1 Dekabr 2018 09:39
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, Liatris Holdinqin və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı şiddətə son” şüarlı sosial aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə qadın zorakılığı və ona qarşı mübarizə ilə bağlı videoçarx göstərilib.

Sonra tədbir iştirakçılarına qadın zorakılığının səbəbləri və ona qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verilib.

Bildirilib ki, dünyada hər üç qadından biri fiziki zorakılığa məruz qalır.

Cinsi zorakılığa məruz qalanların sayı isə daha çoxdur. Heç bir ölkədə qadınlar zorakılıqdan azad deyil. Bunun əsas səbəbləri kimi maddi vəziyyətin aşağı olması, narkotik və içki aludəçiliyi göstərilir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemə qarşı birgə addımların atılması üçün BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qadınların ən böyük dəstəkçilərindən olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva çıxışlarında daim bu mövzuya yer ayırıblar.

Tədbirin təşəbbüskarı Ruhi Əliyeva çıxışında hər kəsi qadın zorakılığına son qoymağa səsləyib.

O, qadına mərhəmət, nəvaziş göstərməyi alqışlayıb, zərif cinsin nümayəndələrinə qarşı istər fiziki, istərsə də psixoloji şiddəti kəskin qınayıb. R.Əliyeva hər kəsi bu önəmli mübarizədə fəal olmağa, zorakılığa məruz qalan qadınlara yardım əli uzatmağa səsləyib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Ramil Kazımov çıxışında bildirib ki, dünyada qadın zorakılığının qarşısını almaq üçün addımlar atılır. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür, ölkəmiz beynəlxalq qurumlarla əməkdaşlıq edir. Qadına qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır.

Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiya gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək.

Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək bildirib ki, qadın zorakılığına qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə aparılan sosial islahatlar bu istiqamətdə müsbət nəticələr verir. Sosial layihələrin təşkili insanların maarifləndirilməsinə kömək edir. Bu da ölkəmizdə belə halların azalmasına şərait yaradır.

Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən A.Əliyev bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsində mühüm addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək göstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirməkdir.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər