Teleqraf.com türk mətbuatına istinadən Nilufərin müsahibəsini təqdim edir:
Onunla söhbət edəndə özümü sabah məktəbə başlayacaq uşaq kimi, yazda açan ilk gülləri görürmüş kimi, yağışdan sonra torpağın qoxusunu içinə çəkirmiş kimi, yorulub yaxşı bir yuxuya gedirmiş kimi, sobadan təzə çıxan çörəyi yeyirmiş kimi hiss elədim. Nilufərin həyatının və karyerasının bu çağında özünü necə hiss etməsi də maraqlıdır.
Bu söhbətimizi dünyanın gündəmi olan terror və qaçqınlara ithaf elədik. Və Nilufər fikirlərini Atatürkün “Sənətçi alnında işığı ilk hiss edən insandır” ifadəsinə uyğun olaraq dilə gətirdi.
– 44 ildir səhnədə olan sənətçi olaraq özünüzü necə hiss edirsiniz?
¬ Bəzi bölgələrdə “Şəhərimizdə bir ulduz” adlı konsertlərə başlamağa qərar verəndən bəri özümü bu işə yeni başlayan balaca bir qızcığaz kimi hiss edirəm. Bir neçə gün hazırlaşmağa başladım, çamadanımı yığdım. Bu, kiçik bir qastroldur. Təəssüf ki, artıq əvvəlki kimi bütün ölkəni gəzib konsertlər verə bilmirik.
– Çoxdandır konsert vermirsiniz. Səbəb nədir?
– Fikirləşmirəm ki, geri çəkilmişəm. Məncə, lazım olduğu qədər ortalıqdayam. Yaz aylarında çox pis dövrdən keçdik. Terror hadisələri bizə çox acılar yaşatdı. Bir çox həmkarım kimi o ağır günlərdə mənim də konsert təşkil etməyim mümkün olmadı.
– Belə günlərdə həyata ümidləriniz ölür?
– Həqiqətən də, çox ağır günlər yaşayırıq. Buna görə ümidsizliyə qapıldığım çox olur. Ancaq sonra özümü ələ alıram. Sonra yenə bir hadisə olur və yenə ümidsizlik... İnsanlıq bu günə düşdüyünə görə çox ümidsizəm. Bəzən Türkiyəyə görə də çox ümidsizliyə düşürəm, amma sonra ölkəmizin nə qədər güclü olduğunu xatırlayıram. Türkiyə çox böyük və güclü ölkədir, ona heç nə olmaz. Amma hər gün yaşadığımız qarşıdurmalar, əsgərlərimizin şəhid olması, yazıq suriyalıların hər gün uşaqlarıyla birlikdə ölmələri... Bütün bunları dərk edə bilmirəm. Gör nə çətin vəziyyətə düşürlər ki, ilk dəfə gördükləri dənizdə ölməyi gözə alırlar. Sahildə belə gəzintiyə çıxmayacağımız qayıqlarla dənizə açılırlar. Üstəlik, yanlarında gələcəkləri, bütün ümidləri, yaşama səbəbləri olan uşaqlarıyla birlikdə...
– Özünüzü heç o qaçqınların yerinə qoymusunuzmu?
– Əlbəttə. Onsuz da kim özünü onların yerinə qoymur ki? Bunu təsəvvür edərkən belə ağlım uçur. Çünki o insanların niyə bu qədər əzab çəkib öldüklərinə heç bir məna verə bilmirəm. Məna verə bilmədiyim şeylər məni incidir, qəzəbləndirir. Nəticədə əldən salır. Artıq insanlar bir-birlərinə belə zülm etməməlidir. Artıq bir-birlərinin qiymətini bilməli, olanına şükr etməyi öyrənməlidir. İnsan övladı keçmişdə çox acı çəkib. Hələ də o acıları çəkiriksə, insanlığın dəyərindən danışa bilərikmi?
– Sizcə, insanlar nəyi bölüşə bilmirlər?
– Bunu mən də bilmirəm. Hərdən sosial şəbəkələrdə izləyicilərimə bu sualı verirəm. Dünyadakı insanlarla eyni havanı uduruq, eyni torpaqda yaşayırıq. Əslində, hamımız eyni gəminin içindəyik. Hər halda, dünyanın sonu yaxınlaşır. Nə iş görürük-görək, nə qədər pulumuz olur-olsun, hamımız kiçik bir insancığıq. Ətdən, sümükdən olan, vaxtı gələndə o dünyaya köçüb torpağa çevriləcək insancıq... Axırda sümüklərimiz torpağa qarışacaq. Belədirsə, bütün bu davalar, bu zülmlər, bu vaxtsız ölümlərin səbəbi nədir? Allahın verdiyi canı almaq kimin həddinədir? Heç kim qarşıda uzun ömrü olduğunu düşünməsin. Sabah kimə nə olacağı bilinmir. Onsuz da terrordan, xəstəlikdən, qəzadan, cinayətdən sığortalanmış olsaq belə, orta ömür 80 ildir.
– Bəs siz bu yaşda özünü necə hiss edirsiniz?
– Söz açdığım mövzuların xaricində şəxsi həyatımda heç vaxt bu qədər rahat, sakit, heç nəyi özümə problem eləmədən yaşadığım vaxtlarım olmamışdı. Həyatımın ən hüzurlu günlərini yaşayıram.
– Niyə məhz indi?
– Səbəbini bilmirəm. Birdən-birə içimə bir sakitlik doldu. İzah eləmək çox çətindir.
– Ötən illər sizə nələr öyrədib?
– İndiki ağlım 30-40 il əvvəl olsaydı, məni incidən duyğuları heç yaşamazdım da. Adam cavan vaxtı onu sıxan şeylərin qarşısını almağa çalışmır ki, hələ vaxtım çoxdur. Bax illər məni incidən mövzuların qarşısını almağı öyrətdi.
– Çətin vaxtınızda ilk olaraq hansı məsləkdaşınız köməyinizə çatar?
– Çoxu. Sezen Aksu, Ajda Pekkan, Şəhrizad çatar. Xəstələnəndə yanıma çox sənətçi dostum gəlmişdi. O vaxt rəhmətlik Kayahanla elə də görüşmürdük, amma həyat yoldaşı İpəklə birlikdə o da gəlmişdi.
– Karyeranıza baxanda nə görürsünüz? Heyfisləndiyiniz nələrsə var?
– Səmimi deyim ki, Türkiyədəki musiqi bazarının şərtləriylə edə biləcəklərimin ən yaxşısını eləmişəm. Elə olmasaydı, illər əvvəl oxuduğum mahnılar bu gün də xatırlanmazdı. Konsertlərimdə görürəm, 40 il əvvəl oxuduğum mahnıları yenə də arzulayır, bir ağızdan oxuyurlar. Bundan sonra heç nə eləməsəm belə, o mahnıları ifa edə, konsertlər verə bilərəm. Amma boş-boş oturmayacam. O həyəcanımı itirməmişəm, hələ də musiqilər, mahnılar məni həyəcanlandırır. Həm də ki, insan nəsə etməklə ayaqda dura bilir.
– Sizcə, həyatınızın ən böyük uğuru nədir?
– Tək yaşayan bir qadın olaraq heç kimin sözünə qulaq asmayıb, heç kimdən başqa formada dəstək almadan bu günə gələ bilməyim.
– Bəs ən böyük uğursuzluğu?
– Hər bir qadın kimi gənc yaşda evlənib iki-üç uşaq doğmamağım, normal və uzun ömürlü ailə həyatı yaşamamağım ən böyük uğursuzluğumdur.
– Evlilik sizin üçün hələ gərəksizdir?
– İndi evlənməyim mümkün deyil, amma gələcəkdə nə olacağını bilmirəm. Həyatdır...
Sevinc Fədai