21 İyul 2017 09:05
3 626

Mənə bənzəmək çox çətindir. Hətta mümkün deyil. Məni yamsılamaq lazım da deyil. Bu heç kimdə alınmayacaq da!

Əgər bir problemin varsa, çalış, yoluna qoy. Əgər yoluna qoya bilmirsənsə, bunu da problem eləmə! Bu devizə əməl edib pozitiv yaşayan insanlar azdır. Onlarla söhbət etməyin zövqü isə böyükdür. Tanınmış teleaparıcı Mətanət Əliverdiyeva mənə bu zövqü yaşada bildi.

- Mətanət xanım, 18 ildən çox radioda ancaq səsinizi eşidə bildik. İndi isə Azərbaycanın məşhur simalarındansız. Niyə o 18 ildə sizi efirdə görmədik?

- Səsimi ki, eşitmisiz? Bəs deyil? (Gülür) Məncə, 18 il eyni radioda, eyni vaxtda, eyni səsi eşitmək də yetərlidir. Bu, hər insana nəsib olmur... Böyük rəqəmdir. Elə deyilmi?!

- Elədir! Bəs yaxşı, tanınmaq necə bir hissdir? Tanınandan sonra nə dəyişdi?

- İnsan təkcə televiziya sahəsində tanınmamalıdır ki... Hansı peşənin sahibi olursan ol, əsas odur ki, iz qoymağı bacar. Mən çalışmışam ki, iz buraxım, yadda qalım. İnsanın səhvləri də çox olur. O, bütün işləri səhvlərinin sayəsində öyrənə- öyrənə gəlir və beləcə püxtələşir. İnsan istəsə hər sahədə məşhurlaşa bilər. Yaxşı xadimə olaraq da sən məşhurlaşa bilərsən. Xarici dövlətlərdə belədir. Bir də görürsən bir xadiməni və ya bir fəhləni barmaqla göstərib elə tərifləyirlər ki... Onun kimisi yoxdur deyirlər. Məşhur elə o demək deyil ki, efirə çıxım, məni tanısınlar. Bu o məşhurluq deyil. Mənim üçün məşhur olmaq odur ki, nəsə bir iz buraxıb gedəsən. Televiziya da elə sahədir ki, göz qabağında olursan və çalışırsan ki, tamaşaçı sevgisini qazanasan. Məşhur var ki, heç kim onu sevmir. Məşhur da var ki, onu xeyli tamaşaçı sevir. Əsas elə bu sevgini qazanmaqdır.

- Siz əsasən hansı mövzularla gündəmə gəlirsiz?

- Mən həmişə işimlə gündəmə gəlmişəm. Mən iş göstərirəm, işimlə tanınıram. Hələ ki, heç kim barmağı ilə göstərib deməyib ki, bu hadisə oldu, bunu elədi, onu elədi.

Məni görənlər deyirlər ki, “a 5 gəlin - Mətanət”, “a Gündəlik - Mətanət”, “a Qız atası – Mətanət”... Məni yalnız işimlə tanıyırlar. Mən bu şöhrəti gördüyüm işə görə qazanmışam.

- Sizdən sonra gələnlərdə özünüzə aid nüanslar hiss edirsizmi? Yəni sizə bənzəməyə çalışan aparıcılar varmı?

- Mənə bənzəmək çox çətindir. Hətta mümkün deyil. Allah məni belə yaradıb. Mənə necə bənzəmək olar ki? Mən heç kimi özümə bənzətmirəm. İstəməzdim də kimsə məni yamsılasın, təqlid etsin. Təqlid yalnız aktyorlara məxsusdur. Bunu yalnız aktyorlar edə bilər. Sənə də özünü kənardan görmək maraqlı gələ bilər. Amma hər bir insan öz işinə peşəkarcasına yanaşmalıdır. Məni yamsılamaq lazım da deyil. Bu heç kimdə alınmayacaq da!

