Azərbaycan Dövlət Akademik Musiqili Teatrı peşəkar milli teatrımızın yaranmasının 150 illik yubileyi münasibətilə "Premyeralar paradı" layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində təqdim olunacaq bu tamaşalar mart ayının 8-də və 11-də "Nəğməmə inan" (rus dilində), 9-da "Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq.
Tamaşalar axşam saat 19:00-da başlayır.
Xatırladaq ki, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır.
Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı" tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.