Kalmık Milli Dram Teatrı Bakıya gəlir. Teatr “Qızıl balıq” və “Sevən qadın” tamaşalarını Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim edəcəklər.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər oktyabr ayının 9-dan – 11-dək baş tutacaq.
Qeyd edək ki, səfər iki teatr rəhbərliyi arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən gerçəkləşəcək.
Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan “Qızıl balıq” tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiyanın əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.
“Sevən qadın” tamaşasının quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Sandji Pursyakov, Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, “Qızıl balıq” tamaşası oktyabr ayının 9-da saat 12.00; 14.00; 16.00-da, oktyabr ayının 10-da saat 10.00; 12.00; 14.00; 16.00; 18.00-da, oktyabrın 11-də saat 10.00; 12.00 və 14.00-da, “Sevən qadın” tamaşası oktyabr ayının 11-də saat 19.00-da nümayiş etdiriləcək.
Nərmin