Teleqraf.com Fərid Hüseynin yeni şeirlərini təqdim edir:
Son nəfəsimə qucaq daşlar
Peşman deyiləm:
uçduğuma görə qanadımdan vurulmuşam
və əbədi daşlar qucaq asıb son nəfəsimə.
Peşman deyiləm:
səndən özgə heç kəsi sevmədim,
"oğru apardığın qaytarmaz", bilirəm...
Peşman deyiləm,
bəbəklərimə köçürmüşəm həbsxana millərini,
və sizin azadlığınızı dəqiq görürəm.
Peşman deyiləm,
yaddaşımla günahları qırmaclayıb
içimdəki əzazilin zülmündən ölürəm...
Peşman deyiləm,
güzəran həvəngdəstəsində
içimdəki mif qəhramanını əzirəm...
Peşmanam, gərək deyim düzünü:
taleyimi güzgütək gözümə salıb,
kor elədim özümü...
Müharibə
Qadınım öləndə
hamı güllə səsində gizlənmişdi –
özüm yudum,
kəfin-dəfin elədim,
torpağa tapşırdım.
Qayıdıb evə gördüm ki, yoxdu o,
yüyürüb çaydan soruşdum:
- ağlasam daşarsanmı?
Dinmədi...
Üz tutdum tarlaya
soruşdum pambıqdan -
kəfəni yaraşırdımı ona?
Lal idi...
Gəldim torpağın yanına,
baxdım – qadınım ordadı...
güllə səsisə yoxdu...
Evə çatanda gördüm oğlum
kürəyini güllə səsinə söykəyib ağlayır...
...göz yaşını sildim torpağın...
Peşman
Möhlət ver, İlahi
ölümdən sonra mənə,
cəlladımın qanlı əllərinə su tökməyə.
Möhlət ver, İlahi, mənə,
düşmənləri təbrik edib,
doğmaları kiritməyə.
Ömür çatmadı,
ölüm görən çatarmı,
yazdığım kağızlardan
mürəkkəbi silməyə?
Nənəm üçün
Nənəm kor idi –
küçələrsə çökək-çökək.
Onda mən uşaq deyildim –
bir cüt göz idim.
Nənəm öldü,
sonra asfalt çəkdilər küçələrə.
İndi mən koram –
nənəli çökəkliklərə...
Yalan
Televizor kimi danışan adamlar tanıdıq –
üzünü görmədiyimiz
və heç vaxt da görməyəcəyimiz
radioümidlər verdilər bizə.
Bir gün qandıq ki,
səadəti vaxtı dəyişdirilən
veriliş kimi gözləmişik.
Təklik
Mən Onu sevəndə
ailəmizin sayını bir nəfər çox deyərdim –
səhv tutardılar məndə.
İndi barmaqlarımı qatlayıram –
diriləri ayrı,
ölüləri ayrı sayıram –
hamı əskik gəlir ömrümdə...