18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
2009-cu ildən başlayaraq ölkəmizdə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.
Nərmin