Şamil Nəcəfzadə: “Son dövrlər Azərbaycan kinosunu Azərbaycan tamaşaçısından uzaq saldıq”
“Gecə qonağı”, “Ay Brilliant 2", ”My name is İntiqam 2", “Bir ovuc sonsuzluq”... Bu filmlər yeni kino mövsümündə tamaşaçılara təqdim olunacaq ekran əsərləridir. Əlbəttə, kommersiya kinosu sahəsində...
Əldə etdiyimiz məlumatlara görə, Tahir İmanov yeni film çəkir və hələlik xəbər tutmadığımız digər analoji filmlərin ərsəyə gətiriləcəyi ehtimalı böyükdür. Bu, onu deməyə əsas verir ki, yerli filmlərə maraq var.
“Davamı gələcək, inkişaf da olacaq”
Həm özəl sektorda, həm də dövlət xətti ilə film çəkən Ülviyyə Könül vəziyyətin inkişafa doğru getdiyini deyir: “Sevinirəm ki, Azərbaycanda filmlərin belə kütləvi çəkilişi prosesi başlayıb. Başlayıbsa, deməli, davamı gələcək, inkişaf da olacaq. Bir film yaxşı alınmasa, o birisi baxımlı olacaq, rəqabət mühitində daha güclüsü qalib gələcək. Gəlir gətirməyən film repertuardan çıxacaq. Hamı başqasını ötməyə çalışacaq. Sağlam rəqabət içərisində yaxşı filmlər də çəkiləcək. Ona görə bu mərhələdə qüsurların, iradların olması normal qarşılanmalıdır.
Ötən mövsüm ərzində təqdim olunan iki filmə baxmışam. Onlardan biri “Yarımdünya”, digəri “Bir milyon manat. Şerlok Holms və Doktor Vatson”dır. İkinci film mənim daimi işlədiyim operator Elmir Süleymanovun rejissor kimi debüt işidir. Onun işinə yaxından bələdəm. Hətta film ekranlara çıxmamışdan ona baxıb iradlarımı rejissora da bildirmişəm.
“Yarımdünya”da baş qəhrəmanı oynayan Gülsaranın səsini mən səsləndirmişəm. Bu da Tural Əsədovun dəvəti ilə gerçəkləşdi. “Yarımdünya” dram, o birisi isə detektiv komediya filmidir. Mən isə romantik-komediya janrında bir film çəkmək istəyərəm".
“Risk etdik”
“Ay Brilliant” filminə xərclədiyi maliyyəni bilet satışı ilə çıxaran, ilk kino işində özünü prodüser kimi sınayan İlkin Həsənli həm özünün, həm də həmkarlarının qüsurlarından danışıb: “Öncə tamaşaçılara minnətdarlığımı bildirmək istəyirəm, çünki onlar Azərbaycanın özəl kino sahəsinə dəstək oldular. Gəldilər, filmimizə baxdılar və məhz onların sayəsində ikinci filmlərimizə ürəklə başlaya bilərik. Riskli bir iş idi, filmə qoyduğunuz pulu geri qazanmaya da bilərdik. Amma, əksinə oldu.
İlkin mərhələdə bizim də, həmkarlarımızın da müəyyən qüsurları oldu. Planla qurulan filmlərin hamısı uğur qazanır, plansız bazara çıxarılan ekran əsərləri kənarda qalır. Aprel ayında 9 yerli film bir-birinin ardınca nümayiş olunmağa başladı və əcnəbi filmlərlə rəqabətdə nəticə göstərə bilmədilər. Ona görə də aprel ayında bazara çıxan yerli komediyaların əksəriyyəti uğursuz oldu.
Bu sahədə marketinqi düzgün qurmaq çox önəmlidir. Filmin piarı, tanıtımı planlı şəkildə aylar öncə aparılmalıdır. Biz “Ay Brilliant” üçün bu işi planlı şəkildə etdik, piara yanvarda başladıq. Filmi kinoteatra da uyğun zamanda çıxarmaq lazımdır. Xatırlayırsınızsa, biz də filmimizi dekabr ayında təqdim etmək istəyirdik, amma “Xoxan”, “My name is İntiqam” o ərəfələrdə nümayiş olundu. Ona görə qərara aldıq ki, nə onlar bizə, nə də biz onlara mane olaq".
“Film gülməcələrdən ibarət olur”
Aktyor Azər Axşamın yerli film çəkənlərə iradı filmlərdə peşəkar aktyorların azlığı və ssenari problemidir: “Filmlərdə peşəkar aktyor azdır. Peşəkar aktyorları daha çox çəkmək lazımdır. Bir də filmlərin ana xətti yoxdur. KVN dili ilə desək, ”şutka"lar çəkilir. Filmə baxırsan, başdan-ayağa gülməcələrdən ibarətdir. Əla zarafatlardır, lətifələrdir, amma filmin ideyası ilə heç bir əlaqə yoxdur. Biz aktyorlar həmişə bu “şutka”larla mübarizə aparırıq. Bu mənada ssenari böyük bir işdir. Ssenari varsa, demək, ortada iş var".
“Dirçəliş mərhələsindəyik”
Rejissor Şahin Zəkizadə Azərbaycan kinosunun indiki durumunu belə analiz edir: “Kinomuz dirçəliş mərhələsindədir. Yaxın dostum Samir Kərimoğlunun çəkdiyi ”Xoxan" filminə baxmışam. Samir çox istedadlı rejissordur. Filmə bilet alıb getmişəm, hətta biletin fotosunu çəkib Samirə də göndərmişəm.
Aktyor ifası baxımından Elməddinlə Fərda filmdə tamamilə fərqli oyun tərzi nümayiş etdiriblər. O da Samirin əməyidir. Digər filmlərə baxa bilməmişəm. İlkin Həsənli də, Müşfiq Şahverdiyev də bizim dostumuzdur və onların filmlərinə baxacam".
“Bu işdə peşəkar iştirakı vacibdir”
Kinorejissor Şamil Nəcəfzadə kommersiya kinosu sahəsində dirçəlişi müsbət hal kimi qiymətləndirir: “Biz Azərbaycan tamaşaçısını yerli filmlərə baxmağa cəlb etməliyik. Çünki son dövrlərdə Azərbaycan kinosunu Azərbaycan tamaşaçısından uzaq saldıq. O dərəcədə uzaqlaşma baş verdi ki, bu gün tamaşaçı elə bilir, daha Azərbaycanda film çəkilmir. Ən çətin dövrdə belə ildə ən azı bir film ərsəyə gətirilib. Sovet İttifaqı dağılandan sonra ölkəmizdə 50-yə yaxın film çəkilib. Bunları Azərbaycan tamaşaçısı görmür. Görmür deyə, elə bilir ki, kino yoxdur.
Heç olmasa kommersiya filmləri vasitəsilə Azərbaycan tamaşaçısını kinoteatrlara qaytarmaq lazımdır. Kinomuza yenidən maraq naminə bu, müsbət addımdır. Ümid edirəm ki, bunların ardınca son dövrlər çəkilən, ciddi beynəlxalq festivallara aparılan, mükafatlar qazanan filmlər də nümayiş olunacaq.
Sadəcə, mən çox istərdim ki, kommersiya filmləri peşəkar səviyyədə çəkilsin. Peşəkar kinematoqrafçıların iştirakın bu işdə çox vacibdir. Qonşu peşələrdən gələnlər hər halda bu peşəni dərindən bilmədiklərinə görə çətinlik çəkirlər".
Nərmin