11 Oktyabr 2022 17:44
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda ölkədə iki böyük kitab sərgi-yarmarkası keçirildi: biri “Qanun” nəşriyyatının təşkilatçılığı ilə Milli Kitab Sərgisi, digəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən Beynəlxalq Kitab Sərgisi. Bəs görəsən ajiotaj yaradan, tamaşaçı marağına səbəb olan bu sərgilər Azərbaycan kitab mühitində hansı nəticələrlə yekunlaşdı?

Teleqraf.com bu və digər suallarla bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab olaraq nazirlik bildirib ki, beynəlxalq kitab sərgilərinin funksiyalarından biri də kitab sənayesi sektorunun mövcud potensialını və perspektivlərini ictimaiyyətə təqdim etməkdir: "8-ci Bakı Beynəlxalq Kitab Sərgisi həm yerli iştirakçıların sayı, həm təqdim olunan nəşir çeşidi, həm də nəşriyyatların xüsusi stendlərlə təmsil olunması baxımından əvvəlki yeddi sərgi ilə müqayisədə ciddi şəkildə fərqlənib.

Bir fakt qeyd edək ki, sərgi zamanı yalnız “Qanun” nəşriyyatı tərəfindən 20 mindən çox kitab təqdim olunub. Bütün bu göstəricilər ölkəmizdə kitab sənayesi sektorunun yüksələn xətt üzrə inkişaf etdiyinin göstəricisidir.

Hər bir sahənin spesifik problemləri var, kitab sənayesi sektorunun ən aktual, eyni zamanda ənənəvi problemi nəşriyyatlar üçün alıcı azlığı (oxucu), oxucular üçün isə dünyada trendə çevrilən kitabların qısa zamanda ölkəmizdə buraxılması və nəşrin qiymətinin münasib olmasıdır".

Nazirlikdən bildirilib ki, dərginin qaliblərindən biri “ən çox oxunan müəllif” nominasiyası üzrə seçilib: "Sərgidə ən çox satılan kitabın müəllifi Ramiz Rövşən olub. Xalq şairinin imza saatı 45 dəqiqə nəzərdə tutulmasına baxmayaraq 3 saat davam edib. Detallı olaraq ən çox hansı kitabların satılması barədə bizdə məlumat olmur və sərgi iştirakçılarına bu tipli informasiyanın verilməsi də tələb kimi qoyulmur. Nəşriyyatlar bu barədə nəticələri elan etsələr yaxşı olar və bu faktor bizim üçün də maraq kəsb edir".

Bəs sərginin gözlənilməz imzası kim olub?

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, builki sərgidə ilk dəfə “fəxri yazarları”n iştirakı təmin olunub. Bu statusla Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey sərgiyə qatılıblar: "Hər iki şair çox maraqla qarşılandı. Ümumiyyətlə, sərgi zamanı böyük sayda auditoriya toplayacaq hər bir tədbiri, oxucu toplayacaq hər bir yazıçını proqnozlaşdırmaq mümkün idi. Hər birimiz istənilən yazarın cəmiyyətdə nüfuzunu, oxucu auditoriyasını bilirik. Sərgidəki bütün imzalar oxuculara tanışdır”.

Sərgidə ən çox hansı kitabın satılmasına gəlincə, nazirlik bu məsələ ilə bağlı nəşriyyatlarla əlaqə saxlamağı tövsiyə edib.


Müəllif: Nərmin Muradova