Bakı Musiqi Akademiyasında mərhum dirijor, əməkdar incəsənət xadimi, professor Azad Əliyevin əziz xatirəsinə həsr olunan Azərbaycan Televiziya və Radiosunun “Niyazi” adına simfonik orkestrinin müşayiəti ilə konsert keçirilib.
Teleqraf.com xəbər verir ki, konsert Az TV-nin Musiqi Kollektivləri və Bakı Musiqi Akademiyası birgə təşkilatçılığı ilə reallaşıb.
Gecəni musiqişünas Ceyran Mahmudova açaraq mərhumun həyat və yaradıcılığından danışıb. Daha sonra çıxış edən Musiqi Kollektivlərinin bədii rəhbəri, Səsyazma Evinin direktoru Ramil Qasımov Azad Əliyevlə bağlı xatirəsindən söz açıb. O vurğulayıb ki, ona hər zaman dayaq olan mərhum sənətkar mütamadi olaraq onunla müxtəlif unudulmuş əsərlərə yeni həyat verərdi. Onun sözlərinə görə, televiziyanın “Niyazi” adına simfonik orkestri Azad Əliyevin rəhbərlik etdiyi vaxtlarda özünəməxsus və məhsuldar dövrünü yaşayıb: “Azad Əliyev hər zaman mənə dayaq olardı. Mərhum sənətkar mütamadi olaraq mənimlə müxtəlif unudulmuş əsərlərə yeni həyat verərdi. Mən onun əziz xatirəsinə hər zaman böyük məhəbbətlə yanaşıram. Buna görə vaxtı ilə onun dirijorluq etdiyi əsərlərdən ibarət CD disk toplu çıxartmağı özümə borc bildim”.
Daha sonra Ramil Qasımov mərhumun sevdiyi, musiqisi Cahangir Cahangirova, sözləri İslam Səfərliyə məxsus “Alagöz” mahnısını ifa edib.
Gecədə dirijorlar əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Nazim Hacıəlibəyov iştirak ediblər. Həmçinin Cavad Tağızadənin dirijorluğu ilə Qərbi Avropa və Azərbaycan klassik musiqiləri ifa olunub.
Nərmin