14 Yanvar 2015 12:01
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Demokratiyaya doğru irəliləmək əvəzinə Orta Şərqə tərəf sürüşməyə başladıq"

Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlunun analığın kariyera olduğunu bəyan etməsi fərqli reaksiyalara səbəb olub. Nazir bildirib ki, qadınlar bütün diqqətini analıq kariyerasına yönəltməli, ondan kənarda bir iş görməməli və əsasən, yaxşı nəsil yetişdirməlidir. Nazirin bu fikirlərinə ilk etiraz tanınmış yazar Elif Şəfəqdən gəlib. Türkiyənin məşhur jurnalisti Ayşe Arman Elif Şəfəqdən qadınlar barədə müsahibə alıb. Teleqraf.com Elif Şəfəqin fikirlərini təqdim edir:

- Analıq karyeradır?
-Təbii ki, yox!

- Sizi kim böyüdüb? Ananız necə qadın idi?
- Təkbaşına işləyən dul bir ana. Özü də 1970-ci illərin qapalı mühitində. Çalışan bütün qadınlara hörmətim böyükdür. Analıq müdhiş bir gözəllik və şükr ediləsi bir nemətdir. Amma qətiyyən karyera deyil!

- Səhiyyə nazirinin fikirlərinə ilk etirazı Siz etdiniz. Elif Şəfəqi narahat edən nə idi?
- Kişi siyasətçilərin davamlı olaraq qadınların yaşam tərzinə dair mülahizələri məni narahat edir. Bir də bu müzakirələrin necə bir mühitdə aparıldığına diqqət etmək lazımdır. Türkiyə qadına olan şiddətin hər gün daha da artdığı, qadın olmağın getdikcə çətinləşdiyi bir ölkəyə çevrilib. Dünyada gender bərabərliyi indeksinə görə 142 ölkə arasında 125-ci sıraya düşmüşük. İşləyən qadınlarımızı dəstəkləyib stimullaşdırmaq, onlara ürək-dirək vermək əvəzinə bunun tamam əksinin şahidi oluruq.

- Sizcə, bu fikirlər səmimidir, yoxsa yürüdülən siyasətin tərkib hissəsidir?
- Belə problemli bir mühitdə bu sözlər insanı qayğılandırır. Unutmayaq ki, siyasətçilərin şərhləri ərklə deyilən sözləri xatırladır. Nazirin fikirlərini eşidən sadə vətəndaş nə düşünür? Məsələn, arvadının işləməsini istəməyən hansısa kişi “Cənab nazir də belə nəsihət etdi, arvadım işləməsin” deməz? Deyər. Bu ifadələr gender bərabərsizliyini dərinləşdirir. Qadın hüquqları baxımından belə problemli bəyanatlar ard-arda gəlirsə, normal olaraq ortada sistematik bir dövlət siyasətinin olduğu ilə bağlı narahatlıq yaranır. Pisliyin qaynağı qadınlardır? O cürmü görürlər? Qadınlar ana olarsa, xoşbəxt olacaqlar? Mühafizəkar İslam mədəniyyətində onsuz da kişi azad sözə sahib olub. Camaatlar, təriqətlər, siyasi partiyaların hamısında kişilər azaddır. AKP öz bəyanatları və fəaliyyətləri ilə bunu aşa bilmədi, əksinə tamamilə gücləndirdi. Orta Şərqə baxaq. İctimai sahədə və siyasətdə həmişə kişilər var. Tək-tük nümunə istisna olmaqla qadınlar hər zaman evdədir. Qadının enerjisi gömülüb, kişiyə xas enerji isə hər yerə sirayət edib. Halbuki demokratik ölkələrdə qadın və kişinin enerjisi tarazlıq halındadır. Qadınlara yalnız ana və həyat yoldaşı kimi qiymət verilən ölkələrdə sivil toplum inkişaf edə, demokratiya yetkinləşə bilməz. Demokratiyaya doğru irəliləmək əvəzinə Orta Şərqə tərəf sürüşməyə başladıq ... Bu ölkədə qadınların yüksək səslə gülüb-gülməməyi belə müzakirəyə səbəb olur. Sanki qadın azad və müstəqil olarsa, təhlükə yaradar. Sadəcə siyasətçilər, yaxud bürokratlar deyil, fərqli kəsimin nümayəndəsi olan kişilər də bu cür düşünür. Bu, maraqlı bir paradoksdur. Qadınları ucaltdıqları görüntüsü altında əslində davamlı olaraq onların əlini-qolunu bağlayırlar. Qadınlara ana olduqları üçün nə qədər uca və əhəmiyyətli varlıq olduqları deyilir. Ya da zərif bir çiçək, gül olduqları. Halbuki mən nə çiçək-kəpənək olmaq istəyirəm, nə də uca! Bərabər olmaq istəyirəm. Azad fərdlər olmaq istəyirik!

- Sizcə, bu düşüncə sahibləri hesab edirlər ki, çalışan qadın “yaxşı ana” ola bilmir?
- Çalışan qadın niyə pis ana olsun? Təbii ki, belə bir şey yoxdur. Şəxsən mənim yaxşı ki, çalışan anam var idi. Bu, məni həyatda daha da inkişaf etdirdi. Mühafizəkar kişi siyasətçilər qadınların şəxsi həyatlarına dair mülahizələr irəli sürürlər. Halbuki mən Türkiyədə heç bir qadın siyasətçinin çıxıb kişilərin necə kişi olmaları, necə geyinmələri, ya da neçə uşaq lazım olduğu ilə bağlı fikirlərini eşitməmişəm.

- Məsələn, Siz “pis ana”sınız?
- Mən həm anayam, həm də yazaram. Analığım yazarlığımı, yazarlıq da analığımı zənginləşdirir. Eynilə bir çox həmcinsim ana olmaqla yanaşı, bank müdiridir, yaxud ana olan qadın həm də müəllimədir. Dünya bu mövzularda tam fərqli bir istiqamətə doğru gedir. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqarde Yaponiya hökumətinə iqtisadiyyatlarını yaxşılaşdırmaq üçün gernder bərabərsizliyinin aradan qaldırılmasını tövsiyə edib. Qadın nə qədər çox evdən kənarda çalışarsa, həm ölkə iqtisadiyyatı, həm ictimai rifah üçün o qədər yaxşıdır ...

- Bəs bizdə ana olmayan qadınlar hansı kateqoriyaya daxildir?
- Bu, özlüyündə ayrı-seçkiliyi ehtiva edir. Uşaq dünyaya gətirməyən və övladı olmayan qadınlara qarşı mənfi hiss var. Bu da çox böyük haqsızlıqdır! Özünü inkişaf etdirən, oxuyan və xəyallarını reallaşdıran qadın daha yaxşı ana ola bilər. Çünki xoşbəxt və azad bir fərddir. Amma qadınları kateqoriyalara ayırmaqdan və müqayisələrdən tamamilə imtina etməliyik. Evdar xanım da çox yaxşı ana ola bilər, işləyən qadın da. Qadını qadınla yarışdırmağı qəbul etmirəm..,

Tərcümə etdi: Nərgiz


Müəllif:

Oxşar xəbərlər