İlk Avropa Oyunlarını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.
Bu barədə Teleqraf.com-a Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya da daxil olmaqla, ümumilikdə Bakı-2015-in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatdan keçib.
Oyunların açılış və bağlanış mərasimlərinin işıqlandırılması üçün isə 500 müxbirin və 250 fotomüxbirin iştirakı nəzərdə tutulur.
Həmçinin media nümayəndələrinin kartlarının alınması ilə bağlı məsələyə aydınlıq gətirib. Qeyd olunub ki, ilk Avropa Oyunlarını işıqlandırmaq üçün aparılan qeydiyyat prosesi aprelin 3-də başa çatıb. Hazırda qəbul olunan müraciətlər dəyərləndirilir və həmin nümayəndələrə təsdiq cavabları göndərilir.
Media nümayəndələri akkreditasiya kartlarına mayın 29-dan başlayaraq sahib ola biləcəklər. Yerli media nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər.