Gülüstan sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 29-31 oktyabr 2023-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə Musiqi forumunun açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən danışıb: "Hər birinizi Ümummilli lider Heydər Əliyevin yüz illik yubileyinə həsr edilmiş Musiqi forumunda salamlayıram. Musiqi forumu Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə silsiləli forumların davamıdır. Dördüncü forumdur ki, baş tutur. Bu gün isə mədəniyyətimiz üçün əhəmiyyət kəsb edən Musiqi forumu keçirilir. Azərbaycan musiqisi, onun inkişafı, gələcək nəsillərə ötürülməsi, Azərbaycan milli musiqisinin ənənələrinin yaşadılması, inkişaf etdirilməsi və dünyaya tanıdılması məqsədi ilə çox maraqlı mövzularımız müzakirə olunacaq.
Ulu Öndər hər zaman Azərbaycan mədəniyyətinə və incəsənətinə xüsusi yer ayırıb. Onun həyat və xüsusilə siyasi fəaliyyətində mədəniyyət və incəsənət daim diqqət mərkəzində olub. Musiqiçilərimiz, mədəniyyət xadimlərimiz, incəsənət xadimlərimiz hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə edilib".
Adil Kərimli qeyd edib ki, pezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır: "Biz də Mədəniyyət Nazirliyi olaraq, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdəyik".
Mədəniyyət naziri üç günlük forumdan gözləntilərini də açıqlayıb: "Öz tövsiyə və fikirlərinizi mütləq şəkildə bizə təqdim etməyinizi xahiş edirik. Ola bilər ki, burada çıxış üçün vaxt məhdudiyyəti olsun, o halda öz tövsiyələrinizi bizə yazılı formada təqdim edin ki, bu təkliflər qiymətləndirilsin, nazirliyin yol xəritəsinə əlavə edilsin".