3 May 2015 09:38
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan -2015” Beynəlxalq Şahmat Festivalının ilk turu başa çatıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq şahmat festivalının iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən təntənəli açılış mərasimindən sonra festivala start verilib.

Festivalın ilk turunda “A” qrupunda yer almış keçmiş dünya çempionu, yarışın ən yüksək reytinqli şahmatçısı, özbəkistanlı Rustam Kasımcanov ilə Azərbaycan şahmatçısı, beynəlxalq usta Ayaz Məmmədovun qarşılaşması heç-heçə başa çatıb.

Qadınlar arasında dünya çempionu, Çin təmsilçisi Hou Yifanın ilk qarşılaşmada rəqibi azərbaycanlı beynəlxalq usta Nicat Ağayev olub. Daha üstün oyun sərgiləyən çinli zəka sahibi ilk turu qələbə ilə başa vurub. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov isə türkiyəli şahmatçı, FİDE ustas Ege Köksal ilə görüşüb. Mübarizə Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Naxçıvan zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov ilk görüşündə beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova ilə üz-üzə gəlib. Görüşdə P.Qasımovun qələbə qazanıb. Digər həmyerlimiz FİDE ustası Ürfan Sevdimalıyev FİDE ustası Nail Bəşirli ilə üz-üzə gəlib və görüş heç-heçə başa çatıb.

Bu turda türkiyəli FİDE ustası Arat Ufuk Sezen fransız Bakrot Etienlə mübarizə aparıb. Türkiyə təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib və xalları yarı bölüblər. Qrossmeyster Eltac Səfərlinin ilk rəqibi isə naxçıvanlı şahmatçı Orxan Abdulov olub. Bu qarşılaşma E. Səfərlinin qələbəsi ilə başa çatıb. Ukrayna şahmatçısı Vladimir Baklan İran şahmatçısı, FİDE ustası Aryan Qulamini, ukraynalı qrossmeyster Vladimir Onişşuk Azərbaycan şahmatçısı, beynəlxalq usta Bəhruz Rzayevi məğlub edib.

Turun digər qarşılaşmalarında isə Hindistan şahmatçısı Gupta Abhijeet azərbaycanlı şahmatçı Vüqar Əsədli ilə, rusiyalı şahmatçı, qrossmeyster Alaksandr Xalifman FİDE ustası, gürcüstanlı Georgi Sibaşvili ilə, holland şahmatçısı Sergey Tivyakov azərbaycanlı, beynəlxalq usta Misratdin İsgəndərovla heç-heçə oynayıblar.


Müəllif:

Oxşar xəbərlər