Tanınmış müğənni İlqar Muradovun baş rolu oynadığı “Xeyir və Şərin rəqsi” filmi yaxın günlərdə təqdim olunacaq.
Bunu Teleqraf.com-a açıqlamasında İlqar Muradov deyib.
Müğənni filmin artıq hazır olduğunu bildirib: “Film hazırdır, məndə olan məlumata görə, yaxın aylarda təqdimatı olacaq”.
Aktyor sənətinin çətinliyindən danışan müğənni güman edir ki, daha filmlərə çəkilməyəcək: “Heç vaxt rol oynamaq haqda düşünməmişdim. Amma rejissor Yavər Rzayev məni Dronqo obrazında gördüyünü və çəkmək istədiyini deyəndə razılaşdım. Komissiya da mənim üzərimdə seçim etdilər. Çəkildim, amma bu sənətin çox çətin olduğunu deməliyəm.
Neçə illərdir müğənniliklə məşğulam. Aktyor kimi isə ilk işim idi. Ona görə mənə çətin gəldi. Ümid edirəm ki, rolum da, film də uğurlu alınıb”.
Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanı əsasında detektiv janrında “Xeyir ilə Şərin rəqsi” adlı tammetrajlı bədii filmin çəkilişləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aparılıb.
Filmin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə digər rolları Məbud Məhərrəmov, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdar Zeynalov, Rasim Cəfərov, Şükufə Yusupova, Münəvvər Əliyeva və digərləri ifa edirlər.
Pərvin