29 Dekabr 2015 13:17
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il ədəbiyyat tariximizdə nə ilə yadda qaldı? Tanınmış tənqidçi Əsəd Cahangir ötən ilin ədəbi hadisələrini Teleqraf.com üçün dəyərləndirir:

Həm “Mağara”, “Qar”, “Bir sevgi hekayəsi”, “Qədiməli kişi və onun bülbülü”, “Edam vaxtını dəyişmək olmaz” hekayələrinin, “Düma ilə Coys arasında” essesinin müəllifi kimi, həm də “Sehirbazlar dərəsi” romanının Amerikada nəşri, “Yarımçıq əlyazma” romanının İtaliyada mükafata layiq görülməsi, “Səhvlərimizin qrammatikası”nın Litvada yayımlanması, “Şah və şair” əsərinin səhnələşdirilməsi, nəhayət, Respublika Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi baxımından Kamal Abdulla ilin ən məhsuldar ədəbiyyat adamı adlandırıla bilər.

Elçinin Azərbaycan bədii nəsrində metafizik realizmin formalaşmasından, tarixə metatarixi baxışdan xəbər verən “Baş” romanı ilin ən ciddi ədəbi hadisəsi hesab oluna bilər.

Elçinin “Qatil” pyesi əsasında rejissor Kamran Şahmərdanın eyniadlı bədii film çəkməsi, onun “Şekspir” pyesi əsasında hazırlanan tamaşanın Türkiyədə “Rotary” mükafatına layiq görülməsi, “Şekspir”in Amerikada – Brodveydə səhnələşdirilməsi və görkəmli yazıçı-dramaturqun Respublika Prezidentinin fərmanı ilə “Şərəf” ordeni ilə təltif olunması faktlarını nəzərə alanda isə Elçini ilin ədəbi adamı saymaq olar.

Ədəbi-tənqid sahəsində də yaddaqalan faktlar oldu. Görkəmli ədəbiyyatşünas N.Cəfərovun Elçinin “Baş” romanına həsr olunmuş “Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun apokalipsisinə” məqaləsini ilin ən yaxşı ədəbi-tənqidi analizi hesab edirəm.

“Azərbaycan” jurnalında müstəqillik dövrünün ədəbi-tənqidi və poeziyasına həsr olunan dəyirmi masalarını ilin ən yaddaqalan ədəbi müzakirələri saymaq olar.

Qan Turalı və Şərif Ağayarın xalq yazıçısı Elçinlə müsahibəsini ilin ən ciddi ədəbi söhbəti kimi oxudum.

Yola saldığımız il bir sıra ölkələrdə Azərbaycan ədəbiyyatı antologiyalarının nəşri ilə əlamətdar oldu: “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” Moskvada rus dilində, “XX əsr Azərbaycan poeziyası” Daşkənddə özbək dilində, “Müasir Azərbaycan ədəbiyyatı” Londonda ingilis dilində, “Çağdaş Azərbaycan poeziyası” Tiflisdə gürcü dilində işıq üzü gördü. Bura Helsinkidə Azərbaycan Poeziyası gecəsinin keçirilməsini də əlavə etsək, 2015-ci il ədəbiyyatımızın dünya meridianlarına çıxması ilə əlamətdar oldu.

Tanınmış yazıçılardan Kamil Əfsəroğlunun “Tüfəng açıldı” və “Daşlı qala” kitabları ölkə daxilində dərc olunan bədii nəsr nümunələrinin yaddaqalan nümunələrindən oldu.

Eyvaz Zeynalovun Türkiyədə nəşr olunan “Eski bisiklet” (“Köhnə velosiped”) hekayələr kitabı isə ölkə xaricində işıq üzü görən kitablar arasında xüsusi seçildi.

Yeni nəsil yazarlardan Şərif Ağayarın, Mirmehdi Ağaoğlunun, Elvin Bakiroğlunun, Aqşin Evrenin, Ayxan Ayvazın nəsr və şeir nümunələri dərc olundu. Bunların sırasında Elvin Bakiroğlunun bu yaxınlarda yayımlanan sisilə şeirlərini xüsusi qeyd edərdim. Şadam ki, bir neçə il öncə onun kitabına ön söz yazanda məni az da olsa narahat eləyən tərəddüdlərdən getdikcə daha çox azad oluram.

Bütün söz və sənət adamlarına, ümumən xalqımıza qarşıdan gələn 2016-cı ildə uğurlar diləyirəm.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər