Teleqraf.com tənqidçi İradə Musayeva ilə müsahibəni təqdim edir.
– İradə xanım, ilk olaraq soruşum ki, siz şeiri hansı prinsiplərlə dəyərləndirirsiniz?
– Təbii ki, konkret prinsiplər və meyarlar yoxdur. İlk növbədə poetik çağırış olur əsil şeirdə, bu “poetik çağırış”ın içərisinə çox keyfiyyətlər daxildir.
– Məsələn...
– Avaz, ritorik əsəb, etiraz, qəzəb və s. də ola bilər, intonasiya fərqliliyi, pafos və lirizm... Məna da çox vaxt elə bu poetikanın özündən doğur. Fikir sonra gəlir. Çoxmənalı fikir ola bilər, amma poetik çağırış, şeiriyyət yoxdursa, aforizmlər və atalar sözləri elə ən yaxşı şeir hesab edilə bilər.
– Şeirdə ideya axtarırsınızmı?
– Şeirlərin adətən bir cümləlik ideyası olur. Roman deyil ki... Bu bir cümləlik ideyanı Nizami Gəncəvi demişkən “bəzəkli don”da təqdim edəndə insanın ruhunu oxşayır, könlünü açır. Hətta kədərli motiv üzərində qurulsa belə. Məsələn, mənim tez-tez pıçıldadığım misralar kimi:
Mən bir termos şüşəsiyəm
Çilik-çilik olmuşam
Tökülmüşəm içimə
Eh, kimin nə vecinə...
– Müəllifi kimdir bu misraların?
– Bu İsa İsmayılzadənin şeirindəndir. Onun çox gözəl poetikası vardı. Elə bil şeir yazmaq istəyəndə əvvəl şeirin avazını tuturmuş – musiqisini, havasını zümzümə edirmiş, sonra sözlərini o “bəstə”nin içərisinə yerləşdirirmiş. Hər halda mən oxucu kimi belə düşünürəm... Onun “Yağış gölməçəsi” şeiri var.
Damcılar göylərdən əlini üzdü,
Buludlar
özünə boylanmaq üçün –
bulanıq güzgütək gölməçələri
torpağa düzdü.
Yağdı, tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq «hamamı» yağdı.
Yağış gölməçəsi buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
«Atını» göylərdə sürdü çoxusu
ayağı çırmalı uşaqların da.
Çİlik-çilik oldu gölün yuxusu
çubuq köhlənlərin dırnaqlarında.
Uşaqlar yollandı yuxu dalınca.
Onların doluxmuş izi soğuldu,
Göy göyə çəkildi,
payız – ağaca,
Gölməçə kor oldu –
elə bil, torpağın gözü soğuldu.
Arabir göylərə boylanmaq üçün,
gəlinlər kimi,
özünə daha çox inanmaq üçün
torpağa güzgü də,
köz də gərəkdir.
Bu, sərbəst şeirdir. Burada ritm, intonasiya, qafiyə, bölgü, fasilə, vurğunun yeri və s. şeir texnikası elementlərini nəzəri baxımdan təhlil etməmişdən şeir öz sözünü dedi... Şeir nizamdır, hisslərin, duyğuların səliqə-səhmana salınmasına xidmət edən poetik ovqatdır, məncə. Onun müəllifi onu yaradanda nə hecaları sayır barmağı ilə, nə hecaların uzun və qısalığını tutuşdurur, nə də “sərbəst şeir yazacam”- deyə hisslərinə sərbəstlik əmri verir... Şeir bədii yaradıcılıqda ən təbii prosesdir, doğuşdur. Heç müəllifini də “saymır” bəlkə, öz-özünə gəlir, gedir...
– O necə olur?
– Bu cür...
Aman Allah, o buludlar kimindir?
O səs hardan gəldi, haraya getdi?
Bir ömür vermişdin şair olmağa,
O da vaya düşdü, haraya getdi...
Bu dörd misrada sual, kədər, təəssüf, nisgil, yumor var. Şeir özü gəlib Vaqif Səmədoğlunun hisslərinə və düşüncələrinə. Ya yağışlı bir gündə pəncərənin qarşısında dayananda, ya dənizin kənarında ucsuz-bucaqsız boşluğa tamaşa edəndə, ya da heç kəsin zəng eləmədiyi, məktub yazmadığı, özünü unudulmuş hesab etdiyi tənhalıq günlərinin birində.
– Bu dedikləriniz ehtimallarınızdır, yoxsa nəzəriyyə?
– Bilirsiniz, bax mənim bu ehtimallarım ki var indi saydım, bunları düşünəndə mən özüm də poetik ovqat yaşadım. Bunların hamısı poetik məqamlardır. Ən azından həmin “ehtimallı günlərin” birində biz bu şeir parçasını pıçıldayır və rahatlanırıq. Rəsm əsərlərində olduğu kimi xəyalımızda kompozisiya da qururuq. Kədərlənirik, təəssüflənirik, dünyanın belə boşluğu, ömrümüzün sanki külək qanadlarında ötəri gəlib-gedən bir “ heçlik” olması nisgili ürəyimizə qəhər gətirir. Məncə, şeir belə olur...
– İradə xanım, sizcə, 90-cı illərdən sonra şeirimiz hansı yeniliklərlə yadda qaldı?
– Yeni bir intonasiya olmadı. Təsirlər hesabına yaranan şeirlər çoxluq təşkil etdi, şeirin nə olduğunu hiss edə bilməyən insanların çoxlu “şeir kitabları” çap olundu, təqdimat mərasimləri təşkil edildi və s. Amma şairlər yarandı. Üslubunu tanıda bilən müəlliflər meydana gəldi... Əgər 40-50-60-cı illərdə - “Ya Səməd Vurğun!”- deyib gəlirdilərsə şeirə, 50-ci, 60-cı illərdə R.Rzanın sərbəsdə yeni tərzli poetik düşüncə sahiblərini (F.Qoca, Ə.Kərim, Ə.Salahzadə, İ.İsmayılzadə, V.Səmədoğlu və b.) dəstəkləməsi və onların “poetik həqiqətlərini” məktəb, üslubi istiqamətlər birliyi şəklində təbliğ etməsi poeziyamızı yekrənglikdən xilas etdi... Bu gün bu çoxrənglilik hiss olunmur. Hər qırıqlanmış sətirlər şeir kimi sırınır. Bir az da dolaşanda, fikrin başını, ayağın yığa bilməyəndə ya “postmodernist şeir” deyirlər, ya da “fəlsəfi düşüncələr”...
– Bəs necə bilirsiniz, bu günün şeiri əsas hansı tələblərə cavab verməlidir? Şeir üçün çağdaş meyar nədir?
– Əlbəttə, meyar bayaq dediyim kimi konkret deyil, xüsusi tələbləri də yoxdur. “Tələb” sözünün canında, semantikasında “zor”, “güc”, “qadağa” sözlərinin çaları, enerjisi, təsiri var. Sənət isə təzyiqi sevmir. Xüsusilə də şeir kimi incə, həssas bir məqamda yaranan sənət.
– O zaman sualı başqa cür qoyaq. Müasir şeirimizin ənənəsi hardan gəlir? Nizaminin, Nəsiminin, Füzulinin, Xətainin ilahi eşq düşüncəsindənmi, yoxsa Molla Pənah Vaqifin gözəlləmələrindənmi?
– Müasir şeirimizin 90 faiz şairi bicdir. (gülür) Əsli-nəsli bilinmir. Biz demirik şeir əsilli-nəsilli olmalıdır, amma hər müəllifdə bir şair xisləti olur ki, onun da kökünü, ənənəsini, babasını elə arif oxucu özü tapır. Məsələn, şair var ki, oxuyan kimi bilirsən ki, bu, tutaq ki, Yunis İmrəni çox sevir və onun şeirlərinin çoxunu bəlkə də əzbər bilir. Şair də var ki, bəlkə də o heç Yunis İmrəni oxumayıb, amma onun şair xislətində Yunis İmrəlik var... Birinci təsirdir, ikinci genetik yaddaş.
– Şeirin genetik yaddaşı nə deməkdir ki?
– Məsələn, V.Bayatlının bu şeiri genetik yaddaşdan gəlir:
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
– Sovetlər dağıldı və biz müstəqil olduq. Şeir təfəkkürümüz də sovetdən müstəqilliyə keçə bildimi?
– Ölkənin müstəqil olmağı böyük nemətdir. Amma ölkə kimi müstəqil olmağın insan düşüncəsindəki müstəqilliklə əlaqəsini siz tez başa gələn bir proses kimi düşünməyin. Bu gün biz niyə roman yaza bilmirik? Bu gün ədəbiyyatşünaslarımız niyə 30-cu illər ideoloji nəzəriyyələr meyarının metrini əlindən qoya bilmir, şairlər niyə hətərən-pətərən cızma-qaralarını nəşr etdirmək dərəcəsində gülünclüyə qol qoyur? Hətta onların karikaturalaşmış obrazı kimi Elza Seyidcahan faktı çıxdı meydana...
– Niyə?
– Çünki 37-ci illərdən qıc olmuş hisslərimizin keyi hələ tam açılmayıb. Çünki azad, sərbəst rahat düşünmək həzzindən məhrumuq. Obrazlı təfəkkür sərhədlərimiz məhdudlaşıb. Sovet ideologiyası yaradıcı insanların anasını ağlar qoydu. Böyük ədəbiyyat, böyük sənət yaratmaq üçün düşüncə erudisiyamız məhduddur.
– İradə xanım, sovet dövrü ilə müqayisədə poeziyamız nələr qazanıb və nələr itirib?
– Bu ifadəni o qədər də xoşlamıram – amma, doğrudan ədəbiyyatımız axtarışdadır. Özü də yazarlarımız qəhrəmanlıq etmək istəyən, amma fiziki gücü çatmayan, yaralı əsgər, “Mən sizə göstərəcəm!” – deyib təkrar-təkrar imtahan verib kəsilən məktəbli uşaq kimi çırpınır... Mən şəxsən bu istəyi və mücadiləni hiss edirəm. İnanaq ki, axtarış bir gün “qızıl yataqlarının” üstünə aparıb çıxaracaq bizi.
– Necə fikirləşirsiniz, 90-cı və 2000-ci illər ab-havası, iqlimi ən çox hansı imzaların şeirlərində özünü aydın şəkildə göstərə bildi? Yəni zamanımızın şairləri kimlərdir?
– 90-cı və 2000-ci illər mühitinin şairlərinin mövzusu, demək olar ki, çox oxşar idi. Belə ki, sanki hər kəs Qarabağdan, qaçqınlıq həyatından, düşməni hədələmək intonasiyalı vətənpərvərlikdən, tənhalıq və ölümdən yazmağı şair borcu hesab edirdi. Hətta Çeçenistandan yazmaq missiyası da bizim ədəbiyyatın “milli qeyrət” kateqoriyasına daxil olmuşdu. İtirilən torpaqlara, yanvar hadisələrinə ağılar həmin dövrün şeir, poema mövzusu idi. Təbii ki, eyni şeylərdən eyni yanğıyla yazanda üslublar bir-birinə oxşayır. Ona görə də zamanın şairləri elə “zamanın şairləri” kimi yadda qaldı...
– 90-cı illər şeirindən danışılanda ən çox Salam Sarvan, daha sonra Qulu Ağsəs, Xanəmir, Pərviz Cəbrayıl, Səhər Əhməd və s. qeyd olunur. Hətta Salam Sarvanı mərhələ yaradan şair kimi təqdim edənlər var. Sizcə, bu, şişirdilmiş bir münasibətdirmi, yoxsa həqiqətən də Salam müəllim müstəqillik dövrünün mərhələ yaratmış şairidir?
– Salam yaxşı şairdir. Onun gözəl poetik tapıntıları, konkret fikir, ideya sərhəddi cızmaq məharəti və özünəməxsus üslubu, şeiriyyət avazı var.
Miz üstə şair başı
başda şeir havası...
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.
Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də «bir»in üstə.
O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki «nə yazım?»
Lakin “mərhələ” çox geniş məfhumdur. Mərhələ nəinki onilləri, əsrləri belə əvəz etmək gücündə olan anlayışdır. Məsələn, Füzuli mərhələsi, M.F.Axundov mərhələsi və s. Kimsə ədəbiyyatı və onun təsiri ilə də cəmiyyəti silkələyəndə, sonrakı 50-100 il də onun haqqında söhbətlər, təhlillər bitməyəndə onun ədəbi fəaliyyəti mərhələ hesab olunur. Salam özü belə şeyləri bilir. O, imkan verməz ki, onun adından belə iddialı məsələlərdə istifadə etsinlər və onu ədəbiyyat tarixinin sualları qarşısında aciz buraxsınlar...
– Bir əsas məsələ də var. Niyə şeirimiz oxucu toplaya bilmir? Bunun səbəbini şeirin özündə axtarmaq lazımdırmı, yoxsa ümumi bir problemdir? Məsələn, niyə Ramiz Rövşənin oxucusu var, amma Vaqif Bayatlı daha az tanınır?
– Vaqif Bayatlı çox gözəl şairdir. Sadəcə, asan anlaşılan və dilə yatan olduğu üçün Ramiz Rövşənin şeirləri daha çox oxunur. Ələkbər Salahzadə də eləydi. Bu sözü çox demişəm. Ramiz Rövşənin sözüdür. Deyirdi ki, Ələkbər Salahzadə çox böyük şairdir, amma heyif ki, şairlər içində şairdir, kütlə şairi deyil. Bir də hecada yoxsa sərbəstdə yazmaq məsələsi də var. Ramiz Rövşən daha çox hecada yazır, qafiyələr, heca nizamı və s. də oxunaqlılığı artırır. Onları 80-ci illərdə təsadüfən üslub, mövzu baxımdan bir-birlərinə bənzətmirdilər. Çox obrazları, ifadə tərzləri, məcazlardan istifadə üsulları və s. bənzəyir. Məsələn, uzun illərdir ki, hələ tələbəlik illərindən mənim poetik yaddaşımda iki oxşar oğlan uşağı, taleyi, ümidləri, gələcəyi müəmmalarla dolu saf, dünyanın sarsıdıcı zərbələrinə hazır olmayan – iki oğlan uşağının bədii obrazı var.
Qonşu toyuna
On hasar oyana
Oynayan uşaq,
Çıx yarpaq altından
Ay baxır sənə, ay baxır sənə.
…Yağışdan təzəcə çıxmış
Göy üzü kimisən sən də,
Qonşu toyuna
On hasar o yana
Oynayan uşaq... (Vaqif Bayatlı)
– Möhtəşəm şeirdir...
– Bu da Ramiz Rövşənin şeiridir:
Durub göy üzünə daş atan oğlan,
Göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,
Kim qırxıb başını, salıb bu kökə?
Şalvarın, pencəyin özündən yekə,
Baxırsan, göy üzü gözündən yekə,-
Durub göy üzünə daş atan oğlan.
Hələ ki, başına gözünə qıymaz,
atdığın daşları saxlar göy üzü.
Atdığın daşları tutub əlində,
Səni illər boyu yoxlar göy üzü.
Qırxıq başın tüklənincə,
O dumduru gözlərin
bulaninca, çirklənincə,
atdığın daşları saxlar göy üzü.
Yediyindən yeyərsən,
Geydiyindən geyərsən,
böyüyərsən, böyüyərsən.atm balası.
Gözlərin böyüyər sən böyüdükcə,
gözündə yaş böyüyər.
Əllərin böyüyər sən böyüdükcə,
göy üzündə
atdığın daş böyüyər.
Baxt gülsə üzünə bu yer üzündə,
Ölümün ləngiyib gecikə bilsə.
O daşdan özünə bu yer üzündə
hasar çəkə bilsən, ev tikə bilsən.
Bir göy qurşağı tək ömrün uzansa,
Baxtına hər cürə rəngdın düşəcək.
Bir gün bu dünyada qəbrin qazılsa.
Bəlkə də, baş daşın göydən düşəcək.
…Durub göy üzünə daş atan oğlan,
Göy üzü daş saxlamaz...
– “Elmsiz şeir əsassız divar olur və əsassız divar qayətdə bietibar olur”. Füzulinin bu kəlamını çağdaş şeirimiz üçün əsas meyar hesab eləmək olarmı?
– “Elmsiz şeir” deyəndə Füzuli demirdi ki, məsələn, şeirdə riyazi məntiqə əsaslanan təsvir və tərənnümlər olsun. “Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur” - “elm” sözünü şair, fikrimizcə, sənətkarlıq məsələlərinə görə vurğulayır. Yəni, sadəcə məzmun, təsvir və tərənnüm yox, obrazlılığın qanunlarına – məcazlardan istifadə, üslub, metod, fəlsəfi düşüncə ilə əlaqələndirmə, janr spesifikasının özəlliklərini nəzərə alma və s. nəzərdə tuturdu. Onun ayrıca qəzəl, qəsidə, qitə haqqındakı nəzəri fikirləri də bunu sübut edir. Təxəyyüllə reallığın ağlabatan vəhdətini yaratmaq, sufi, dini-fəlsəfi baxış və ideyalardan istifadə etmək bacarığı da bu “elmi”liyə aid edilə bilər ki, Füzuli özü bütün bunların hamısına əməl etmişdi. Bir də Füzulinin mənsub olduğu ədəbiyyat – əruz ədəbiyyatı özü bir məktəb tələb edirdi. Əruz elmi...
– Bəzən şeiri qadın poeziyası və kişi poeziyası deyə iki yerə bölürlər. Bunu yanlış bir yanaşma hesab edirəm, amma istərdim ki, qadın şairlərimiz barədə xüsusi danışasınız. Müasir şeirimiz hansı qadın şairlərimizin çiynindədir?
– Vaxtilə mən “Şeirimizin bu günü, bu günümüzün şeiri” adlı iki hissəli məqaləmdə xeyli sayda qadın şairlərin şeirlərini təhlil edib, onları tənqid ya tərif etmişdim. Təriflilər içərisində Nisəbəyimi, Narıngülü, Xatirəni, Sevinc Pərvanəni (Elsevər) misal göstərmişdim. Yəqin başqaları da vardı, yadımda qalanları dedim. Nisəbəyimin də ən çox təkrarladığım misraları var:
Məndən vaxtı soruşma
Saat yoxdu qolumda
Mən ömrümü sürürəm
Binəqədi yolunda.
– Deyirsiniz ki, Nisəbəyim xanımın bu şeiri yaxşıdır?
– Təbii ki, bu, onun ən güclü şeiri deyil. Sadəcə məişət həyatımıza uyğun və asan yadda qalan olduğu üçün dedim. Onun silsilə şeirləri var ki, əməlli-başlı təhlil obyektidir.
– Abbas Səhhətin məşhur misralarını xatırlayaq: “Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz”. Sonra Qəşəm Nəcəfzadənin misralarını yada salaq: “Şuşam getdi, bir balam var, dinmədim, mənim kimi balan ölsün, ay vətən”. Nəhayət, Salam Sarvan: “Mən bu ana torpağı öz üstümdə yalnız toz-torpaq kimi gördüm”. Şeirdə vətənpərvərlik mövzusundan danışaq. Sizə görə vətənə münasibətdə bu düşüncə pilləkəninin başında kim dayanır, ortasında kim dayanır, ayağında kim? Və hansı pilləkən əsas götürülərsə, şeirimiz uğur qazanar?
– Kəramət, bu elə bir sualdır ki, gərək söhbətə yenidən başlayaq.
– Məncə, ümumi danışmaq mümkündür...
– Əvvəlcə “Vətən məsələsini” (yazıq Vətən!) həll eləmək, bu dilləri yağır eləmiş yetim kəlmənin anlamını açmaq lazımdır. Çünki çox böyük mövzudur. İnşa mövzusu kimi yox, onun “anatomiyasını” açmaq lazımdır.
– Necə yəni?
– Yəni bizdə və dünyada “Vətən” – deyəndə nələr düşünülür və s. Lakin Abbas Səhhət, Qəşəm Nəcəfzadə və Salam Sarvan sıralanmasında əlbəttə, Abbas Səhhət haqlıdır.
– Nə üçün?
– Populyarlığına, pafosuna, klassik mövqeyinə və müsbət yanaşmasına görə yox! Tarixi və fəlsəfi anlamına görə. Qəşəm Nəcəfzadə də, Salam da yəqin ki, o fikirdədirlər, sadəcə, sarkazm və istehza üsulundan istifadə ediblər. Həm də axı elə dövrdə yaşayırıq ki, Qəşəmin dediyi kimi, biz vətənin qarşısında xəcalətli, Salamın dediyinə görə isə vətən vətəndaşının qarşısında borclu qalıb...
– İradə xanım, bir sualım da var, ona da cavab verin söhbətimiz qurtarsın.
– Buyur.
– Poeziyanın əbədi və əzəli mövzusu var: sevgi. Homer də sevgidən yazırdı, bu günün ən gənc şairi də. Bəs çağdaş şeirimizdə sevgi mövzusu əyninə fərqli bir don geyinə bilibmi?
– Əlbəttə, sevgi əbədi və hətta hər kəsin müraciət etdiyi mövzudur. Amma sevginin fizioloji həzzinə uyub yazanlar uduzanlar, onu Homer və Füzuli kimi duyub yazanlar isə əbədiyyət qazananlardır...
Kəramət Böyükçöl