- Aparıcı var ki, əlindəki kağızı yoxa çıxdısa, özünü itirir və söz tapa bilmir. Siz isə gözüyumulu da efirə çıxıb səhərdən-axşama durmadan maraqlı məlumatlar ötürə bilərsiz...

- İllərin aparıcısı var ki, 10-15 ildir efirdədir, baxırsan ki, heç əlindəki kağızın üzündən də oxuya bilmir. Vurğunu düz vura bilmir. İnsan öz işinə həvəslə yanaşmalıdır, həvəs göstərməlidir. Elə çıxım, özümü göstərim, paltarımı, saç düzümümü göstərim. Bu, efir deyil!

Mən 95-ci ildən radioda çalışıram. Üstəlik də sonrakı televiziya təcrübəsi. Özünüz qeyd etdiyiniz kimi - 18 il!

18 il bilirsiz nə deməkdir? 18 ilin söz ehtiyatını yığmaq deməkdir. Mən yığa bildim. Kim yığa bilməyib bilməyib də. Mən öz üzərimdə işləyən aparıcıyam və öz səhvlərimi görməyi bacarıram. Canlı efirdir, nəsə bir səhv edə bilərəm, onu sonradan düzəldirəm, ikinci dəfə təkrarlamamağa çalışıram. İstər həyatımda, istər efirdə, istər danışığımda, istər hərəkətimdə!

- Sizi qıcıqlandıran bir həmkarınız var?

- O qədər... Hansı birini deyim? Çoxdur. Bu dəqiqə televiziya sahəsində peşəkar insanlar azdır. Var, amma təəssüf ki, çox az.

- Sosial şəbəkələrdə aktivsiz?

- Mən sosial şəbəkələrdə yoxam. Heç vaxt olmamışam. Bundan sonra da olmayacağam. Amma fanlar var ki, mənim adıma profillər açıb şəkillərimi qoyurlar. Adıma səhifələr işədirlər. Hətta mənim adımdan fikirlər də yazırlar, kimləsə danışırlar. Hamı bilsin ki, o mən deyiləm. Mən bunun qəti əleyhinəyəm. Amma neyləmək olar? Bu elə bir sahədir ki, onların qarşısını almaq mümkün deyil. Kim necə istəyir, eləcə də idarə edir. İstərdim ki, bunun qarşısı alınsın. Əgər mənim adıma səhifə yoxdursa, necə açmaq olar? Necə idarə etmək olar? Belə şeyləri tənzimləyən xüsusi bir adamın olmasını istərdim.

- İmicinizi formalaşdıran nə oldu?

- İmicimi formalaşdıran həyat oldu. Həyat səni elə formalaşdırır ki... Ondan o tərəfi yoxdur... Həyat, başqa heç nə!

- Özünüzdən tez çıxıb əsəbiləşənsiz?

- Hə... (Gülür)

Məni tanıyanlar çox yaxşı bilir ki, mən hirslənəndə özümdən necə çıxıram. Necə də özümü ələ alıram. Bir saniyədə özümü elə ələ ala bilirəm ki, elə bil heç nə olmayıb. Bunu çox peşəkarcasına edirəm. Hər bir insanın işində, evində problemləri olur, əsəbiləşir. Mənsə çox emosional olduğumdan hər bir hadisəyə dərhal çox ciddi reaksiya verirəm. Bax onda Mətanət “part” deyə, dərhal partlayır və 1 saniyəyə də sönür. Belə...

- Tamaşaçıların tanımadığı, bilmədiyi bir xarakterinizdən bəhs edin bizə...

- Yox, onu mən deyə bilmərəm... Çox maraqsız olar. Hər şeyi açıqlayıb töksən, hər şeyi desən olmaz... Tamaşaçıların görmədiyi o qədər xüsusiyyətlərim var ki... İnşallah, Allah izn versə, televiziya sahəsində qaldığım müddətdə yavaş-yavaş hər şeyi görəcəklər... Bütün kartları açıb ortaya qoymaq olmaz. Hissə-hissə...

