “Bohema” operasında Müzetta rolunu hazırla, dinləmə olacaq. Dinləmədə Akif müəllim, Cavanşir müəllim, Toma xanım və pianoçum iştirak etdi. Səsimi çox bəyəndilər, səhnəyə uyğun olduğumu dedilər.

- Sizi teatrda işə götürdülərmi?

- Teatra dəvət etdilər. O demək deyil ki, tez ştata götürsünlər. Dinləmələrdən sonra direktor dedi əsl Müzettasınız. Pianoçumla partiyanı hazırlamağa başladım. Sonra ikinci rol da gəldi, dedilər Gülçöhrəni də (“Arşın mal alan”) hazırlayın.

Mən partiyanı öyrəndim. Rejissor Hafiz müəllimlə dörd-beş dəfə məşq elədik. Bəyanatda qeyd edirlər ki, partiyanı təhvil vermişəm, səsimi bəyənməyiblər və operaya layiq bilməyiblər. İkinci dinləmə olmayıb, partiyanı təhvil verməmişəm. Deyirlər guya qalmaqallı olduğuma görə teatrdan uzaqlaşdırıblar. Teatra gəlişim bir il əvvəl olub, o vaxt isə nə “O ses Türkiyə” vardı, nə də başqa bir şey. Heç bir qalmaqalda adım hallanmırdı. Ümumiyyətlə, məni tanıyan yox idi.

Acun Ilıcalını məhkəməyə veməyimə gəlincə, o, mənim şəxsi işimdir.

Xuraman Qasımova haqqımda danışdıqdan sonra bəzi solistlər məni tənqid eləməyə başladılar. Xuraman xanım bəyanata cavab verib. O, məni tanıyan insan kimi çəkdiyim əziyyəti bilir. İstedadıma bələddir. Əsas gətirirlər ki, diplomum yoxdur. Çünki təhsil haqqını ödəməyə imkanım yox idi. Mən konservatoriyanı bitirmişəm, dördüncü kursda imtahan da vermişəm, diplom işim də var. Aida obrazını canlandırmışam. “Yutub”da hər kəs izləyə bilər.

Ödəniş edə bilmədiyimə görə diplomumu ala bilmirəm. Bu o demək deyil ki, savadsızam. Uşaqlıq illərində beş il Musiqili Teatrın xorunda çalışmışam. Bununla fəxr edirəm. Bəzi solistlər mənə təhqir olaraq yazırlar ki, keçmiş xor ifaçısı və s. Yəni Musiqili Teatrı Opera və Balet Teatrından aşağı bilmək nə dərəcədə düzgündür? Mən fəxr edirəm ki, Musiqili Teatrda xor ifaçısı olmuşam.

- Sizi tənqid edənlər kimlərdir?

- Əvvəllki müsahibələrimdə heç bir solistin adını çəkmədim. Əvəzində təhdid və təhqirlərə məruz qaldım. Əməkdar artist Cahangir Qurbanov duet ortağım Mahmut Akına zəng edib, təhdid edib. Səs yazısı var. Xuraman xanım cavab verdikdən sonra opera ifaçıları məni təhqir etdilər, şəxsiyyətimə toxundular. Özü də Azərbaycanın əməkdar artisləri…

Onlardan biri – əməkdar artist İlahə Əfəndiyeva mən operaya gələnə qədər, rəfiqəm olub. Teatra gedəndən sonra mənimlə münasibəti kəsib. Onun da məni təhqir etdiyi səs yazısı var. Hazırda həmin qeydlər hüquq mühafizə orqanlarındadır. Araşdırma aparılır.

Sosial şəbəkədə təhqir edən başqa aktyorları da polisə verəcəm. Heç kimin insanın şəxsiyyətini təhqir etməyə haqqı yoxdur. Tural Ağasiyev və həyat yoldaşı Nərminə Ağasiyeva da ünvanıma böyük təhqirlər yazıblar.
Teatrdan uzaqlaşdırmağımın başqa səbəbini də açıqlamaq istəyirəm: Deməli, məşqimdən üç həftə sonra partiyanı təhvil verməli idim. Bütün solistlər təşvişdə idilər. Bir gün nahar edirdik. İlahə dedi ki, Toma xanım xatırlayısınızmı, üç il əvvəl bu otağa girəndə qorxurdum, utana-utana girirdim. Amma yeni gələnlər burada oturur, yemək yeyirlər, başımıza çıxırlar. Biz də yemək yeyirdik. Otaqda isə təzə gələnlərdən yalnız mən idim. Toma xanım da gözümün içinə baxa-baxa dedi ki, necə gətirmişəmsə, elə də göndərərəm. Səhəri gün Toma xanıma məşqi öyrənmək üçün zəng etdim. Dedi artıq sən gəlmə. Müzetta roluna Avropadan başqa solist gəlir. Şok oldum. Onlar məni belə uzaqlaşdırdılar.

- Xalq artisti Samir Cəfərov deyib ki, Gülşən İbadovanın opera oxuması yüksək səviyyədə deyil. Xorda ifa edənlər ondan yaxşı oxuyur. Bu ittihamla razısınızmı?

- Bu sözləri xalq artisti Samir Cəfərov deyir. Amma xalq artisti Xuraman Qasımova ondan qat-qat yüksəkdədir. Xuraman Qasımovanın haqqımda fikir bildirməsi hamıya cavabdır. Xuraman Qasımovanın “Hazırda teatrda oxuyan solistlərin əksəriyyətindən Gülşənin səsi dörd-beş dəfə güclüdür” deməsi onları qıcıqlandırıb. Yəni o söz onları hiddətləndirib. Heç zaman Samir Cəfərov haqqında danışmamışam. Hər şey göz qabağındadır. Samir Cəfərov mənim səsimi ilk dəfə İlahə Əfəndiyevanın toyunda eşidib. Hətta mənə yaxınlaşıb dedi ki, niyə bu vaxta qədər səsini tanımamışam? İndi məni təhqir edənlər İlahənin toyunda səsimi bəyənənlərdir. İlk vaxtlar mənim Toma xanımla münasibətlərimin yaxşı olması digər solistləri narahat elədi. Çünki bütün rolları əzbər bilirəm.

Onlar qorxdular. Musiqiçi insan çox həssas olur. Belə bir vəziyyətdə psixoloji sarsıntı keçirdim. Amma hər şeyin öhdəsindən gələcəm. Mənə nə zaman imkan veriblər ki, öz ifamı genişləndirim? Pis olsam, Azərbaycanın ən hörmətli bəstəkarı və vokal müəllimim Hicran Bədirxanlı Leyla Əliyevanın sözlərinə mahnı yazıb, oxumağı mənə həvalə eləməzdi. Avropanın məşhur bəstəkarı yeni əsərini mənə hədiyyə edib. İnşallah, oxuyacam. Səsim pis olsaydı, Almaniyanın böyük şirkəti mənimlə müqavilə bağlamazdı. Hazırda danışıqlar gedir.

Bütün mədəniyyət ocaqlarına səslənirəm ki, gənclərin istedadlarının qarşısını almağa imkan verməyin!

Aylin


Müəllif:

Oxşar xəbərlər