Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva 1 mart tarixində Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib. Teleqraf.com xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumatı təsdiqləyib və bildirib ki, tamaşanı izləyən qonaqlar arasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və başqaları da olub. Mötəbər qonaqlar Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə yüksək səviyyədə keçən tamaşadan razı qaldıqlarını, belə uğurlu səhnə əsərlərinin teatr sənətimizin inkişafına, ümumilikdə, Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildiriblər.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Əliməmməd Novruzov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edib.
Nərmin