- Qızınız yoxdur. Amma mənə elə gəlir ki, sizdən qıza rəfiqə kimi ana olardı.

- Həyatda qızım yoxdur, amma serialda 4 qız anasıyam. Qızları çox istəyirəm. Xanımları sevmək, əzizləmək lazımdır. Onların xətrinə dəymək olmaz.

- Ailənizə, oğlanlarınıza vaxt ayıra bilirsizmi?

- Bir ana kimi, təbii ki, uşaqlarıma da vaxt ayırıram. Onları da eşidirəm, onları da dinləyirəm. Çalışıram ki, onların da problemləri olanda daima yanlarında olum.

- Şoubiznesdə dostunuz var?

- Şoubiznesdə yaxşı dostlarım çoxdur. Xanım da var, kişi də. Təkcə müğənnilərdən yox, aktyorlardan da var. Yaxşı ki, onlar var.

- Bəs sözü üzə dediyinizə görə sizə düşmən olan var?

- Sözü üzə dediyinə görə sən düşmən qazanmırsan, sadəcə, ən zəif insanı tanıyırsan. Qarşındakı kişidirsə və qadının sözündən küsürsə, o ən zəif adamdır. Düşmənə qaldıqda isə mənim üçün düşmən birdir.

- Heyvanları sevirsiz?

- Dəhşətli dərəcədə sevirəm. Sevirəm nədi? Küçədə gördüyüm kimsəsiz heyvanlara belə qulluq edirəm. Mağazadan kolbasa, sosiska, süd alıb onlara verirəm.

- Həyatınız çətinlikləmi keçib? Həyatdan gözləntilərinizi ala bilmisizmi?

- Həyat çətin olmasa, onun qədrini bilmərik. Hər bir insanın həyatında çətinlik olur. Mənim həyatımda da olub. İndinin özündə də var. Sadəcə mübariz olmaq lazımdır. Çətinliklər var deyə, oturub ağlayası deyiləm ki! Pozitiv olmaq lazımdır. Mən pozitiv insanam. Mənim üçün çətinlikləri dəf etmək özü bir zövqdür.

- Sizin üçün həyat hansı rəngdədir?

- Göy qurşağı 7 rəngdədir. Mənim həyatımda isə 107 rəng var. Ağ-qara deyilən br şey yoxdur. Daim istəyirəm dünyamız rəngli olsun. Mən həmişə “5 gəlin” verilişində də deyirəm. Səmamız rəngli olsun. Daim sülh olsun. Həyat şüarım da budur. Mən həyatımı rəngli etməliyəm. O rəngləri də özüm seçirəm. Həyat mənim üçün pilləkən kimidir. O pilləkənləri qalxdıqca mən həyatımı rəngləyirəm. Qarası da olur. O qaranı da dərk etmək, bütün çətinlikləri yaşamaq lazımdır. İnsan özü öz həyatını rəngləndirməyi bacarmalıdır. Biz öz həyatımızı qururuqsa, onun rənginə də özümüz nəzarət etməliyik.

- Hansı fəsli sevirsiz?

- Daha çox yazı sevirəm. Qış qurtaranda deyirəm ki, nə gözəl yaz gəlir, Novruz bayramı gəlir. Həm də yaz fəslində dünyaya gəlmişəm axı... Yazın sonu sevinirəm ki, yay gəlir. Yaydan sonra isə bütün əhvalım dəyişir. Payız və qışla heç aram yoxdur.

- Ürəyinizdə qalan arzunuz?

- Arzularımın hardasa 95 faizi yerinə yetib. Qalıb 5 faizi... O da ki, inşallah yerinə yetər. O 5 faiz ancaq övladlarımla bağlıdır. Böyük oğlumu evləndirmək, balacaya yaxşı təhsil vermək... Başqa heç bir arzum yoxdur.


Müəllif: Könül Əlibəyli