“Elə bilirdilər, mən adət-ənənələrimizi ələ salıram”
İncəsənətə gəlişi təsadüfi olub. Bir neçə il öncə yaradıcılığında dönüş edərək xalça sənətinə üz tutub. İndi yaratdığı xalçaların yalnız bir redaktor tərəfindən yaradılmış qrafik rəsmlər deyil, real olduğunu təsəvvür etmək çətindir. Bir sözlə, Azərbaycanın qədim ənənəsi - xalça sənəti gənc rəssamın əsərlərində fərqli formada təzahür edir. O əsərlərini gözəl hesab eləmir və tənqidlərə hər zaman açıq olduğunu deyir. Müsahibim əsərləri İngiltərə, Almaniya, İtaliya və Rusiyada uğurla nümayiş olunan gənc rəssam Faiq Əhməddir. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə təhsil alıb. 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Bienalesində təmsil etmək üçün seçilib. Qeyd edək ki, sentyabr ayından etibarən bu ayın sonuna kimi rəssamın əsərlərindən ibarət “Duru Fromalar” sərgisi Dubayda Cuadro Qaleriyasında nümayiş olunur.
“Rəssam olmaq istəmirdim”
“Uşaq ikən çəkdiyim rəsmlərə baxanlar mənim rəssam olacağımı deyirdilər. Mənsə rəssam olmaq istəmirdim. İdmanla məşğul olurdum və gələcəkdə də peşəkar idmançı olacağıma ümid edirdim. Məktəbin son sinifində oxuyanda bərk zədə aldım və beləcə idmandan uzaqlaşmalı oldum. Ondan sonra özümü incəsənətə həsr etdim. Çünki bacarıqlarımdan biri də o idi. Gələcək göstərdi ki, o vaxt verdiyim qərar heç də səhv qərar deyilmiş. Təhsilimi Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə aldım, amma paralel olaraq rəngkarlıqla, dekor işləri ilə məşğul olurdum. Soruşursunuz ki, universitet mənə nə verdi? O, indi məşğul olduğum incəsənət üçün demək olar ki, heç nə vermədi. Sadəcə, təhsil aldığım dörd il çox maraqlı keçdi, orada mövcud olan ab-hava insanı rəssam edir. Müəllimlərimin hamısını çox istəyirəm, amma bu, həqiqətdir ki, onların verdikləri informasiya indi artıq lazım deyil”.
“Dəmir xalçalar”
“Rəssamlıqdan başqa digər maraqlarım var. Onlardan biri qədim yazıları araşdırmaqdır. Orxan-Yenisey yazılarında rumları tədqiq etdiyim dönəmlərdə öyrəndim ki, bəzi sufilər öz biliklərini xalçalarda gizlədirlərmiş. Rumları bilən sufilər biliklərini xalçada əks etdirərək gələcək nəsillərə ötürürmüşlər. Bu hekayə məni maraqlandırdı və xalçaları araşdırmağa başladım. 2010-cu ilin əvvəllərində rəssam kimi işlədiyim beş xalça istədiyim kimi alınmadı, çünki texnologiyasını öyrənmədən işə başlamışdım. Növbəti il dəmir xalçalar layihəmi gerçəkləşdirdim. Ənənəvi xalçalara əsasən istilik mənbəyi kimi baxılır. Mənsə xalçaya başqa nöqteyi-nəzərdən yanaşdım. Bəlkə ona görə, xalçalarım soyuq təəssürat yaradır”.
“Qarşı çıxanlar var idi”
“Mənə qarşı çıxanlar da vardı. Onlar elə fikirləşirdilər ki, mən adət-ənənələrimizi ələ salıram. Amma əsla belə fikirləşmirdim. Kifayət qədər milli mentalitetə, ənənələrə hörmətlə yanaşan biriyəm. Bununla belə mentalitetimizdə olan bəzi keyfiyyətlərin dəyişməsini istəyirəm. Bu bəlkə də mənim özümlə əlaqədar bir nüansdır. Təbiətcə çərçivələri sındırıb, başqa formada yaşamağa çalışan adamam. Çox vaxt bu enerji məni pis istiqamətə yönəldirdi, amma görünür həmin enerji incəsənətə yönələndə daha xeyirli olur. Mən yeni və fərqli üsulla xalçaya yanaşdım. Demirəm ki, xalçalarım gözəldir. Xalça elə bitkin, bütöv kompozisiyadır ki, sonradan onda gözəllik yaratmaq mümkün deyil. Bundan sonra onu ya xarab etmək, ya da təqdim etdiyim formada hazırlamaq mümkündür. Əslində, mənim formamda da xalça bir az eybəcərləşir, amma bütün hallarda fərqlidir. Ümumiyyətlə, fikirləşirəm ki, incəsənət gözəl olmalı deyil. İncəsənət təsir etməyi bacarmalıdır. Bütün əsərlərim ürəklə hazırlanır və inanıram ki, insanlara təsir edə bilir”.
