5 Fevral 2021 23:27
3 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də “Şərq-Qərb” ASC-də “Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj” layihəsi çərçivəsində qaliblərin mükafatlandırılması tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə münsiflər heyətinin üzvləri, media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü il açan nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı “Şərq-Qərb” ASC-nin regionun ən böyük nəşriyyat-poliqrafiya müəssisəsi olduğunu və indiyə qədər bir çox böyük və dövlət əhəmiyyətli layihələrə imza atdığını bildirib: “Artıq 35 ildir ki, fəaliyyət göstəririk və bütün bu illər ərzində bir-birindən dəyərli, dünya standartlarına cavab verən nəşrlərin hazırlanması, “Şərq-Qərb” adının poliqrafiya və nəşriyyat işi sahəsində brendə çevrilməsi üçün var qüvvəmizlə çalışırıq. Bir çox beynəlxalq sərgilərdə iştirakımız, aldığımız mükafatlar, nəşrlərimizlə tutduğumuz yerlər, bizi seçən, məhz bizimlə əməkdaşlıq edən qurumlar, görkəmli yazıçılar, ictimai xadimlər – bütün bunlar illərlə qazanılan nailiyyətlərdir”.

Nərgiz Cabbarlı daha sonra keçirilən növbəti layihənin əhəmiyyəti haqqında danışaraq müsabiqənin uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədi daşıdığını deyib.

Nəşriyyatın direktoru Sevil İsmayılova qonaqları salamlayaraq münsiflər heyətinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən münsiflər heyətinin üzvləri – Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, rəssam Mir Teymur Məmmədov, gənc rəssam Orxan Qarayev, şair, məşhur “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə, aktyor Bəhram Bağırzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, uşaq ədəbiyyatının nümayəndələri şair, yazıçı Sevinc Nuruqızı, yazıçı Aygün Bünyadzadə qalib gələnləri təbrik ediblər, layihə ilə bağlı ürək sözlərini bildiriblər.

Daha sonra müsabiqə qaliblərinin adları elan olunub.

Müsabiqədə 3-cü yerləri Hüseynova Sevil Elmar qızı, Əliyeva Gülnar Şahvələd qızı, Məmmədova Ləman Əhəd qızı tutub.

2-ci yerin qalibləri Quliyeva Sevinc Əlikram qızı və Binnətova Kubra Həmid qızı elan edilib.

1-ci yerin qalibi isə Qurbanova Afər İlqar qızı olub.

Qaliblərə 1-ci yer 3000 manat, 2-ci yer hər birinə 1000 manat, 3-cü yer hər birinə 500 manat pul mükafatı və nəşriyyatın hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com