Bu gün filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının təqdimat mərasimi və imza günü keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Qulu Məhərrəmli, Qəşəm Nəcəfzadə, Kənan Hacı, Məti Osmanoğlu və digər ədəbiyyat nümayəndələri iştirak ediblər.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktor və ön sözün müəllifi akademik Rafael Hüseynovdur.
İlk dəfə kitab təqdimatı keçirdiyini bildirən İradə Musayeva bu kitabın özəlliyindən danışıb: "Həyatımda ən xoş, fərəhli günlərdən birində yanımda olduğunuz üçün hamınıza təşəkkür edirəm. İlk dəfədir kitab təqdimatı keçirirəm. 724 səhifəlik bu kitab ən çox sevdiyim kitabdır. Çünki bunu daha böyük ağrı ilə yazmışam.
Bu, ədəbi prosesin içərisndə bütün varlığı ilə mücadiləyə qalxmaq istəyən bir müəllifin kitabıdır. Əslində bütün kitablar ağrıdan yazılır. Hamımızın gülüb, zövq aldığımız "Molla Nəsrəddin" də ağrılardan doğulmuşdu".
Müəllifin sözlərinə görə, nə qədər modern olsaq da, müasirləşsək də içimizdə Azərbaycan insanının qədim bir obrazı var: "Mənim yazmaq istədiyim və yazdığım hər söz, hər cümlə məhz Azərbaycan insanının düşüncəsinə zərrə qədər də olsa təsir etmək məqsədi daşıyır.
Kitaba daxil olan istənilən məqalədə hətta məlum məsələlərə də yeni gözlə baxmaq istəmişəm. Nizami Gəncəvinin poema yox, romanlar yazdığını, Nəsiminin ədəbiyyatşünaslıqda yalnış tədrisi, təbliği, tədqiqini faktlarla sübut etməyə çalışdım.
Görkəmli ədəbiyyatşünas Həmid Araslıdan üzü bu yana demək olar ki bütün tədqiqatçıların kitablarında Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda qadın hüquqsuzluğundan söhbət açılır. Görün nə qədər yalnışlığa yol veririk. Kitabda bu problemə də öz münasibətimi bildirmişəm".
Kitabın sonuncu fəslində İradə Musayevanın xeyli sayda müsahibələri çap olunub ki, əslində bu ədəbi söhbətlərin də mətni sırf ədəbiyyat və ədəbiyyatşünaslıq problemlərindən bəhs edir.
Tədbirdə çıxış edənlər kitabı ədəbi tənqid nöqteyi-nəzərindən yüksək qiymətləndirib, onun ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti kimi istifadə oluna biləcəyini qeyd ediblər.
Nərmin
Fotolar Elçin Murad