“Gənclərin çoxu öz ənənələrimizə üz tutdu”
“2000-ci ildən mən və dostlarım Leyla Axundzadənin təşkilatı sayəsində müxtəlif ölkələrin sərgilərində iştirak etməyə başladıq. Anladıq ki, biz, əslində, xarici rəssamlardan çox zəifik. Etdiyimiz hər şey artıq onlarda var və hətta daha yaxşı səviyyədədir. Nə etsək də onlardan on addım geridə qalacaqdıq. Ona görə mənim kimi çox gənc öz ənənələrimizə üz tutdu. Məsələn, Rəşad Ələkbərov naxış, Fərid Rəsulov şəbəkə, mən isə xalça ilə işləməyə başladım. İndi əminliklə demək olar ki, Azərbaycanda müasir incəsənət əsərlərinin kökündə bizim qədim sənət növlərimiz, ənənələrimiz dayanır. Bu güc hər zaman, hər yerdə hiss olunur. İndi Azərbaycanda əsərlərimə qarşı tənqid yox, tərif eşidirəm. Lakin həqiqi tənqidləri hər zaman dinləməyə hazıram”.
“Yeddi min manatdan başlayır”
“Gənc rəssamlarla işləyirəm. Onlar mənə əsər gətirəndə məsləhətlərimi verib gerçək tənqidlərimi bildirirəm. Özümün də elə bir tənqidçim olmasını istərdim. Təəssüf ki, tənqidçilər yoxdur. Bir də Azərbaycandakı rəssamlara kuratorlar lazımdır. Başqa narahatçılığımız demək olar ki, yoxdur. Son illər müxtəlif layihələr həyata keçirildi. Onlardan biri də ”Yarat"dır. Bu layihə rəssamlara çox geniş imkanlar verir. Ondan başqa Neft Fondunun təşkil etdiyi sərgiləri də qeyd etmək istəyirəm. "Bakıya uçuş" sərgisi müxtəlif ölkələrdə təşkil olundu və Azərbaycanın tanıdılmasında mühüm rol oynadı. Hazırda kolleksionerlər rəssamların işləri ilə maraqlanırlar. Bəlkə də indiyə qədər Azərbaycanda kolleksionerlərin ən az müraciət etdiyi rəssamlar məhz bizlər, yəni müasir incəsənət rəssamları olub. İndi əsərlərimizi alırlar. Bu, inkişafdır. Əsərlərim qalereyada 7 min manatdan 20 min manata kimi satılır. Sifarişlə işləmirəm. Konsepsiya əsasından əsərlərimi hazırlayıb, sərgilərdə təqdim edib, satışa çıxarıram. Maliyyə məsələləri ilə qalereyalar məşğul olur. Mən, əsasən, “Yay” qalereyası təqdim edirəm. Qalereya rəssama bir sərginin maliyyəsini verir, əsərlər hazır olandan sonra sərgidə təqdim olunur və onlar alınır. Artıq mənim sərgilərimin çoxu xaricdə baş tutur. Əsər yaradan rəssam onu hansı qiymətə satacağı barədə düşünürsə, bu, artıq biznesdir, incəsənət deyil. Kreativ ideyalar, ən yaxşı incəsənət maliyyənin olmadığı vaxtda yaranır. İndiki nəsil təəssüf ki, mənim nəslimin çətinliklərini görmədi və görməyəcək də. Onların ideyaları çox gözəldir, amma texniki cəhətdən zəifdirlər".
“Onu ailə qurmayan qızlar edirdilər”
“İnanıram ki, həyatım, bu mərhələyə qədər gəldiyim yol maraqlı bir hekayədir. Maraqlı və eyni zamanda çətindir. Doğrusu, öz sənətimdən danışmaq mənim üçün çətindir, çünki bu, şüuraltı gedən prosesdir. Mənə insanların reaksiyaları maraqlıdır. Əsərlərim vasitəsilə insanlarla danışıram. Onların əsərlərimə münasibəti, əslində, mənə olan reaksiyalarıdır. Sözlərim mənim əsərlərimdir. Yalnız bir əsərimin konkret hekayəsi var. Venetsiyada təqdim olunan xalçanın iplərinin süzülməsi təəssüratını yaradan əsərimi nəzərdə tuturam. Vaxtilə mən uşaq olanda Göyçayda bir ənənə var idi: nənələr qızlara toxumağı, kətana müxtəlif cür naxış vurmağı öyrədirdilər. Bu toxumalar göstərmək üçün deyildi. Adətən onu ailə qurmayan qızlar edirdilər. Ailə qurandan sonra qızlar daha bu cür toxumurdular. Aradan illər keçdi, bir gün həmin toxumaları toplamaq üçün kəndə qayıtdım. Kimdən soruşdumsa, həmin toxumaların artıq qalmadığını dedilər. Belə çıxırdı ki, bu ənənə unudulub. Həmin əsər məhz o ənənənin itməsi, yoxa çıxmasına həsr olunmuşdu”.
Nərmin Muradova